RU

İranı danışıqlarda kimlər təmsil edir? – ŞOK TƏFƏRRÜATLAR – DOSYE

Dünyanın nəfəsini kəsib izlədiyi tarixi ABŞ-İran görüşünə saatlar qaldı.

Musavat.com xəbər verir ki, İslamabadda baş tutacaq bu yüksək səviyyəli sülh danışıqlarında İran tərəfini təmsil edəcək heyətin tərkibi diqqət çəkir.

“Anadolu” agentliyinin yaydığı məlumata görə, danışıqlar masasında İranın siyasi və hərbi elitasının ən nüfuzlu simaları yer alacaq.

Tehrandan Pakistana yollanan o "ağır çəkili" simaların siyahısı:

Qalibaf

Məhəmməd Baqir Qalibaf:

Məhəmməd Baqir Qalibaf 1961-ci ildə Məşhədin yaxınlığındakı Torkebe şəhərində tacir ailəsinin övladı olaraq dünyaya gəlib.

Onun atası Hüseyn Qalibafın milliyətcə kürd, anası Xeyir al-Nasanın isə fars olduğu bildirilir.
 
Məhəmməd Baqir hələ orta təhsil alarkən həm də işləməyə başlayıb.

Qalibaf gənclik illərində İslam İnqilabının sübh çağında Məşhəddəki Kəramət, İmam Həsən Müctəba və Musa ər-Rza məscidlərindəki mühazirələrdə iştirak edib. Bu da onun siyasi və əqli yönümünün formalaşmasına təsir göstərib.
Qalibaf hələ orta məktəbdə ikən sinif yoldaşları ilə birlikdə İslam Tələbələri Dərnəyini qurub və bu qurum sonradan milli təşkilata çevrilib.

1980-ci illərin əvvəllərində İrana qarşı müharibə başlayandan (İran-İraq müharibəsi) sonra 18 yaşlı Məhəmməd Baqir Qalibaf İnqilab Keşikçiləri Korpusuna qoşulub və döyüş meydanında fəal rol oynayıb.

O, 1982-ci ildə İmam Rza briqadasına, bir il sonra isə 5-ci Nəsr Xorasan diviziyasına komandir təyin edilib. Qalibaf general Qasım Süleymani ilə müharibə zamanı tanış olub və onlar arasında inqilaba sadiqliklə bağlı sıx əlaqə qurulub.

Qalibaf 1982-ci ildə sosioloq və İslami Azad Universitetinin müəllimi Zehra Moşiri ilə evlənib. Qalibafın bu evlilikdən 3 övladı var: İlyas, İshaq və Məryəm.

Məhəmməd Baqir Qalibaf İrana qarşı Qərbin dəstəklədiyi müharibədən sonra İnqilab Keşikçilərinin 25-ci Kərbəla Diviziyasına komandanlıq edib. Bu diviziya onun rəhbərliyi altında 1990-cı ildə Mencil-Rudbar zəlzələsində zədələnmiş nəqliyyat yollarını təmir etməklə məşhurlaşıb.

Qalibaf 1990-cı ildə İslami Azad Universitetində ali təhsilini davam etdirib, 1994-cü ildə siyasi coğrafiya üzrə bakalavr dərəcəsi alıb. 1994-cü ildə o, Məşhəd-Sarahs dəmir yolunun tikintisinə, 5 mərkəzi və qərb əyalətinin qaz təchizatına, Fars körfəzindəki limana və Kərxa bəndinə nəzarət edəcək Hatəm əl-Ənbiya Tikinti Qərargahının rəhbəri təyin edilib. 

Qalibaf ali təhsilini davam etdirərək 1996-cı ildə magistr dərəcəsinə yiyələnib.  2001-ci ildə Terbiyet-i Müderris Universitetində "İranda yerli qurumların təkamülünün müasir dövrdə araşdırılması" adlı doktorluq dissertasiyası müdafiə edib.

Daha sonra Tehran Universitetinin Coğrafiya fakültəsində dosent vəzifəsində çalışıb, eyni zamanda Tərbiyət-i Müderris Universitetində dərs deyib.

1997-ci ildə İnqilab Keşikçiləri Hərbi Hava Qüvvələrinin komandanı təyin olunan Məhəmməd Baqir Qalibaf daha sonra İran və Fransada intensiv pilot kurslarını bitirərək Airbus təyyarələrini idarə etmək üçün lisenziya alıb.

Qalibaf 2000-ci ildə İran polis qüvvələrinin rəisi təyin edilib və əsas diqqəti avadanlığın modernləşdirilməsinə və əhalinin hüquq-mühafizə orqanlarına inamının gücləndirilməsinə yönəldib.

Məhəmməd Baqir Qalibaf 2005-ci ildə siyasətə qoşulmaq üçün hərbi və polis vəzifələrindən istefa verib və həmin il keçirilən prezident seçkilərində 4-cü yeri tutub. Elə həmin il Tehranın meri seçilib və 12 il bu vəzifədə çalışıb. Bu müddət ərzində onun inzibati bacarıqları çox yüksək qiymətləndirilib.

Qalibaf 2013 və 2017-ci illərdə daha iki dəfə prezidentliyə namizəd olub, 2013-cü ildə ikinci yeri tutub, 2017-ci ildə İbrahim Rəisinin lehinə geri çəkilib.

Məhəmməd Baqir Qalibaf 2020-ci ildə parlamentin sədri seçilib. Bu ilin mayında yenidən parlamentə rəhbərlik etməyə başlayıb.

Abbas

Abbas Əraqçi:

5 dekabr 1962-ci ildə Tehran şəhərində anadan olan Əraqçi müasir İran diplomatiyasının ən təcrübəli simalarından biri, həmçinin beynəlxalq əlaqələr sahəsində tanınmış mütəxəssis və elmlər namizədidir. 2024-cü ildən etibarən İran İslam Respublikasının Xarici İşlər Naziri vəzifəsini icra edir.

Əraqçinin karyerası dərin akademik biliklər üzərində qurulub. O, ilk ali təhsilini İran Xarici İşlər Nazirliyinin nəzdindəki Beynəlxalq Münasibətlər Məktəbində bakalavr dərəcəsi üzrə alıb. Daha sonra İslami Azad Universitetində siyasi elmlər üzrə magistr pilləsini tamamlayıb. Onun beynəlxalq səviyyəli mütəxəssis kimi formalaşmasında Böyük Britaniyanın Kent Universitetində siyasi fikir üzrə aldığı doktorluq dərəcəsi mühüm rol oynayıb.

Diplomatik fəaliyyətinə 1989-cu ildə başlayan Əraqçi, qısa müddət ərzində məsul vəzifələrə yüksəlib. 1990-cı illərin əvvəllərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində İranın İslam Konfransı Təşkilatı (indiki İƏT) yanındakı nümayəndəliyində müvəqqəti işlər vəkili kimi çalışaraq regional diplomatiyada təcrübə qazanıb.

Onun səfir fəaliyyəti həm Avropanı, həm də Şərqi Asiyanı əhatə edir:

  • 1999–2003-cü illərdə Finlandiyada səfir kimi fəaliyyət göstərib.

  • 2007–2011-ci illərdə isə Yaponiyada İranın diplomatik missiyasına rəhbərlik edib.

Səfirlik vəzifələri ilə yanaşı, Abbas Əraqçi İranın xarici siyasətinin intellektual bazasının formalaşmasında da yaxından iştirak edib. O, Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun (IPIS) baş direktoru vəzifəsində çalışaraq strateji təhlillər hazırlayıb, 2004–2005-ci illərdə isə təhsil aldığı Beynəlxalq Münasibətlər Məktəbinin rektoru kimi gənc diplomatların yetişdirilməsinə rəhbərlik edib.

Məcid

Məcid Taxt-Ravançi:

 

İranın tanınmış diplomatı Məcid Taxt-Rəvançi 2024-cü ilin sentyabr ayından etibarən ölkənin Xarici İşlər Nazirliyində siyasi məsələlər üzrə müavin vəzifəsinə gətirilib. 1958-ci il təvəllüdlü diplomat bundan əvvəl, 2019-2022-ci illərdə İranın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb.

Taxt-Rəvançi geniş təhsil bazasına malik peşəkar kadrlardan hesab olunur. O, Kanzas Universitetində mülki mühəndislik üzrə bakalavr və magistr dərəcələri alıb. Daha sonra təhsilini humanitar sahədə davam etdirərək, Fordham Universitetində beynəlxalq siyasi iqtisad və inkişaf üzrə magistr, Bern Universitetində isə siyasi elmlər üzrə doktorluq (PhD) dərəcəsinə yiyələnib.

Təcrübəli diplomat İranın Qərb dövlətləri ilə apardığı ən kritik danışıqlarda əsas simalardan biri olub:

  • JCPOA Danışıqları: O, 2015-ci ildə İran ilə "P5+1" ölkələri arasında imzalanmış nüvə sazişi (JCPOA) öncəsi Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində aparıcı müzakirəçi kimi iştirak edib.

  • Son müzakirələr: Taxt-Rəvançi həmçinin 2025-ci ildə İran və ABŞ arasında ekspertlər səviyyəsində keçirilən danışıqlarda da yaxından iştirak edərək öz diplomatik missiyasını davam etdirib.

Məhəmməd Baqir Zolqədr:

Martın 17-də İsrail-ABŞ hücumları nəticəsində həlak olan Əli Laricaninin yerinə təyin olunan İranın Milli Təhlükəsizlik Ali Şurasının katibi, general-mayor Məhəmməd Baqer Zolqədr İran siyasi elitasında "sərt xəttin" (mühafizəkarların) ən nüfuzlu simalarından biri hesab olunur.

1954-cü ildə Fəsa şəhərində doğulan yeni katib, həm hərbi, həm də strateji idarəetmə sahəsində böyük təcrübəyə malikdir.

O, uzun illər SEPAH-ın Baş Qərargah rəisi və Baş komandanın müavini postlarını tutub, həmçinin Məsləhət Şurasının katibi kimi mühüm vəzifələrdə çalışıb.

Məhəmməd Baqer Zolqədr təkcə hərbçi deyil, həm də strateji idarəetmə üzrə elmlər doktorudur. Onun siyasi keçmişi olduqca rəngarəng və mübahisəlidir:

İslahatçıların qənimi: O, İranın islahatçı qanadına qarşı kəskin mövqeyi ilə tanınır. 1999-cu il tələbə etirazlarının yatırılmasında aktiv rol alıb.

Əhmədinejadla qarşıdurma: 2005-ci ildə Daxili İşlər nazirinin müavini təyin edilsə də, 2007-ci ildə gözlənilmədən işdən çıxarılıb. İddialara görə, buna səbəb onun ABŞ-nin İrana mümkün hücumu ilə bağlı ölkə daxilində "hərbi həyəcan" elan etməsi və sabiq prezident Mahmud Əhmədinəjadla fikir ayrılığına düşməsi olub.

Onun kürəkəni Kazım Qəribabadi İranın Vyanadakı daimi nümayəndəsi və Beynəlxalq Atom Enerjisi Agentliyindəki elçisi kimi tanınan məşhur diplomatdır.

İranlı rəsmilərin qarşısında isə ABŞ-ın vitse-prezidenti Cey Di Vens, xüsusi elçi Stiv Uitkoff, sabiq müşavir Cared Kuşner və CENTCOM komandanı Bred Kuper kimi güclü fiqurlar əyləşəcək. Ev sahibi qismində isə Pakistanın Baş naziri Şahbaz Şərif və ordu rəhbərliyi vasitəçilik missiyasını yerinə yetirir.

İqbal RZAYEV,
Musavat.com

Избранный
28
50
musavat.com

10Источники