RU

“Çin Tayvanın müstəqilliyinə dözməyəcək” – Si Cinpin


Çin prezidenti Si Cinpin Tayvanın müxalifət partiyasının lideri Çjen Liven ilə görüşərək Çinin Tayvanın müstəqilliyinə "dözməyəcəyini" bəyan edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu, Si Cinpinlə Qomindan lideri arasında 10 ildən sonra ilk görüşdür.

Çjen Liven Pekinin Tayvana artan hərbi təzyiqi fonunda baş tutan səfərini "sülh səyahəti" adlandırıb.
"Boğazın hər iki tərəfindəki həmvətənlərin hamısı çinlidir, sülh, inkişaf, mübadilə və əməkdaşlıq axtaran bir ailənin üzvləridir. Ailə daxilində harmoniya hökm sürdükdə, hər şey çiçəklənəcək. Tayvanın müstəqilliyi Tayvan boğazında sülhün pozulmasında əsas günahkardır - biz buna qətiyyən dözməyəcəyik və ya göz yummayacağıq", - Si Cinpin bəyan edib.

O əlavə edib ki, Qomindan və Çin Kommunist Partiyası "siyasi qarşılıqlı etimadı" gücləndirməli və "boğazın hər iki tərəfindəki həmvətənləri birləşdirməlidir".

Cavab olaraq, Çjen Liven bildirib ki, Çin sivilizasiyasının dirçəlişi Tayvan boğazının hər iki tərəfindəki xalqların ortaq arzusudur. O deyib ki, bu, "dünya sülhünə və insan tərəqqisinə müsbət töhfə" olacaq.
Çjen Liven həmçinin qeyd edib ki, “1992-ci il konsensusu”na riayət etmək müharibədən qaçmaq, faciənin qarşısını almaq, birlikdə işləmək və sülhü bərqərar etmək yoludur.

BBC qeyd edir ki, "1992-ci il konsensusu” o vaxtlar hakimiyyətdə olan Qomindan və Çin Kommunist Partiyası arasında "vahid Çin" sisteminin mövcudluğu barədə bir razılaşmadır və müxtəlif şərhlərə yer qoyur. Tayvanın “Demokratik tərəqqi partiyası” "1992-ci il konsensusunu ardıcıl olaraq rədd edir və bunun adanın suverenliyinə xələl gətirdiyini bildiri.

Çin Tayvan prezidenti Lay Çinde ilə danışıqlardan imtina edir və onu "separatçı" adlandırır. Lay Çinde administrasiyası isə öz növbəsində Pekinin Taypeydəki demokratik yolla seçilmiş hökumətlə əlaqə qurmalı olduğunu iddia edir.

Maraqli detal odur ki, Tayvanın müxalifət lideri Çinə səfər edir və öz ölkəsinin əleyhinə açıqlamalar verir. Bəs ÇXR-də hər hansı bir vəzifə tutuan şəxs Tayvana gəlsəydi, Pekinə qarşı açıqlamalar versəydi, onun ölkəsinə dönəndən sonra cəzası edamdan başqa nə olardı?

Məhz buna görə Tayvan Çinlə birləşmək istəmir, öz müstəqilliyini davam etdirmək, hakimiyyətin xalqın iradəsiylə, seçkilər yoluyla formalaşdırılması ənənəsinin yaşamasını istəyir.

Musavat.com

 

Избранный
7
musavat.com

1Источники