RU

Dünya Bankından yeni hesabat

Bank Azərbaycanın iqtisadi artım proqnozunu yüksəldib

Dünya Bankı (DB) Avropa və Mərkəzi Asiya regionunun iqtisadi perspektivlərinə dair aprel hesabatını açıqlayıb. Qiymətləndirmələrə əsasən, cari ilin ötən 3 ayı ərzində Avropa və Mərkəzi Asiya, Cənubi Qafqaz bölgələrində ÜDM-in ümumi artımı orta tempə uyğun olub. Region ölkələrinin yürütdüyü fiskal siyasətin sərtləşdirilməsi nəticəsində investisiya xərclərinin artımı baş verməyib. Real kreditləşmənin artımı Mərkəzi Asiya və Cənubi Qafqazda sürətli genişlənmə templərinin zəifləməsi fonunda bir qədər yavaşlayıb. Bir sıra ölkələrdə makroprudensial tədbirlərin sərtləşdirilməsi daha sərt pul-kredit siyasəti ilə yanaşı, istehlak kreditləşməsini də məhdudlaşdırıb.

Bankın şərhinə əsasən, 2026-cı ilin ilk rübündə qlobal geosiyasi proseslərin, Rusiya-Ukrayna müharibəsinin, eləcə də Yaxın Şərqdə davam edən gərginliyin fonunda beynəlxalq enerji bazarlarında enerji daşıyıcılarının qiymət sabitliyinin pozulması neftin qiymətində kəskin yüksəlmələrin baş verməsinə səbəb olsa da, növbəti aylarda sıçrayşlı bazar indeksləri gözlənilmir, orta bazar qiymətinin 80-90 dollar olacağı ehtimal olunur. Bu, neft ixrac edən ölkələrin iqtisadiyyatındakı maliyyə gəlirlərini və fiskal sabitliyi dayanıqlı şəkildə saxlamaq üçün əlverişli çərçivədir.

2026-cı ildə 2, 2027-ci ildə 1,8 faiz...

DB 2026-cı ildə Azərbaycanda ÜDM-in artımını 2 faiz, 2027-ci ildə isə 1,8 faiz səviyyəsində proqnozlaşdırır. Belə ki, bankın yanvar qiymətləndirmələri ilə müqayisədə proqnoz göstəriciləri müvafiq olaraq 0,2 və 0,1 faiz bəndi artırılıb. Hesabatda vurğulanır ki, Azərbaycanda fiskal siyasətin sərtləşdirilməsi nəticəsində investisiya xərclərinin normallaşması, eləcə də neft hasilatı həcmlərinin əhəmiyyətli dərəcədə azalması 2025-ci ildə iqtisadi artım tempinin 1,4 faizə enməsinə səbəb olub, bu isə 2024-cü ilin göstəricisindən təxminən üç dəfə azdır. Büdcə profisiti də karbohidrogen sektorundan daxilolmaların azalması nəticəsində nəzərəçarpacaq dərəcədə aşağı düşüb.

Dünya Bankı Azərbaycanla qeyri-neft sektorunun inkişafının yaxın dövrdə mədən sənayesinin yaratdığı əlavə dəyəri əhəmiyyətli dərəcədə üstələcəyini və inkişafın əsas drayveri kimi qeyri-neft-qaz yığım mənbələrinin olacağını ehtimal edir. Yeri gəlmişkən, Azərbaycan hökuməti ilə Dünya Bankı arasında əməkdaşlığın yeni modeli olan Ölkə Tərəfdaşlıq Çərçivəsinə əsasən, neft və qaz gəlirlərindən asılılığın azaldılması və qeyri-neft mənbələrinin sütunları üzrəində dayanıqlı iqtisadi artımların təmin edilməsi, şaxələndirilmiş gəlirlərin insan kapitalına yönəldilməsi və sosial rifahın yaxşılaşdırılması, fiziki infrastruktura və daha güclü institutlara investisiya yatırımlarının artımı yolu ilə ölkənin xarici şoklara dayanıqlığının gücləndirilməsi nəzərdə tutulur.

Beynəlxalq agentliklərin proqnozları qənaətbəxşdir

Qeyd edək ki, beynəlxalq agentliklərin və iqtisadi institutların da ölkəmizlə bağlı proqnozları da ümidvericidir. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, Azərbaycanda iqtisadi artım 2026-ci il üzrə 2,5 faiz, 2027-cı ildə isə 2,6 faiz təşkil edəcək. Artımın əsas mənbəyi kimi qeyri-neft sahələrindən əldə edilən əlavə dəyərlər əsas hesab olunur. Hazırda qeyri-neft sektorundakı artımın 6-7 faiz təşkil etməsi iqtisadi inkişafın hərəkətverici drayverlərinin artıq daha işlək olmasından xəbər verir. BVF-nin cari və ortamüddətli dövr üzrə ssenarilərinə əsasən, ortamüddətli dövrdə ölkədə qeyri-neft ÜDM-nin həcminin davamlı artaraq ÜDM-də payı 80-82 faizə çatacaq.

Asiya İnkişaf Bankı 2026-cı ildə Azərbaycan iqtisadiyyatının 2 faiz, Avropa Yenidənqurma və İnkişaf Bankı 2,5 faiz, “ING Group” isə 2026-cı ildə 2,8 faiz, 2027-ci ildə isə 2 faiz artım olacağını fərz edir. BMT-nin qiymətləndirmələrinə görə, Azərbaycanın iqtisadi artımı 2026-cı ildə 2,7 faiz, 2027-ci ildə isə 2,6 faiz təşkil edəcək. Beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələri də demək olar ki, oxşardır. “S&P Global” agentliyi ölkəmizdə artımın 2026-cı ildə 2 faiz, “Fitch Ratings” 2,5 faiz, “Moody’s” isə  2,5 faiz olacağını gözləyir.

Hökumətin gözləntiləri də müsbətdir

Qeyd edək ki, Azərbaycan hökumətinin 2026-cı ilə və 2027-ci ilə dair iqtisadi artım proqnozları da DB və digər beynəlxalq institutların ehtimallarına uyğundur.

Mərkəzi Bankın yenilənmiş proqnozlarına əsasən, ÜDM 2026-ci ildə 2,4 faiz, qeyri-neft-qaz sektoru üzrə ÜDM isə 4 faiz artacaq. 2027-ci ildə isə ölkədə iqtisadi artımın 2,9 faiz, qeyri-neft-qaz sektoru üzrə isə 4,3 faiz təşkil edəcəyi gözlənilir.

İqtisadiyyat Nazirliyinin iqtisadi artımla bağlı cari və ortamüddətli dövr üzrə proqnozları da Mərkəzi Bankın ehtimallarına uyğundur. Nazirlik ortamüddətli dövrdə ÜDM-in real artım tempinin orta illik 3,5 faiz, qeyri-neft-qaz ÜDM-in isə 4,9  faiz olacağını  proqnozlaşdırır. Belə ki, 2026-cı ildə əlavə dəyərin real artımının 2,9 faiz, 2027-ci ildə 3,3 faiz, 2028-ci ildə isə 3,1 faiz olacağı fərz edilir. Qeyri-neft ÜDM-nin isə cari ildə 5 faiz, gələn il 4,8 faiz, 2028-ci ildə isə 5 faiz artacağı gözlənilir. Ortamüddətli Xərclər Çərçivəsi sənədində 2026-cı ilin sonuna ÜDM-in həcminin 134,1 milyard manat, o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 101,7 milyard manat təşkil edəcəyi, 2029-cu ildə isə ÜDM-in 161,8 milyard manata , o cümlədən qeyri-neft-qaz ÜDM-in həcminin 129,5 milyard manata qədər artacağı gözlənilir.

Azad ərazilər yeni gəlir mənbələrinə çevrilir

Ortamüddətli proqnozlarında Azərbaycanın qeyri-neft gəlirlərinin yeni bir mənbəyi olan azad edilmiş ərazilərdəki iqtisadi potensial nəzərə alınmadığından ÜDM-in artımında həmin resursların payı da öz əksini tapmır. Ancaq halbuki həmin mənbələrin də əlavə dəyərdəki payını nəzərə alsaq, yaxın 4-5 ildə Azərbaycanın ümumilikdə artım proqnozu 5 faizi ötmüş olacaq. Belə ki, hazırda işğaldan azad edilmiş ərazilərin ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində icra olunan layihələrin bir müddət sonra yeni əlavə dəyər yaradacağı istisna deyil. Belə ki, bu bölgədə əsası qoyulmuş və fəaliyyətə başlamış aqroparklar və sənaye texnoparkları, eləcə də zəngin iqtisadi potensialı olan Zəngilan, Kəlbəcər, Qubadlı, Cəbrayıl, Xocalı, Laçın, Tərtər, və Füzuli rayonlarındakı aqrar və turizm müəssisələrinin iqtisadi gəlirliliyi tez bir zamanda özünü göstərəcək. Yaxın perspektivdə bu bölgədə ən azı 232 min hektar sahədə əkinlərin olacağı proqnozlaşdırılır ki, bu da ölkə üzrə bitkiçilik və heyvandarlıq məhsullarının istehsalının təxminən 12-15 faiz artımına səbəb olacaqdır. Bu isə iqtisadiyyata reinteqrasiyanın təmin edilməsi fonunda ÜDM-in nominal dəyərini də artıracaq.

E.CƏFƏRLİ

Избранный
38
1
yeniazerbaycan.com

2Источники