Dünyanın nəfəsini kəsib izlədiyi tarixi ABŞ-İran görüşünə saatlar qaldı.
Musavat.com xəbər verir ki, İslamabadda baş tutacaq bu yüksək səviyyəli sülh danışıqlarında İran tərəfini təmsil edəcək heyətin tərkibi diqqət çəkir.
“Anadolu” agentliyinin yaydığı məlumata görə, danışıqlar masasında İranın siyasi və hərbi elitasının ən nüfuzlu simaları yer alacaq.
Tehrandan Pakistana yollanan o "ağır çəkili" simaların siyahısı:

Məhəmməd Baqir Qalibaf:
Məhəmməd Baqir Qalibaf 1961-ci ildə Məşhəd yaxınlığındakı Torqebe şəhərində tacir ailəsində dünyaya gəlib. Onun atası Hüseyn Qalibafın milliyətcə kürd, anası Xeyir əl-Nasanın isə fars olduğu bildirilir.
Məhəmməd Baqir hələ orta təhsil alarkən həm də işləməyə başlayıb. Qalibaf gənclik illərində, İslam İnqilabının ilk dövrlərində Məşhəddəki Kəramət, İmam Həsən Müctəba və Musa ər-Rza məscidlərindəki mühazirələrdə iştirak edib. Bu da onun siyasi və ideoloji dünyagörüşünün formalaşmasına təsir göstərib. Qalibaf hələ orta məktəbdə oxuyarkən sinif yoldaşları ilə birlikdə İslam Tələbələri Dərnəyini qurub və bu qurum sonradan milli təşkilata çevrilib.
1980-ci illərin əvvəllərində İran-İraq müharibəsi başlayandan sonra 18 yaşlı Məhəmməd Baqir Qalibaf İnqilab Keşikçiləri Korpusuna (SEPAH) qoşulub və döyüş meydanında fəal rol oynayıb. O, 1982-ci ildə İmam Rza briqadasına, bir il sonra isə 5-ci Nəsr Xorasan diviziyasına komandir təyin edilib. Qalibaf general Qasım Süleymani ilə müharibə zamanı tanış olub və onlar arasında inqilaba sadiqlik üzərində qurulmuş sıx əlaqə yaranıb.
Məhəmməd Baqir Qalibaf müharibədən sonra İnqilab Keşikçilərinin 25-ci Kərbəla Diviziyasına komandanlıq edib. Bu diviziya onun rəhbərliyi altında 1990-cı ildə Məncil-Rudbar zəlzələsində zədələnmiş nəqliyyat yollarını təmir etməklə məşhurlaşıb.

Abbas Əraqçi:
1962-ci il dekabrın 5-də Tehran şəhərində anadan olan Əraqçi müasir İran diplomatiyasının ən təcrübəli simalarından biri, beynəlxalq əlaqələr sahəsində tanınmış mütəxəssis və elmlər namizədidir. 2024-cü ildən etibarən İran İslam Respublikasının Xarici İşlər naziri vəzifəsini icra edir.
Əraqçinin karyerası dərin akademik biliklər üzərində qurulub. O, ilk ali təhsilini İran XİN-in nəzdindəki Beynəlxalq Münasibətlər Məktəbində alıb. Daha sonra İslami Azad Universitetində siyasi elmlər üzrə magistr pilləsini tamamlayıb. Onun beynəlxalq səviyyəli mütəxəssis kimi formalaşmasında Böyük Britaniyanın Kent Universitetində siyasi fikir üzrə aldığı doktorluq dərəcəsi mühüm rol oynayıb.
Diplomatik fəaliyyətinə 1989-cu ildə başlayan Əraqçi, qısa müddətdə məsul vəzifələrə yüksəlib. 1990-cı illərin əvvəllərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində, İranın İslam Əməkdaşlıq Təşkilatı yanındakı nümayəndəliyində müvəqqəti işlər vəkili kimi çalışaraq regional diplomatiyada təcrübə qazanıb.
Onun səfir fəaliyyəti geniş coğrafiyanı əhatə edir:
-
1999–2003-cü illərdə Finlandiyada səfir kimi fəaliyyət göstərib.
-
2007–2011-ci illərdə isə Yaponiyada İranın diplomatik missiyasına rəhbərlik edib.
Səfirlik vəzifələri ilə yanaşı, Abbas Əraqçi İranın xarici siyasətinin intellektual bazasının formalaşmasında da yaxından iştirak edib. O, Siyasi və Beynəlxalq Araşdırmalar İnstitutunun (IPIS) baş direktoru vəzifəsində çalışıb, 2004–2005-ci illərdə isə Beynəlxalq Münasibətlər Məktəbinin rektoru kimi gənc diplomatların yetişdirilməsinə rəhbərlik edib.

Məcid Taxt-Ravançi:
İranın tanınmış diplomatı Məcid Taxt-Rəvançi 2024-cü ilin sentyabr ayından etibarən Xarici İşlər Nazirliyində siyasi məsələlər üzrə müavin vəzifəsinə gətirilib. 1958-ci il təvəllüdlü diplomat bundan əvvəl, 2019–2022-ci illərdə İranın BMT-dəki daimi nümayəndəsi vəzifəsində çalışıb.
Taxt-Rəvançi geniş təhsil bazasına malik peşəkar kadr hesab olunur. O, Kanzas Universitetində mülki mühəndislik üzrə bakalavr və magistr, Fordham Universitetində beynəlxalq siyasi iqtisad və inkişaf üzrə magistr, Bern Universitetində isə siyasi elmlər üzrə doktorluq (PhD) dərəcəsi alıb.
Təcrübəli diplomat İranın Qərb dövlətləri ilə apardığı ən kritik danışıqlarda əsas simalardan biri olub. O, 2015-ci ildə imzalanmış nüvə sazişi (JCPOA) öncəsi aparılan müzakirələrdə Cavad Zərifin rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində aparıcı müzakirəçi kimi iştirak edib. Taxt-Rəvançi, həmçinin 2025-ci ildə İran və ABŞ arasında ekspertlər səviyyəsində keçirilən danışıqlarda da yaxından iştirak edib.
Məhəmməd Baqir Zolqədr:
Martın 17-də İsrail-ABŞ hücumları nəticəsində həlak olan Əli Laricaninin yerinə təyin olunan İran Milli Təhlükəsizlik Ali Şurasının katibi, general-mayor Məhəmməd Baqir Zolqədr siyasi elitada "sərt xətt" tərəfdarlarının ən nüfuzlu simalarından biri hesab olunur. 1954-cü ildə Fəsa şəhərində doğulan yeni katib həm hərbi, həm də strateji idarəetmə sahəsində böyük təcrübəyə malikdir.
O, uzun illər SEPAH-ın Baş Qərargah rəisi və Baş komandanın müavini postlarını tutub, həmçinin Məsləhət Şurasının katibi kimi mühüm vəzifələrdə çalışıb. Məhəmməd Baqir Zolqədr strateji idarəetmə üzrə elmlər doktorudur. Onun siyasi keçmişi olduqca rəngarəngdir:
-
İslahatçıların qənimi: O, İranın islahatçı qanadına qarşı kəskin mövqeyi ilə tanınır, 1999-cu il tələbə etirazlarının yatırılmasında aktiv rol alıb.
-
Əhmədinejadla qarşıdurma: 2005-ci ildə Daxili İşlər nazirinin müavini təyin edilsə də, 2007-ci ildə gözlənilmədən işdən çıxarılıb. İddialara görə, buna səbəb onun ölkədə "hərbi həyəcan" elan etməsi və sabiq prezident Mahmud Əhmədinejadla fikir ayrılığına düşməsi olub.
Onun kürəkəni Kazım Qəribabadi İranın Vyanadakı daimi nümayəndəsi və Beynəlxalq Atom Enerjisi Agentliyindəki elçisi kimi tanınan məşhur diplomatdır.

İranlı rəsmilərin qarşısında isə ABŞ-ın vitse-prezidenti Cey Di Vens, xüsusi elçi Stiv Uitkoff, sabiq müşavir Cared Kuşner və CENTCOM komandanı Bred Kuper kimi güclü fiqurlar əyləşəcək. Ev sahibi qismində isə Pakistanın Baş naziri Şahbaz Şərif və ordu rəhbərliyi vasitəçilik missiyasını yerinə yetirir.
İqbal RZAYEV,
Musavat.com