RU

Elmlə iradənin vəhdəti Misir Mərdanov yazır

525.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Misir MƏRDANOV AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

Hər bir insanın həyat hekayəsi yalnız faktlardan ibarət deyil, onun iç dünyası, keçdiyi sınaqlar və qəlbində yanan işıq həmin hekayənin ayrılmaz hissəsidir. Zakir Qarayev ömrü elə bir hekayədir ki, burada hər bir detal - uşaqlıq xatirələri, xeyirxah və ziyalı əməlləri, qarşısına çıxan çətinliklər, elmi axtarışlar və ictimai xidmətlər - onun şəxsiyyətini və müstəsna həyat yolunu səciyyələndirir.

İnsanların dünyaya xoşbəxt və ya xoşbəxt olmayan tale ilə gəlməsini dəqiq müəyyənləşdirmək, bu məsələyə birmənalı qiymət vermək çətindir. Çox şahidi olmuşuq ki, uşaqlığı xoşbəxt insanların sonrakı taleyi məşəqqətlər içində keçib, yaxud əksinə, uşaqlığı çətinliklərlə dolu olanların, ömür yolu yaxşılığa, uğurlara doğru inkişaf edib. Belə təzadlı tale ilə üzləşən insanlardan biri də dünya şöhrətli alim, tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Zakir Qarayevdir. Həyatda əldə etdiyi uğurlara baxanda onu xoşbəxt insan hesab etməmək mümkün deyil. 35 yaşında tibb elmləri doktoru elmi dərəcəsi alan Zakir Qarayev Azərbaycan Dövlət Tibb İnstitutunun Mərkəzi Elmi Tədqiqat Laboratoriyasının, o vaxtkı SSRİ-nin ən məşhur səhiyyə mərkəzlərindən biri hesab edilən Leninqrad (indiki Sankt-Peterburq) Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi-Tədqiqat Laboratoriyasının, on bir il SSRİ Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının Mikologiya və Dərin Mikozlar Elmi Mərkəzinin direktoru vəzifələrində çalışmışdır. Sovet dövrünün yazılmamış qanunlarına əsasən ən istedadlı insanların əyalətlərdən mərkəzə, Moskvaya və Leninqrada dəvət edilməsi kampaniyası çərçivəsində bu fenomenal  şəxsiyyətin də həmin dəvətlilər sırasında olması özü çox mətləblərdən xəbər verir. Ancaq bu və digər uğurların arxasında nə qədər zəhmət, istedad və inadkarlıq dayandığını yalnız onu yaxından tanıyan insanlar bilir.

Zakir Qarayev 1939-cu ilin noyabrında, İkinci Dünya müharibəsinin təzə başladığı ağır günlərdə dünyaya gəlmişdir. Onun dünyaya gəlməsindən bir az əvvəl atası Ömər Qarayev Sovet-Fin müharibəsi ilə əlaqədar hərbi xidmətə çağırılmış, ilk döyüşlərdə həlak olmuşdu. Ən çox nəvazişə, qayğıya ehtiyac duyduğu körpəlik illəri müharibə dövrünə, atasının qara kağızının gəldiyi günlərə təsadüf etmişdir. Anamın doğma əmisi qızı olan anası Saray xanım onu iki yaşına kimi öz yanında saxlaya bilib, sonra əmiləri Tapdıq və Kərim uşağı öz evlərinə aparıblar. Ancaq balaca Zakir 8 yaşına kimi valideynlərinin himayəsində yaşayan anasının yanına gedib-gəlir, onun istisini hiss edirmiş. 1947-ci ildə anası yeni ailə qurduğuna görə onunla əlaqələri tam kəsilir. Əmisi Tapdıq 1947-ci ildə ailə qurduqdan sonra həyat yoldaşı Gülxanım müəllimə uşağa ana nəvazişi ilə yanaşır, ona valideyn məhəbbəti göstərməyə başlayır. Ancaq məktəbdə müəllimə işlədiyinə görə onun Zakirə çox vaxt ayırmağa imkanı olmur. Digər əmisi əmisi Kərim Qarayev də ailə qurduqdan sonra Zakirə qayğı göstərmək Humay xanımın üzərinə düşür.

Həyatın sərt sınaqları, gənc əmilərin qayğısından o tərəfə keçməyən çətinliklərlə dolu uşaqlıq illəri, hərdən gözlərinin yaşını silməyə, başını tumarlamağa, üzünü öpməyə heç kəsin olmadığı bir şəraitdə Zakirin içində qarşısıalınmaz bir güc, erkən yaşda yaranmağa başlayan iradə və yetkinlik formalaşırdı. Tapdıq və Kərim əmiləri dünyadan nakam köçmüş qardaşlarının yeganə yadigarına geyim-kecimdə, yemək-içməkdə korluq vermək istəməsələr də, müharibədən sonrakı illərdə bütün ölkədə olan aclıq, qıtlıq öz sözünü deyirdi. Ancaq nə etmək olardı, Zakirin taleyi onu müharibənin ən qaynar günlərində dünyaya gətirmiş, uşaqlıq illəri də ehtiyac dolu ən çətin illərə təsadüf etmişdi. Üstəlik, ata-anasız, əmiləri və onların həyat yoldaşlarının ümidinə qalan, dünyanın ucqar nöqtələrinin birində böyüyən yetim bir uşağın gələcəyin çox məşhur şəxsiyyətinə çevriləcəyini heç kəs təxmin edə bilməzdi, elə özü də...

Ancaq daxilindəki qüvvənin və uca Yaradanın yazdığı taleyin hökmü başqa idi... O, həyatı dərk etdikcə çoxlarına ata-ana bəxş edən və ya analı, ya da atalı edən bu qəribə dünyanın haqsızlıqlarına için-için acıyır, gecələr heç kəs görməsin deyə yorğan altında xısın-xısın ağlayırdı. Bu qaranlıq, sıxıntılı günlərdə də inanırdı ki, nə vaxtsa günəş doğacaq, onun ümidləri çin olacaq, arzuları gerçəkləşəcək. Buna görə də o, iki amalı unutmamalıdır: var gücüylə çalışmalı və ruhdan düşməməlidir.

Onun üzünü görmədən kəndlərindən 4 min kilometr uzaqda qəhrəmanlıqla həlak olan atası Ömər bilmədi ki, oğlu olacaq, adını Zakir qoyacaqlar, oğlu bir zaman Rusiyanın ən məşhur təbiblərindən  biri kimi tanınacaq, atasının adını ruslara əzbərlətdirəcək, "Zakir Omaroviç" deyiləndə ruhu şadlanacaq. Deyə də bilməyəcək ki, "Ay oğul, axı mən sənin üçün heç nə edə bilmədim, amansız müharibə imkan vermədi ki, sənə bir cüt ayaqqabı alım, əlindən tutub məktəbə aparım, sən məni niyə belə uca tutursan? Bilirəm ki, adın Zakirin mənası ərəbcə "xatırlayan", "yaddaqalan", "xeyirxah işlərə yönəlmiş bir insan" deməkdir. Sən də atanı, elini, obanı, xalqını unutmadın, ruhum sənə kömək olsun!"

...Hələ XX əsrin 40-cı illərinin sonu idi, dağların qoynunda yerləşən Göyərçin kəndində balaca Zakir məktəbə gedirdi. Həyatın ən pis üzünü görmüş, atasız, anasız böyümüş, sinfin ən yaxşı şagirdi, geyim-keciminə görə heç kəsdən geridə qalmayan gənc orta məktəb illərində bu paradokslarla sinif yoldaşlarından seçilirdi. Yaxşı xatırlayıram, mənim də dünyaya gəldiyim Göyərçin kəndində yalnız ibtidai məktəb olduğuna görə uşaqlar beşinci sinifdən başlayaraq təhsillərini 4-5 kilometr aralıda yerləşən Polad kənd məktəbində davam etdirirdilər. 11-12 yaşlarından etibarən qarlı-çovğunlu günlərdə səhər saat 8-də dərsə çatmaq üçün 7-də evdən çıxan, sərt şaxtalı havalarda qaranlıq vaxtı yol gedən bu uşaqlar Göyərçindən Polada kimi həyatın bərkinə-boşuna düşüb, necə deyərlər, "polad kimi bərkiyirdilər". Onsuz da uşaqlıq illəri çətin keçən Zakir bu yollarda bir az da bərkidi, fikirləri, amalları, məqsədləri qətiləşdi.

Yeri gəlmişkən, Zakir Qarayevlə qohumluq əlaqələrimiz haqqında da yazmaq istəyirəm. Onun atası və əmiləri bizə uzaq qohum olsalar da, mən onu xalaoğlu adlandırırdım. Yuxarıda qeyd etdiyim kimi, əmiləri Tapdıq və Kərim ailə qurduqdan sonra da doğmalıq, mehribanlıq və qayğıkeşlik davam etmiş, Zakir onların ailəsində ilk uşaq kimi böyümüşdür. Yaxşı xatırlayıram ki, Tapdıqla Kərim iki qardaş olaraq 1980-ci illərin sonuna qədər bir evdə yaşayırdılar. Onların həyat yoldaşları - Gülxanım müəllimə və Humay xanım da Zakirə doğma övladları kimi yanaşır, onu balalarından ayırmırdılar. Hər biri Zakiri öz övladı hesab etdiyinə görə Tapdığın bir qızı iki oğlu, Kərimin isə iki qızı bir oğlu olsa da, soruşanda Tapdıq da, Kərim də dörd övladları olduğunu deyərdilər. Yalnız Zakirin doğma anası anamın əmisi qızı olduğuna görə yox, həm də Kərimin həyat yoldaşı, ona analıq etmiş Humay, xalam olduğuna görə mən ona, o da mənə həmişə "xalaoğlu" demişik.

Zakir Polad kənd orta məktəbini yüksək göstəricilərlə bitirib 1956-cı ildə həyat yolunu davam etdirmək üçün Bakıya yola düşdü və həmin il Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki ATU) Sanitariya-gigiyena fakültəsinə daxil oldu. Bu, irəliyə doğru böyük bir addım idi, ancaq Zakirin həyat kredosunda dəyərlər başqa cür idi - hər addım növbəti yüksəliş üçün pyedestal rolunu oynayırdı. Tibb İnstitutunda da belə oldu, o, ali məktəbi Fərqlənmə diplomu ilə bitirdi. 1962-1964-cü illərdə təyinatla Qərbi Azərbaycanın (Ermənistanın) Çəmbərək (Krasnoselo) rayonunun Şorca kənd xəstəxanasında baş həkim vəzifəsində işləyərək qısa müddətdə bölgə əhalisinin dərin hörmətini qazansa da, yüksək amallar onu yenidən Bakıya - Azərbaycan Tibb İnstitutunun əyani aspiranturasına, "Mikrobiologiya" ixtisası üzrə elmi tədqiqatlarını davam etdirməyə qaytarmışdı.

Şorca xəstəxanası isə onun həyat yoluna ayrıca bir səhifə kimi yazıldı. Həmin illər həkimlərin az olması, fərqli xəstəliklərin tüğyan etməsi səbəbindən ölkədə türkəçarə müalicənin, müxtəlif "bilicilərin" göstərdiyi cürbəcür tibbi xidmətlərin "çiçəkləndiyi" dövr idi.  Şahidlər xatırlayırlar ki, işini gözəl bilən mütəxəssis, eyni zamanda qətiyyətli, mübariz xarakterli Zakir həkim mahalda xəstəliklərlə bərabər, həm də özünü "təbib" elan edən qaragüruhçularla mübarizə aparırmış. Pasiyentlərini əllərindən alan, getdikcə regionda böyük nüfuz sahibinə çevrilməyə başlayan bu cavan həkimi müxtəlif üsullarla sındırmağa çalışan qara qüvvələr sonda ağ bayraq qaldırmağa məcbur oldular. Parlaq zəka, güclü məntiq, analitik və həssas həkim təfəkkürü, xeyirxah və nəcib insani keyfiyyətlər Zakir Qarayevə dərin hörmət qazandırmışdı. Keçmiş maliyyə naziri Əvəz Ələkbərov danışırdı ki, "Atam ağır xəsarət alıb yorğan-döşəyə düşmüşdü, müxtəlif türkəçarə müalicələr, sınıqçılar, əsassız diaqnozlar heç bir fayda vermirdi, kişidən lap əlimizi üzmüşdük. Bu zaman məsləhət gördülər ki, qonşu kənddə cavan bir həkim var, xəstəni ona göstərin. Cil kəndindən Şorcaya gedib Zakir həkimi tapdıq, onun intensiv və səmərəli müalicəsi nəticəsində artıq üzünü qibləyə çevirdiyimiz atam günbəgün yaxşılaşmağa başladı, bir aydan sonra ayağa qalxdı və o hadisədən sonra əlli ildən artıq yaşadı. Bu insanda sehrli bir qüvvə, həkimlik intuisiyası, nikbinlik və böyük nəciblik gördük. Zakir həkimdən başqa heç kəs atamın sağalacağına inanmırdı. Axırda isə onun dediyi oldu".

Belə xatirələrin sayı onlarla, yüzlərlədir. İlk günlərdə "xalq təbabəti nümayəndələri"nin təhriki ilə qəbul edilməyən Zakir Qarayev iki ildən sonra təhsilini davam etdirmək, aspiranturaya daxil olmaq üçün Bakıya getmək istəyəndə camaat onu buraxmırmış. Getməyinin zəruriliyi aydın olandan sonra isə kənd camaatı elliklə onu yola salmağa çıxıb, qadınlar ağlaya-ağlaya yalvarıblar ki, ay oğul, oxuyandan sonra hökmən buraya qayıdarsan.

Ancaq söz versə də, bu vədinə əməl edə bilmir. 1964-1967-ci illərdə aspirantura təhsili, 1968-ci ildə "Polien antibiotiklərin immunogenezə təsiri" mövzusunda namizədlik dissertasiyası müdafiəsi, tibb elmləri namizədi elmi dərəcəsini aldıqdan sonra Elmi şuranın qərarı ilə Azərbaycan Dövlət Tibb İnstitutunun Mikrobiologiya və İmmunologiya kafedrasında assistent kimi saxlanılması ona kənd camaatına verdiyi sözə əməl etməyə imkan vermir. Yüksək intellekti, qeyri-adi işgüzarlıq xüsusiyyətləri, dürüstlüyü ona dərin hörmət qazandırır və 1969-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Mərkəzi Elmi Tədqiqat Laboratoriyasının müdiri vəzifəsinə təyinat alır. Ağır uşaqlıq illərində mənimsədiyi prinsipiallıq, məqsədyönlü fəaliyyət, yorulmazlıq və digər keyfiyyətlər onu daha böyük işlərə yönləndirir. Həmin illərdə laboratoriyaya rəhbərliklə yanaşı, doktorluq dissertasiyası üzərində də ciddi səylə çalışmağa başlayır. Lakin hamar olmayan həyat yolu, ədalətsizliklə barışmayan bu gənc alimin iclaslarda haqsızlıqlara qarşı açıq mübarizə aparması onun əldə etdiyi uğurlara qısqanclıqla yanaşan qüvvələri bir az da qıcıqlandırırdı. Ona müxtəlif istiqamətlərdən hücumlar edilir, doktorluq dissertasiyası üzərində işini tamamlasa da, müdafiə etməsinə imkan verilmirdi.

Yaxşı xatırlayıram, həmin dövrdə mən Bakı Dövlət Universitetində müəllim işləyirdim. Problemlərini insanlarla bölüşməyi xoşlamasa da, görüşlərimizin birində xalaoğlu dedi ki, bu laboratoriyanı yoxlayanların əlindən bezar qalmışam. Ətraflı soruşmağa cəhd etdim, o da ürəyini açdı, məlum oldu ki, Tibb İnstitutunun bəzi əməkdaşları, onun iclaslardakı cəsarətli çıxışlarını həzm edə bilməyənlər bu "ağzından süd iyi gələn kimsəsiz uşağı" (halbuki o vaxtlar 30 yaşı var idi) neytrallaşdırmaq üçün bütün vasitələrdən istifadə edirdilər. İnstitutun komissiyası gedir, Səhiyyə Nazirliyi gəlir, o gedir, rayon Partiya komitəsi gəlir, hamısı da qərəzçiliklə araşdırma aparır, necə deyərlər, fincanda fırtına yaradırdılar. Həmin günlərdə  Respublika Xalq Nəzarəti Komitəsindən növbəti yoxlama gəlmişdi, komissiyanın sədri də BDU-nun Mexanika-riyaziyyat fakültəsinin müəllimi Sabir Nəsibov idi. Zakir sıxıla-sıxıla dedi ki, "xalaoğlu, heç nə istəmirəm, nəyi istəyirlər, necə istəyirlər, yoxlasınlar, ancaq qərəzçilik etməsinlər". Doğrudur, mən fakültədə təzə müəllim işləyirdim, hələ rektor, nazir olacağım günlərə çox qalırdı, sözüm eşidilməyə bilərdi. Ancaq Sabir müəllimin ədalətli, ağa qara, qaraya da ağ deməyən insan olduğunu bilirdim, ona görə ürəklə müraciət etdim. Sabir müəllim də məni hörmətlə qarşıladı, bu yoxlamanı quran insanların Zakir Qarayevə qərəzli münasibət bəslədiyi barədə eşitdiyini dedi və yoxlamanın ədalətlə aparılacağına söz verdi. Həqiqətən, dediyi kimi də oldu...

Zakir Qarayev uşaqlığından həyatda qalib gəlməyi öyrənmişdi, heç bir çətinlik, məhrumiyyət onu qorxutmurdu. Yuxarılarda adamı, arxasında "dayısı" olmayan bu kimsəsiz cavan Allaha güvəndiyinə, ağlına, zəkasına, dürüstlüyünə əmin olduğuna görə heç kəsdən ehtiyat etmirdi, hər kəsin qüsurunu üzünə deməkdən, toplantılarda söz alıb yalançı dil pəhləvanlarını faktlarla ifşa etməkdən çəkinmirdi. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, uşaqlıq illərindən Zakirdə formalaşan bu xasiyyət onu cəmiyyətə yetkin, ədalətli, sözünü deməyi bacaran, cəsarətli şəxsiyyət kimi tanıtsa da, heç bir hadisəyə reaksiya verməyən, hamını yola verən, "ağrımayan başına dəsmal bağlamaq istəməyən" bəziləri üçün o, arzuolunmaz insan idi və bu keyfiyyət həyatının sonrakı mərhələlərində bəzən ona problemlər yaratmışdı. 

Laboratoriyada yoxlamalar isə davam edir, Xalq Nəzarəti Komitəsindən sonra başqa qurum, sonra daha biri, o biri və beləcə Zakir Qarayevi bezdirənə, ruhdan salana kimi dayanmırdı. Axı səbrin də hüdudu, iradənin, dözümün də bir həddi var. Haqsız hücumlara, əsassız ittihamlara, böhtanlara sinə gərmək və bu maneələri dəf etmək üçün ən düzgün qərarı qəbul edir: namizədlik dissertasiyasını hazırladığı Leninqrada getmək! - Onsuz da elmi rəhbəri, dünya səviyyəsində tanınmış alim, Rusiyanın Əməkdar elm xadimi, SSRİ Dövlət mükafatı laureatı Pavel Nikolayeviç Kaşkin dəfələrlə istedadlı yetirməsinə dəvət göndərmiş, ancaq o, vətəndə qalmağa üstünlük vermişdi. 1974-cü ildə dedi-qodudan, məntiqsiz ambisiyalardan qurtulmağın çarəsini birdəfəlik Leninqrada köçməkdə görür.

Bakıdan fərqli olaraq orada Zakir Qarayevi rəğbətlə, ehtiramla qarşılayırlar. Tezliklə doktorluq dissertasiyasını müdafiə etmək üçün Elmi Şura toplanır. Ermənistanda Azərbaycan dilində kənd orta məktəbini bitirən 35 yaşlı gənc Leninqrad Elmi Tədqiqat Antibiotiklər İnstitutunda rus dilində "Antibiotiklərin orqanizmin immunoreaktivliyinə təsir mexanizminin tədqiqi" mövzusunda doktorluq dissertasiyası müdafiə edir. Bununla Qaraqoyunlu dərəsinin elm tarixinə yeni bir səhifə yazılır və o, tibb sahəsində ilk elmlər doktoru kimi tarixə düşür.

Müdafiə prosesində Zakir Qarayevin verilən suallara dolğun və məntiqli cavabları, rus dilində səlis nitqi zala toplaşan alimlərin xoşuna gəlir. Oradaca bu dərin zəka sahibinə müxtəlif vəzifələr təklif edilir. Ancaq Zakir elmi rəhbərinin tövsiyəsi ilə ixtisasına uyğun Leninqrad Dövlət həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi-Tədqiqat Laboratoriyasında baş elmi işçi vəzifəsini seçir. Bir az sonra həmin İnstitutun Elmi-Tədqiqat laboratoriyasının müdiri, 1982-ci ildə isə SSRİ Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının Dərin Mikozlar Elmi Tədqiqat Mərkəzinin direktoru vəzifələrinə təyinat alır və 1993-cü ilə qədər Mərkəzin direktoru vəzifəsində fəaliyyət göstərir. Həmin illərdə tibb elmləri doktoru, professor Zakir Qarayev öz sahəsində dünyanın tanınmış və söz sahibi olan nüfuzlu alimlərindən biri sayılırdı. 300 nəfərlik böyük kollektivə, 200 çarpayılıq klinikaya və immunologiya laboratoriyasına rəhbərlik edən azərbaycanlı alim ABŞ, İngiltərə, Fransa, Almaniya, Kanada, Braziliya, Yaponiya, Yuqoslaviya, Misir, Macarıstan, Polşa, İtaliya və digər ölkələrin müvafiq elmi mərkəzləri ilə əməkdaşlıq edir, bu ölkələrdə keçirilən beynəlxalq elmi konfranslarda, qurultaylarda və simpoziumlarda təkcə Sovet İttifaqının nümayəndə heyətinin rəhbəri kimi deyil, həm də yüksək səviyyəli alim, peşəkar mütəxəssis kimi ingilis və alman dillərində məruzələrlə çıxış edir, mühazirələr oxuyurdu. İmmunologiya və mikozlar üzrə SSRİ kimi nəhəng bir ölkənin baş mütəxəssisi olan bu azərbaycanlı balasının aldığı ciddi elmi nəticələrlə artıq dünyanın hər yerində hesablaşırdılar.

Ən maraqlı olaylardan biri o vaxtkı SSRİ-də böyük nüfuz sahibi olan Pavel Nikolayeviç Kaşkinin Zakir Qarayevə münasibəti olmuşdu. Böyük şəxsiyyət istedadına güvəndiyi tələbəsinin uğurlarına sevinməklə kifayətlənmir, onu öz yerinə yetişən yeganə namizəd görür. Baxmayaraq ki, Zakir Qarayev ucqar əyalətdən gəlib, dili, dini ayrıdır və Leninqradda da Pavel Kaşkinin onlarla davamçısı, o cümlədən Zakirlə bir gündə doktorluq dissertasiyası müdafiə edən oğlu var, ancaq istedadına, bacarıqlarına, işgüzarlığına görə Kaşkin məhz Zakiri seçir.

1982-ci ildə SSRİ Səhiyyə Nazirliyinin və Ümumdünya Səhiyyə Təşkilatının Dərin Mikozlar Elmi Tədqiqat Mərkəzinin direktoru vəzifəsindən istefa verərək Zakir Qarayevi həmin yerə namizəd kimi təqdim edir. Direktorun təsdiqindən sonra Kaşkin həmin Elmi Tədqiqat Mərkəzi üçün dövlətdən torpaq sahəsi ayrılmasına və yeni binanın tikintisinə icazə alır. O vaxta kimi ayrı-ayrı təşkilatların nəzdində yerləşən müstəqil Elmi Tədqiqat Mərkəzi üçün yeni korpusun layihəsini hazırlamağı isə Zakir Qarayevə həvalə edir. Nə qədər acı günlər, sərt münasibət, ögey rəftar görsə də, Zakir vətən nisgilini unuda bilmir və həmin mərkəz üçün layihə hazırlayan quruma binanı Qız qalasına oxşar düzəltməyi xahiş edir. Layihə qrupunu Bakıya göndərir, Qız qalasının şəklini müxtəlif rakurslardan çəkirlər və fərqli variantlar arasından ən çox bəyəndiyini seçir. Bu günə kimi Sankt-Peterburqun mərkəzində əzəmətlə ucalan həmin binanın niyə Qız qalasına oxşadığını çox adam bilmir.

1985-ci ildə səs tellərimdə problem yaranmışdı, belə xəstəlikləri el arasında "müəllimlərin peşə xəstəliyi" adlandırırlar. Gənc müəllim olduğuma görə bəzən ağsaqqallar öz dərslərini mənə tapşırırdılar, ona görə həftədə bir neçə gün 4-6 saat mühazirə oxuyur, məşğələ dərsləri aparır, seminarlarda çıxışlar edirdim, üstəlik, dekan müavini kimi tələbələri vaxtında dərsə yönəltmək və digər bu kimi işlər səs tellərimi əməlli-başlı sıradan çıxarmışdı. İndi yaxşı həkim axtaranda Türkiyəyə, yaxud Almaniyaya getdiyimiz kimi, o vaxtlar ya Moskvaya, ya da Leninqrada (indiki Sankt-Peterburq) üz tutardıq. Bunun əsas səbəbi o deyildi ki, Bakı əyalət idi və burada yaxşı həkim tapmaq olmazdı. Əsas səbəb o idi ki, keçmiş SSRİ-nin bu iki mərkəz şəhəri həm texniki baxımdan yaxşı təchiz edilir, həm də bütün Sovet İttifaqının ən istedadlı həkimləri, mütəxəssisləri  oraya göndərilirdi.

...1985-ci ildə səs tellərimin müalicəsi üçün Leninqrada - xalam oğlu Zakirin yanına getməyi qət etdim. Zakir müəllim məni və ailə üzvlərimi Rusiyada görmədiyimiz, ancaq qafqazlılara xas olan böyük səmimiyyət və hörmətlə qarşıladı. O dövrdə çox müşkül olan problemləri - oteldə yer almaq, növbədənkənar müayinə edilmək, bir həftə intensiv müalicə qəbul etmək kimi məsələləri o, bircə zəngi ilə həll etdi. Leninqrad kimi böyük bir şəhərdə, yad adamların, başqa xalqın nümayəndələri arasında onun nə qədər böyük nüfuz sahibi olduğunu gözlərimlə gördüm. Adi otellərdə yer olmadığı yay aylarında bizi ölkənin ən məşhur "Qostinniy dvor" otelində yerləşdirdilər. Xəstəxanalarda "Zakir Omaroviçin yaxınları" statusu ilə xüsusi ehtiramla qəbul edir, həkimlər başımıza fırlanır, laboratoriya əməkdaşları, texniki işçilər yanımızdan əl çəkmirdilər. Qısası, bir həftə ərzində gördüyüm və ömrüm boyu unuda bilmədiyim xoş təəssüratların şahidi oldum. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, Zakir Qarayevdə bir həkim həssaslığı var idi, mənim müayinə prosesimə çox tanınmış rus həkimləri cəlb edilsə də, yekun diaqnozu və müalicə istiqaməti ilə bağlı son qərarı o verdi. Sirr nədə idi, dəqiq bilmədim, ancaq səs tellərimdə bir də problem olmadı...

Yuxarıda yazdığım kimi, hələ gənc yaşlarında Şorca xəstəxanasında öz təbiblik məharəti ilə böyük şöhrət qazanmışdı. Baxmayaraq ki, yetim, kimsəsiz uşaq 16-17 yaşlarında ali məktəbə qəbul olunmaq üçün Bakıya gələndə ona layiq olduğu yüksək qiymətləri yazmamışdılar, o da istədiyi Müalicə işi fakültəsinə yox, müsabiqə yolu ilə Sanitariya-gigiyena fakültəsinə daxil ola bilmişdi. Ancaq inadkar, prinsipial, çalışqan Zakir keçdiyi dərslərlə paralel arzusunda olduğu fakültədə tədris edilən fənləri də öyrənməyə, imkan düşdükcə ixtisas mühazirələrində iştirak etməyə başlamışdı. Öz daxili potensialı, həkimlik hissiyyatı, peşəyə ürəkdən bağlılığı onu çox məharətli təbibə çevirmişdi. Yaxşı xatırlayıram, nazir işlədiyim vaxtlarda bir dəfə yaxın qohumlarımdan birinin ağ ciyərlərində ciddi problem yaranmışdı. Mən bu işdən xəbər tutanda bir qədər gec idi və zəng etdiyim həkimlərin, xəstəxana rəhbərlərinin hamısı "bu uşaqdan əlinizi üzün" tipli cavab verdilər. Müraciət etdikləri klinikada diaqnoz düzgün qoyulmadığına və müalicə səhv aparıldığına görə ciddi fəsadlar yaranmışdı. Valideynləri mənə gec xəbər verdiklərinə görə nə qədər tənbeh etsəm də, bunun mənasız olduğunu görüb çarə düşünməyə başladım. Yadıma düşdü ki, Zakir xalaoğlu Bakıdadır və onun sahəsi olmasa da, təcrübəsi böyükdür, onsuz da xəstədən əlimizi üzmüşük, bəlkə o bir tədbir görər.

Zəng etdim, təcili uşağı yanına aparmağı tapşırdı. Qeyd edim ki, bu qədər həkimin, tanınmış klinikaların imtina etdiyi, şəfa verə bilmədiyi, həyat-ölüm dilemmasının sərhədinə gətirib çıxardıqları xəstəni Zakir Qarayev qısa müddətdə sağaldıb ayağa qaldırdı. Həmin gənc indi ailə də qurub, uşaqları da var, özünü də tam sağlam hiss edir. Zakir həkimin insan orqanizmi qədər mürəkkəb bir sistemi incəliklərinə qədər bilməsi, həssaslıqla duyması, dəqiq diaqnoz qoyması çox heyrətamiz bir hadisə idi, buna bir daha şahid oldum.

Ötən əsrin 70-80-ci illərində xüsusi istedadı ilə seçilən mütəxəssislərin SSRİ-nin mərkəzi şəhərlərinə, Moskva və Leninqrada cəlb edilməsi, bir növ dövlət siyasətinin tərkib hissəsi idi. Digər müttəfiq respublikalara nisbətən yüksək əmək haqqı almaq, böyük bir ölkənin paytaxtında, yaxud ikinci paytaxtında (Leninqradda) mənzil və vəzifə ilə təmin edilmək, eyni zamanda yaşayıb işləmək üçün münbit şərait olduğuna görə gənclər məmnuniyyətlə belə təklifləri qəbul edirdilər. Bununla yanaşı, onlar özləri də hiss etmədən güclü təbliğat maşınının milli hissləri beynəlmiləlçiliklə (ancaq əslində ruslaşdırma ilə) əvəz etməyə yönəltdiyi siyasətin qurbanına çevrilirdilər. Bütün digər sahələrdə olduğu kimi, tibb üzrə ən istedadlı  insanların müxtəlif arqumentlərlə Rusiyaya cəlb edilməsi keçmiş SSRİ-nin səhiyyə mərkəzlərində tanınmış azərbaycanlı həkimlərin fəaliyyət göstərməsinə səbəb olmuşdur. Etiraf etmək lazımdır ki, riyaziyyat, fizika və digər sahələr üzrə tanınmış alimlər xüsusi maraq doğurmadığı halda, Azərbaycandan müalicə edilmək üçün Moskvaya, Leninqrada gedən həmyerlilərimiz ilk növbədə öz soydaşlarını axtarıb onların yanında müalicə aldığı üçün bəzən bu həkimlər Azərbaycanda daha çox məşhur olurdular. Hələ bu günə kimi də orada çalışan dünya şöhrətli həkimlər olduğu kimi, bəzi tanınmış simalar, Əhliman Əmiraslanov, Cəmil Əliyev və digərləri vaxtilə Bakıya dəvət olunmuşdular. Belə maraq doğuran həkimlərdən biri də Zakir Qarayev olmuşdur. Keçmiş daxili işlər naziri və Dövlət müşaviri Məhəmməd Əsədov ailə üzvlərindən birinin səhhəti ilə əlaqədar Leninqradda olarkən Zakir Qarayevi tanımış və onun qeyri-adi fitri istedadına, həmçinin şəhərdəki böyük nüfuzuna heyran olmuşdu. 1991-ci ildə yüksək vəzifələrdə olarkən o vaxtkı ölkə rəhbərinin ən yaxın kadrlarından biri kimi, səhiyyə naziri vəzifəsinə namizəd məsələsi müzakirə edilərkən, birmənalı professor Zakir Qarayevi həmin yerdə gördüyünü, onun yüksək ixtisaslı həkim, böyük bir müəssisənin çox hörmətli rəhbəri olduğunu nəzərə alaraq nazir vəzifəsinə namizədliyini israrla təkid etmişdi. Zakir Qarayevin sənədlərini araşdırdıqda onun Rusiyada çox böyük nüfuz sahibi olduğu üzə çıxır, elmi dərəcəsi, rəhbərlik təcrübəsi və digər keyfiyyətləri, əsas amil kimi  Azərbaycandan kənarda yetişməsi məlum olduqdan sonra razılıq verilir və onu Bakıya dəvət edirlər.

Yaxşı xatırlayıram ki, 1991-ci il noyabrın 19-da Hökumət evinin həyətində Zakir Qarayevlə qarşılaşdım. Mən o zaman Ali və Orta İxtisas Təhsili Nazirliyində İdarə rəisi vəzifəsində çalışırdım və xalaoğlu Zakiri Bakıda görməyimə sevindiyim qədər də təəccüb etdim, uzun müddətdən bəri Leninqradda yaşayan, orada evi-eşiyi, yüksək vəzifəsi olan bu adam ilin-günün bu vaxtında Hökumət evinin həyətində nə edir. Soruşdum ki, xalaoğlu nə vaxt gəlmisən, xeyirdirmi, bəs niyə xəbər etməmisən, harada qalırsan? Dedi ki, işim var, bir neçə günlüyə gəlmişəm, oteldə qalıram, narahat olma. Gördüm ki, nə isə mənə açıq demək istəmir, mən də çox dərinə getmədim.

Bir qədər üstündən ötəndən sonra bildim ki, onu səhiyyə naziri təyin etmək üçün Bakıya dəvət edibmişlər. Demə, bərk-bərk bu barədə heç kəsə bir kəlmə də  deyilməməsi tapşırıldığına görə mənə də "narahat olma" deyən Zakir Qarayevin həmin dəqiqələrdə Hökumət evində sənədlərini hazırlayırmışlar, səhəri günü onu Prezident qəbul edəcəkmiş. Noyabrın 20-də Qarakənd səmasında baş verən vertolyot qəzası isə bu planın üstündən xətt çəkdi.

Onu da qeyd etmək istəyirəm ki, uşaq vaxtı anasından ayrıldıqdan sonra uzun müddət onunla da, onun yeni qurduğu ailədə dünyaya gələn uşaqlarla da heç bir əlaqəsi olmamışdı. Ətrafdakı insanların müxtəlif söz-söhbəti, özünün dünyanı dərk etdikcə yalqız qalmasının səbəbkarı hesab etdiyi anasından inciməyi və digər amillər onun ürəyində həmin qadına qarşı soyuqluq yaratmışdı. Ancaq ömrün müəyyən mərhələsində dünyanı daha dərindən dərk etmək imkanı yaranır və həmin yaşlarda həqiqət daha aydın görünür. 1991-ci ildən başlayaraq Zakir Qarayev anasını axtarıb tapmış, onunla və ögey bacı-qardaşları ilə ünsiyyət yaratmışdı. Yaxşı xatırlayıram, danışırdılar ki, anasının səhhəti ilə bağlı problemlərə, o uşaqların işə düzəlməsinə, təhsil məsələlərinə, maddi çətinliklərinin qarşılanmasına və digər qayğılara Zakir xüsusi diqqət ayırmış, sanki illərin günahlarını yumağa çalışmışdı.

1992-ci ildə keçmiş Sovet İttifaqında tanınmış bir neçə soydaşımızla yanaşı, Zakir Qarayevi Leninqraddan Azərbaycana dəvət etmişdilər. Yüksək vətənpərvər bir insan olan Zakir həkim bu dəvəti qəbul edərək doğma vətəndə yaşamaq qərarına gəlmiş və bütün karyerasını, nüfuzunu, ev-eşiyini, əlaqələrini Rusiyada qoyaraq Bakıya köçmüşdü.

İkinci dəfə səhiyyə naziri vəzifəsinə təyinatla əlaqədar hadisə 1993-cü ildə baş verdi. Ancaq müxtəlif səbəblərdən bu dəfə də onun arzusu çin olmadı.

Səhiyyə sistemində müəyyən planları olan, ancaq aparılan islahatları həmin istiqamətdə görməyən cəsarətli, sözünü deməyi bacaran Zakir Qarayevin 1993-cü ildə rəsmi tədbirlərdə, əhalinin sağlamlığı ilə bağlı aparılan müzakirələrdə elmi dəlillərə söykənən sərt çıxışları onun tutduğu vəzifədən azad edilməsinə səbəb olur, az sonra isə infarkt-miokard keçirir və bir müddət Mərkəzi klinik xəstəxanada müalicə olunur. Yaxşı xatırlayıram, həmin vaxtlarda mən BDU-da prorektor vəzifəsində çalışırdım, xalam oğluna xəstəxanada baş çəkəndə vəziyyətinin yaxşı olmadığının şahidi olmuşdum.

Xəstəxanadan çıxandan sonra Zakir xeyli müddət işsiz qaldı, bununla belə, müxtəlif xarici ölkələrdən, o cümlədən Rusiyadan gələn təklifləri də qəbul etmədi. Nəhayət, "Odlar yurdu" universitetinin Tibb fakültəsinin dekanı vəzifəsinə razılıq verdi və 1998-ci ilə kimi orada işlədi. Həm maddi sıxıntılar, həm də onun dünyagörüşünə uyğun gəlməyən hallar Zakir müəllimin 1998-ci ildə İstanbul Universitetinin Tibb fakültəsində, Mikrobiologiya və İmmunologiya kafedrasında professor kimi fəaliyyətə başlaması ilə nəticələnmiş və o, 2001-ci ilə qədər bu vəzifədə çalışmışdır.

Türkiyədə üç ilə yaxın çalışdıqdan sonra vətən həsrəti yenidən onu Bakıya qaytarır. 2001-ci ildən 2004-cü ilə qədər "Odlar yurdu" universitetinin Tibb fakültəsinin dekanı və kafedra müdiri vəzifəsində fəaliyyət göstərir, nəhayət, 30 il əvvəl - 1974-cü ildə ayrıldığı Azərbaycan Tibb Universitetinə,  Mikrobiologiya və İmmunologiya kafedrasına müdir kimi qayıdır.

Burada o, Azərbaycan, rus və ingilis dillərində mühazirələr oxumaqla yanaşı, immunologiya və immunopatalogiya, dərin mikozlar, assosiativ infeksiyalar, nozokomial infeksiyalar sahəsində elmi tədqiqatlarını davam etdirir. Zakir Qarayev 2004-2016-cı illərdə Azərbaycan Tibb Universitetinin nəzdində fəaliyyət göstərən FD 03.014 Dissertasiya Şurasının sədri, 2013-2014-cü illərdə Sankt-Peterburqda nəşr olunan "VİÇ-infeküiə i immunosuprussii" jurnalının redaksiya heyətinin üzvü olmuşdur. Həmin illərdə onun təşəbbüsü ilə "Azərbaycan tibbi mikrobioloqlar və immunoloqlar ictimai birliyi" təsis edilmiş, "İmmunitet və infeksiya jurnalı" dərc edilməyə başlamışdır.

O, yalnız yerli deyil, həm də beynəlxalq elmi sahədə tanınmış bir alim olmuşdur. Onun araşdırmaları, elmi məqalələri və təcrübəsi beynəlxalq konfranslarda təqdim edilmiş, dünyanın bir çox elmi mərkəzlərində yüksək qiymətləndirilmişdir. O, mikrobiologiya və immunologiya sahəsində apardığı araşdırmalarla dünya səhiyyəsində bir çox xəstəliklərin qarşısının alınması və yeni müalicə metodlarının yaradılmasına böyük töhfələr vermişdir.

Zakir Qarayev 4 monoqrafiyanın, 400-dən çox elmi əsərin, 4 dərsliyin və 1 dərs vəsaitinin, 7 ixtiranın müəllifidir. Məqalələrin 200-ə qədəri beynəlxalq elmi jurnallarda, o cümlədən 131-i xarici ölkələrin xüsusi reytinqli nüfuzlu elmi məcmuələrində nəşr olunmuşdur. Maraqlıdır ki, vəfatından 6 ilə yaxın vaxt keçməsinə baxmayaraq, hələ də onun elektron ünvanına dünyanın fərqli ölkələrinin tanınmış alimləri tərəfindən müxtəlif elmi məsləhətlərlə bağlı müraciətlər daxil olmaqdadır. Bu gün də professor Zakir Qarayevin elmi fəaliyyətinin göstəricisi olan Hirş indeksi Azərbaycanda tibb elmi sahəsində ən yüksək səviyyələrdən birini təşkil edir. Dünyanın müxtəlif elmi jurnallarında nəşr edilmiş 63 elmi əsərinin "xülasəsi" ABŞ-ın Milli Səhiyyə İnstitutunun Milli Tibb Kitabxanasının rəsmi saytının internet portalında yerləşdirilmişdir.

2014-cü ildə Zakir Qarayev Azərbaycan Milli Elmlər Akademiyasına müxbir üzv seçildi.

Onun Tamerlan Əziz oğlu Əliyevlə birlikdə yazdığı "Tibbi mikologiya" kitabı mikoloji xəstəliklərin diaqnostikası və müalicəsi haqqında dünya alimləri tərəfindən qəbul edilən sanballı əsərlərdəndir. Zakir Qarayevin elmi rəhbərliyi ilə 70 nəfər elmlər namizədi hazırlamış, 46 nəfər elmlər doktoru dissertasiyasının elmi məsləhətçisi olmuşdur. Onun yetişdirmələrindən bir nəfər Rusiya Elmlər Akademiyasının həqiqi üzvü, iki nəfər isə müxbir üzvüdür.

Professor Zakir Qarayev taleyi sərt dönüşlərlə xarakterizə edilən insanlardandır. Bu dünyanın əksər sakinlərindən fərqli olaraq, onun həyatının şirin və acı, qara və ağ, uğurlu və amansız mərhələləri bir-birini çox sürətlə əvəz etmişdir. Minlərlə insana şəfa verən, insanların daxili orqanlarını, müalicənin haradan və necə başlanmasını Ultrasəs müayinə aparatı kimi dəqiqliklə görən bu həkim özü dəfələrlə ölümlə üzbəüz qalmış, öz problemlərinə çarə tapa bilməmişdir. Düşünürəm ki, uşaqlıq illərində keçirdiyi streslər, ana qayğısından uzaq böyüməsi, sonra həyatı boyu gördüyü müxtəlif çətinliklər onun səhhətində öz silinməz izlərini buraxmışdır. Digər tərəfdən, nəzəri cəhətdən sağlamlığın necə qorunmasını bizim hamımızdan yaxşı bilsə də, əməli baxımdan buna riayət etmirdi, daha çox ətrafdakı insanların səhhəti, cəmiyyətin problemləri haqda düşünürdü. Ürək çatışmazlığı ilə əlaqədar Mərkəzi klinik xəstəxanada müalicə aldığını qeyd etmişəm, belə kritik vəziyyətlərə bir neçə dəfə düşdüyünü də yazmaq istəyirəm.

Yaxşı xatırlayıram, 2018-ci ildə evdə idim, birdən xəbər gəldi ki, Zakirin vəziyyəti çox ağırdır. Təcili xəstəxanaya getdim və gördüm ki, kəskin böyrək sancısından əziyyət çəkir. Kənardan həkimlər briqadası dəvət etdim. Görülən tədbirlər nəticəsində vəziyyəti tədricən yaxşılaşmağa başladı. Az sonra xəstəxanadan çıxıb ögey bacısı Zemfira xanımın evinə gedib 6 ay orada müalicə olundu. 2019-cu ildən ara-sıra işə çıxsa da, kafedraya rəhbərlik etməkdə çətinlik çəkirdi. Bu səbəbdən rektorun adına ərizə yazaraq kafedrada məsləhətçi vəzifəsinə keçirildi.

Nəhayət pandemiyanın ölkəmizdə tüğyan etdiyi günlərdə, 2020-ci il noyabrın 24-də böyük alim və əvəzsiz şəxsiyyət, nə qədər çətinliklər görsə də, doğma vətənini hər zaman uca tutan vətənpərvər, Azərbaycanın adını Rusiyanın tibb tarixinə yazan qeyrətli insanlardan biri, AMEA-nın müxbir üzvü, professor Zakir Qarayev dünyasını dəyişdi və Badamdar qəbiristanlığında dəfn edildi. O vaxtlar dəfn mərasimlərinin keçirilməsi yasaq edilmişdi, hətta 10-15 nəfərin belə bir yerə toplaşması qadağan idi. Əgər icazə verilsəydi, onun şəfa verdiyi xəstələrin on nəfərindən biri, tələbələrinin, yetişdirmələrinin, həmkarlarının 20 nəfərindən biri, onun qayğısını görmüş insanların 50 nəfərindən biri mərasimdə iştirak edə bilsəydi, orada on minlərlə kədərli iştirakçı olardı. Ancaq belə olmadı, 10-15 nəfər ən yaxın qohum və iş yoldaşları onun dəfnini təşkil edə bildik.

Hər addımı ilə Azərbaycan səhiyyəsini beynəlxalq səviyyəyə qaldırmaq missiyasına xidmət göstərən, insan iradəsinin bütün çətinliklərə qalib gəlmək qüdrətini öz həyatı ilə sübut edən, ayrı-ayrı məmurlardan inciməyə haqqı olsa da, vətəndən heç vaxt küsməyən, zəkanın, mərhəmətin və ədalətin simvolu professor Zakir Qarayevin parlaq xatirəsi daim yaşayacaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
525.az

1Источники