RU

"ABŞ Rusiyanı neytral vasitəçi kimi qəbul etmir" – Rəşad Bayramov

"İranlı politoloq tərəfindən irəli sürülən, İranın Rusiyanı ABŞ və İsraillə münaqişənin həllində vasitəçi kimi seçməsi ideyası bir tərəfdən məntiqli görünə bilər, amma bu təklifin reallaşması ciddi məhdudiyyətlərlə üzləşir. Moskvanın Tehranla uzun illərə dayanan strateji əməkdaşlığı, xüsusilə hərbi-texniki və regional məsələlərdə koordinasiyası, bu təklifi müəyyən qədər əsaslandırır. Lakin burada əsas sual ABŞ-nin belə bir vasitəçiliyə necə yanaşacağıdır. Mövcud reallıq göstərir ki, Vaşinqtonun Moskvaya olan etimadı elə də yüksək deyil. Xüsusilə də Rusiya-Ukrayna müharibəsinin dayandırılması ilə bağlı ABŞ təşəbbüslərinə Rusiya tərəfinin ciddi yanaşmaması etimadı daha da azaldıb. ABŞ hər nə qədər Rusiya-Ukrayna münaqişəsində Moskvaya daha yaxın görünsə də, onlar üçün Rusiya neytral vasitəçi deyil, əksinə, rəqib geosiyasi gücdür və bu səbəbdən onun vasitəçilik təşəbbüslərinə şübhə ilə yanaşılması ehtimalı yüksəkdir".

Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Rəşad Bayramov deyib.

Qeyd edək ki, İranın ABŞ və İsraillə silahlı münaqişənin həlli üçün vasitəçi kimi Rusiyanı seçməsi ideyası müəyyən geosiyasi məntiqə əsaslansa da, bu yanaşma birmənalı və risksiz seçim kimi qiymətləndirilə bilməz. İranlı politoloq Ruhullah Modabberin fikrincə, Moskva müxtəlif mərhələlərdə Tehranın strateji tərəfdaşı olduğunu sübut edib və bu baxımdan potensial vasitəçi kimi önə çıxır.

Siyasi şərhçi qeyd edib ki, digər tərəfdən, İsrailin Rusiyanın vasitəçiliyinə birmənalı yanaşacağı inandırıcı görünmür.

"Hərçənd Moskva ilə Tel-Əviv arasında müəyyən kommunikasiya kanalları mövcuddur, xüsusilə Suriyadakı hərbi koordinasiya çərçivəsində, lakin Rusiyanın İranla yaxınlığı İsrail üçün ciddi narahatlıq mənbəyidir. İran üçün isə, ilk baxışdan Rusiyanın vasitəçi kimi çıxış etməsi müəyyən üstünlüklər vəd etsə də, Tehranın da mövcud şərtlər daxilində Moskvanın vasitəçiliyinə isti yanaşmaması üçün kifayət qədər səbəblər var. Düzdür, Moskva Tehranın təhlükəsizlik narahatlıqlarını və regional prioritetlərini daha yaxşı anlayan aktorlardan biridir. Bu isə danışıqlar prosesində İranın mövqelərinin daha düzgün təqdim olunmasına və müdafiə edilməsinə şərait yarada bilər. Lakin bu üstünlüklərlə yanaşı risklər də az deyil. İranın Rusiyaya həddindən artıq etibar etməsi onun danışıqlarda manevr imkanlarını məhdudlaşdıra bilər. Rusiya isə öz növbəsində vasitəçi rolunu yalnız İranın maraqları çərçivəsində deyil, öz qlobal strateji hədəflərinə uyğun şəkildə icra edəcək. Bu isə o deməkdir ki, Moskva müəyyən məqamlarda Tehranın maraqlarını qismən güzəştə gedə bilər, əvəzində isə Qərblə digər məsələlərdə dividendlər əldə etməyə çalışar. Məsələn, Ukrayna böhranı və ya Rusiyaya qarşı tətbiq olunan sanksiyalar kontekstində. Belə bir ssenari İran üçün arzuolunan deyil və bu baxımdan Tehranın da belə bir vasitəçilik təşəbbüsünə razılıq verməsi ehtimalı olduqca aşağıdır. Nəticə etibarilə, Rusiyanın vasitəçi kimi çıxış etməsi İran üçün taktiki baxımdan müəyyən üstünlüklər vəd etsə də, strateji səviyyədə bu seçim mübahisəli olaraq qalır. ABŞ və İsrailin də bu vasitəçiliyə skeptik yanaşması danışıqların uğur şansını azalda bilər".

Избранный
8
aznews.az

1Источники