Dağıstanda mümkün kadr dəyişikliyi Azərbaycan üçün birbaşa risklər yaratmasa da, sərhəd təhlükəsizliyi, tranzit imkanları və regional geosiyasi balans baxımından diqqətlə izlənməli prosesdir
Dağıstanın hazırkı rəhbəri Sergey Melikov tezliklə vəzifəsini tərk edəcək. Musavat.com xəbər verir ki, bu barədə “Vedomosti” məlumat yayıb.
Melikovun artıq istefa ərizəsi yazdığı da iddia edilir, lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməyib. Mənbələrin sözlərinə görə, onun gedişi ilə bağlı qərar son daşqınlardan əvvəl qəbul olunub.
Əsas namizəd kimi prezidentin Uzaq Şərq Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini Maqomed Ramazanov göstərilir. O, apreldə prezident Vladimir Putin ilə Dağıstandakı daşqınların nəticələrinin aradan qaldırılması ilə bağlı keçirilən müşavirədə iştirak edib. Putin ona bölgədə fəaliyyətini davam etdirməyi təklif edib. Ramazanov Dağıstan əsillidir və əvvəllər FTX-nin iqtisadi təhlükəsizlik xidmətində çalışıb.
(Maqomed Ramazanov və Sergey Melikov)
Sergey Melikov 12 sentyabr 1965-ci ildə Moskva yaxınlığındakı Orexovo-Zuyevoda anadan olub. Atası, sovet zabiti Alim Nur-Maqamedoviç Melikov ləzgi əsillidir. Sergey Melikovun anası isə rusdur. Dağıstan ənənəvi olaraq idarəetmə baxımından çətin region sayılır və son illərdə burada əsas vəzifəyə adətən, güc strukturlarında təcrübəsi olan şəxslər gətirilir.
Sergey Melikov özü də təhlükəsizlik strukturlarından gəlmişdi, onun yerinə namizəd göstərilən Maqomed Ramazanov da “FSB” ilə bağlıdır. Bu, həm də Kremlin Dağıstanda “güc nəzarəti” modelini dəyişmək niyyətində olmadığını göstərir.
Şimali Qafqazın ən mürəkkəb regionlarından biri olan Dağıstan həm etnik müxtəliflik, həm sosial problemlər, həm də təhlükəsizlik baxımından həssas ərazidir. Bu səbəbdən Moskva burada zəif idarəetməyə risk etmək istəmir.
Dağıstanla həmsərhəd olan Azərbaycan üçün bölgədə sabitliyin qorunması əsas prioritetlərdən biridir. Dağıstan ərazisi Azərbaycan ilə Rusiya arasında əsas quru tranzit xəttlərindən biri hesab olunur. Ümumilikdə müşahidəçilər bildirirlər ki, Dağıstanda mümkün kadr dəyişikliyi Azərbaycan üçün birbaşa risklər yaratmasa da, sərhəd təhlükəsizliyi, tranzit imkanları və regional geosiyasi balans baxımından diqqətlə izlənməli prosesdir.
Musavat.com