RU

Nağdsız dövrdə nağd məcburiyyəti: Müştəriyə hörmətsizlik, ya sahibkarların sıxışdırılması? » AzadMedia.az



Yay aylarında Bakının mərkəzində yerləşən məşhur məkanlardan birində yaşadığım hadisənin təkrarı məni bu mövzuya toxunmağa vadar etdi. Xaricdə – Malayziyada təhsil alan qonaq tələbəmizlə birlikdə Tarqovıda yerləşən kafelərdən birində oturmuşduq. Hər şey normal keçirdi, ta ki hesab istənilənə qədər.
Ofisiant bildirdi ki, ödəniş aparatı işləmir və məbləği yalnız nağd şəkildə ödəmək mümkündür. Məcbur qalıb pulu nağd verdik. Hətta servis haqqı daxil olsa belə, ofisiantın kartına ayrıca çaypulu da göndərdim. Açığı, belə hallarla tez-tez rastlaşıram – kartdan karta ödəniş istənilir, mən də imkan daxilində anlayışla yanaşıram.
Lakin məsələ bununla bitmədi.
Dünən eyni məkana yenidən getdik. Bu dəfə də eyni problem: “aparat işləmir”. Üstəlik, kartdan karta ödəniş də qəbul olunmurdu. Üstümdə nağd pul yox idi. Çıxış yolu kimi ofisiantın mənimlə bankomata gəlməsini təklif etdilər. Qonağımın yanında bu vəziyyət açıq-aşkar narahatlıq yaratdı. Onu tək qoyub bankomat axtarmağa getdim. Təsadüfən tanış birinə rast gəldim, o mənə nağd pul verdi, mən də ona kart vasitəsilə qaytardım. O qədər inanılmaz vəziyyət idi ki, həmin şəxs belə hadisənin real olduğuna şübhə edib mənimlə geri qayıtdı.
Bütün bunlara baxmayaraq, yenə də ofisiantın haqqını verdim. Çünki anlayıram, problem onun yox, sistemindir.
Bu cür hallar təkcə müştəriyə hörmətsizlik deyil, həm də şəffaflığın pozulması deməkdir. Müasir dövrdə, nağdsız ödənişlərin geniş yayıldığı bir zamanda müştərini məcbur şəkildə nağd pula yönəltmək qəbuledilməzdir.
Dövlət Vergi Xidmətinə səslənmək istəyirəm: sahibkarlara elə şərait yaradın ki, onlar bu cür qeyri-şəffaf üsullara əl atmasınlar. Vergi yükü və nəzarət mexanizmləri balanslı olmalıdır ki, nəticədə həm sahibkar, həm də müştəri uduzmasın.
Müqayisə üçün Türkiyəni nümunə göstərmək kifayətdir. Orada ən kiçik məbləğ, bir stəkan çay belə POS-terminal vasitəsilə ödənilir. Nağd tələb olunmur. Çünki sistem işləyir və hər kəs bu sistemin bir parçasıdır.
Sonda isə həmin kafenin rəhbərliyinə sözüm var: əgər doğrudan da yalnız nağd ödəniş qəbul edirsinizsə, bunu əvvəlcədən açıq şəkildə qeyd edin. Müştəri yeməyini bitirdikdən sonra bankomat axtarmağa məcbur qalmasın. Bu, nə etikdir, nə də peşəkar yanaşmadır.
Biz yerli sakinlər bəlkə birtəhər uyğunlaşırıq, amma Bakıya gələn qonaqlar üçün bu, şəhər haqqında mənfi təəssürat yaradır. Bu isə artıq təkcə bir kafenin yox, ümumi xidmət mədəniyyətimizin problemidir.

Elnurə Abuşova
Избранный
3
1
azadmedia.az

2Источники