İçərişəhər ərazisində Qala divarının bir hissəsində baş vermiş qismən dağılma ilə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən dərhal operativ tədbirlər görülmüşdür.
Redaktor.az xəbər verir ki, hazırda əraziyə yüksək ixtisaslı mütəxəssislər cəlb olunmuşdur. Mütəxəssislər qrupu uzun illər beynəlxalq təcrübəyə malik olmaqla yanaşı, Azərbaycanda da bir sıra mühüm tarixi abidələrin bərpasında iştirak etmişdir. Onların həyata keçirdiyi layihələr sırasında Qız qalası, Qoşa Qala qapısı, Şirvanşahlar Sarayı Kompleksi və digər mühüm abidələr yer alır.
Mövcud fəaliyyət planına uyğun olaraq, ilkin mərhələdə təcili konservasiya və sabitləşdirmə tədbirləri həyata keçiriləcəkdir. Bu tədbirlər zədələnmiş sahənin daha da deformasiyaya uğramasının qarşısını almağa və konstruksiyanın dayanıqlığını təmin etməyə yönəlib.
Növbəti mərhələdə ərazidə ətraflı texniki və mühəndis-ekspertiza qiymətləndirilməsi aparılacaqdır. Qiymətləndirmənin nəticələrinə əsasən, Qala divarının zədələnmiş hissəsinin elmi əsaslandırılmış bərpası həyata keçiriləcəkdir.
Qeyd edək ki, bu yanaşma daha əvvəl İçərişəhər ərazisində həyata keçirilmiş digər bərpa layihələrində uğurla tətbiq olunmuşdur.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bildirir ki, ölkəmizin ən mühüm tarixi-mədəni irs nümunələrindən olan qala divarlarının qorunması prioritet vəzifədir. Qala divarlarında son illər ərzində hissəvi bərpa və konservasiya tədbirləri sistemli şəkildə həyata keçirilmişdir. Hazırda bu tədbirlər mərhələli plan çərçivəsində davam etdirilir və İsmailiyyə Sarayına bitişik hissəni əhatə edir.
Qeyd olunmalıdır ki, aşınma hadisəsinin baş verdiyi 13 və 14 saylı bürclərin kəsişmə hissəsində indiyədək hər hansı bərpa və ya restavrasiya müdaxiləsi həyata keçirilməmişdir. Aşınmaya əsas səbəb son günlər müşahidə olunan aramsız atmosfer yağıntıları nəticəsində yaranan rütubət və təbii erroziya prosesləridir.
Aparılacaq bütün bərpa işləri yüksək dəqiqlik, xüsusi həssaslıq və beynəlxalq standartlara uyğun şəkildə həyata keçiriləcəkdir. Məqsədimiz abidənin tarixi autentikliyini qorumaqla onun uzunmüddətli dayanıqlığını təmin etməkdir.
Prosesin gedişatı barədə ictimaiyyətə mütəmadi olaraq məlumatlar veriləcəkdir.

