RU

“PUTİNİN ÇIXIŞI BU NİYYƏTLƏRİ BİR DAHA İFŞA ETDİ...” “Rusiya Qarabağı “unutmursa” Bakıda da Şimali Qafqazı xatırlayacaqlar”

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fərhad Məmmədov: “Azərbaycan sülhməramlıların Qarabağdakı özbaşınalığını, “Vardanyan layihəsi”ni unutmayıb”

“Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında baş tutan son görüş həm nümayiş olunan ziddiyyətlər, həm də pərdəarxası məqamların üzə çıxması ilə yadda qaldı. Görüşdə müzakirə edilən bir çox mövzu Rusiya-Ermənistan münasibətlərinə aid olsa da, əslində bu mövzuların gündəmə gəlməsi Azərbaycanla Ermənistan arasında yaranmış yeni sülh gündəminin nəticəsidir”.

“AzPolitika” bildirir ki, bunu politoloq Fərhad Məmmədov “Teleqram” hesabında yazıb.

Ekspert xatırladır ki, Azərbaycanın Qarabağda və şərti sərhəddə atdığı addımlardan sonra Ermənistan hökuməti üçün Rusiya ilə münasibətlərdə geniş fəaliyyət imkanı yaranıb.

Onun sözlərinə görə, əvvəllər mövcud olan “Ermənistanın suverenliyi qarşılığında işğalın davam etdirilməsinə dəstək” formulu artıq qüvvədən düşüb: “Paşinyan açıq şəkildə “Qarabağ hərəkatı” mövzusunu bağladığını və Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edir. Lakin buna baxmayaraq, Putinin çıxışları göstərir ki, Qarabağ mövzusu hələ də Kremli narahat etməkdədir.

Prezident Putinin KTMT kontekstində Qarabağ mövzusuna toxunması uğursuz bir cəhd və açıq-aşkar manipulyasiya kimi görünürdü. Nikol Paşinyan isə bu manipulyasiyaya dərhal cavab verdi. Bakıdan reaksiya gecikmədi. Xarici İşlər Nazirliyi səviyyəsində verilən cavabda həm Rusiya XİN-in, həm də Rusiya Prezident Administrasiyasının fəaliyyətinə işarə vuruldu. Bakı yaxşı xatırlayır ki, vaxtilə Rusiya tərəfindən imzalanan fərmanlarda və Rusiya Sülhməramlı Kontingentinin (RSK) sənədlərində Azərbaycan Respublikasının adı qeyd olunmur, əvəzində keçmiş sovet dövründən qalma süni terminlərdən istifadə edilirdi”.

Politoloq vurğulayıb ki, Azərbaycan tərəfi RSK-nın Qarabağdakı özbaşınalığını, separatçılara Bakı ilə dialoqdan imtina etmək barədə verdiyi tövsiyələri, “Vardanyan layihəsi”ni və “statusun” gələcəyə saxlanıldığı Rusiya variantını unutmayıb: “Burada maraqlı bir sual yaranır: Niyə Paşinyan görüşdə xatırlatmadı ki, 2022-ci ilin oktyabrında Soçidə Rusiyanın sülh variantını 100% dəstəkləsə də, məhz Azərbaycan Prezidenti bu təklifi rədd etmişdi? Paşinyan Putindən bunun səbəbini və hadisələrin niyə bu yerə çatdığını soruşa bilərdi”.

Ekspert qeyd edir ki, Putinlə Paşinyan arasında Qarabağın Azərbaycanın tərkib hissəsi olduğuna kimin daha tez tanıması barədə mübahisə olduqca absurd görünür.

“Çünki danışıqlar prosesinin heç bir mərhələsində Qarabağ "mübahisəli ərazi" kimi nəzərdən keçirilməyib. Bakı yalnız regionun Azərbaycan tərkibindəki statusunu müzakirə edirdi. Lakin Rusiyanın niyyəti fərqli idi və Putinin çıxışı bu niyyətləri bir daha ifşa etdi. İndi Rusiya Qarabağdan getmiş ermənilərin hissləri ilə oynayaraq onlardan öz siyasi məqsədləri üçün növbəti dəfə istifadə etməyə çalışır”, - politoloq bildirib.

F.Məmmədov xatırladır ki, Azərbaycan və Ermənistan ağır müharibələrdən və itkilərdən sonra bir-birinin ərazi bütövlüyünü tanıyıblar. Hər iki dövlət sülh gündəmini irəli aparır və bu prosesdə heç bir kənar dövlətin "mentorluğuna" ehtiyac duymur: “Əgər Kreml Qarabağ mövzusunu qabartmağın Bakının sərt reaksiyasına səbəb olacağını bilərək bu addımı atıbsa, bilməlidir ki, həmin reaksiya artıq verilib. Rusiya bu addımları ilə Ermənistandakı rusiyayönümlü qüvvələrin şüurunu "zəhərləməyə" davam edir. Belə xülyalar isə erməniləri dəfələrlə fəlakətə sürükləyib. Son olaraq bir məqamı qeyd etmək lazımdır: Bəzi rusiyalı analitiklər dini fanatizmlə "Rusiyanın Qarabağ ermənilərini unutmadığını" deyirlər. Əgər Moskva bunu “unutmursa”, Bakı da Rusiyanın tərkibindəki Şimali Qafqaz, Volqaboyu və Sibir xalqlarını xatırlada bilər. Kaledoniyalılar, korsikalılar və siqhlər də bu məsələdə "şahidlik" edərlər”.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
48
azpolitika.info

1Источники