RU

Sevdiyi qadının soyadını daşımaq zəiflikdirmi? -Psixoloqdan AÇIQLAMA

Ədliyyə Nazirliyindən məlumat verilib ki, Azərbaycanda cari ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman arvadının soyadını qəbul edib. Eyni zamanda qeyd olunub ki, 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını qəbul edib.

Bu hal kişinin özünəinamı və ya gender rollarına baxışı haqqında nə deyir? Azərbaycanda bu kimi halların az olması daha çox sosial təzyiqlə bağlıdır, yoxsa fərdi seçimlə?

Redaktor.az-a danışan psixoloq Nabat Mirzəyeva bildirdi ki, Azərbaycanda kişinin evləndiyi zaman həyat yoldaşının soyadını götürməsi olduqca nadir rast gəlinən bir haldır.

"Xarici ölkələrin bəzilərində bu təcrübəyə qismən rast gəlinsə də, yerli mühitimizdə bu hələ də kütləvi xarakter daşımır. Lakin bu məsələni yalnız kişinin özünəinamı və ya psixoloji durumu ilə izah etmək düzgün olmazdı. Belə bir addımın arxasında həm psixoloji, həm də geniş sosial-mədəni faktorlar dayanır".

Müsahibimiz psixoloji nöqteyi-nəzərdən yanaşıldıqda bu qərarın iki fərqli tərəfi ola biləcəyini qeyd etdi:

"Bir tərəfdən bunu özünəinamlı və stereotipləri sındırmağa hazır olan bir yanaşma kimi qiymətləndirmək mümkündür. Belə bir kişi üçün soyad üstünlük simvolu deyil, bərabərlik göstəricisidir; o, sevdiyi qadının soyadını daşımaqda heç bir problem görmür. Digər tərəfdən, burada praktik səbəblər də rol oynaya bilər məsələn, qadının soyadının daha tanınmış olması və ya kişinin öz ailə keçmişi ilə emosional bağlarının zəifliyi onu yeni bir ailə modeli yaratmağa sövq edə bilər. Odur ki, bu addımı atan şəxsin mütləq psixoloji problemi olduğunu düşünmək yanlış bir yanaşmadır".

Psixoloq əlavə etdi ki, Azərbaycanda bu halın azlığı isə birbaşa milli mentalitet, mədəni normalar və sosial gözləntilərlə bağlıdır.

"Cəmiyyətimizdə ənənəvi olaraq kişi nəslin davamçısı və ata xəttinin qoruyucusu kimi qəbul edilir. "Ətraf nə deyər?" düşüncəsi və sosial təzyiq bir çox hallarda fərdi istəklərin qarşısına keçir. Bir çoxları üçün soyadını dəyişmək kişilik zəifliyi və ya ailə ənənələrinə zidd addım kimi görünsə də, əslində bu, daha çox cəmiyyətin illərlə formalaşdırdığı qəliblərin nəticəsidir. Yekun olaraq qeyd edə bilərik ki, soyad seçimi bir insanın daxili gücü və ya zəifliyi haqqında birmənalı fikir söyləməyə əsas vermir. Bu məsələ daha çox mədəni irs, sosial mühit və fərdi yanaşma ilə bağlıdır. Kimisi üçün soyad müqəddəs bir ailə mirası, kimisi üçün sadəcə hüquqi bir prosedur, kimisi üçün isə sevdiyi insana hörmət və qürur rəmzi ola bilər. Yanaşmalar fərqli olsa da, bu, hər bir fərdin şəxsi seçimi və həyata baxış bucağıdır", - deyə həmsöhbətimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Избранный
18
1
redaktor.az

2Источники