Bakı, 10 aprel, AZƏRTAC
İsrail Livana hücumları dayandırmaq niyyətində deyil, lakin ABŞ Prezidenti Donald Trampın tələbinə uyğun olaraq hücumların miqyasını məhdudlaşdıracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri mənbələrə istinadla məlumat yayıb. Qəzet qeyd edir ki, Tramp indiyədək İsraildən “Hizbullah” hərəkatına qarşı hücum kampaniyasını azaltmağı xahiş etməyib. Lakin indi ABŞ administrasiyası bu hücumların İranla danışıqlara və Hörmüz boğazının açılması səylərinə mane olacağından ehtiyatlanır.
İsrailin Baş naziri Binyamin Netanyahu Livanla birbaşa danışıqlara “mümkün qədər tez" başlamağı tapşırıb. “Axios” portalının məlumatına görə, danışıqların gələn həftə Vaşinqtonda keçirilməsi planlaşdırılır. Hər iki tərəf ABŞ-də səfirlər səviyyəsində təmsil olunacaq.
İsrail dövlət televiziyası bildirib ki, İsrail hakimiyyəti ABŞ-ın təzyiqi ilə gələn həftə Vaşinqtonda Livanla danışıqlar aparmağa razılaşıb.