Rusiyada yüksək ixtisaslı xarici işçilər (VKS) üçün minimum maaş həddi ciddi şəkildə artırılır.
Dövlət Dumasında ilk oxunuşdan keçən qanun layihəsinə əsasən, hazırda aylıq 250 min rubl (təxminən 3 200 dollar) olan minimum həddin 717 min rubla (təxminən 9 000 dollar) yüksəldilməsi nəzərdə tutulur. Bu məbləğ ölkədə orta maaş səviyyəsindən bir neçə dəfə yüksəkdir.
"Cebheinfo.az" xəbər verir ki, BFM-in təhlilinə görə, biznes dairələri bu artıma ehtiyatla yanaşır. Rusiya Ticarət və Sənaye Palatası maaş həddinin daha aşağı səviyyədə, təxminən 310 min rubl civarında müəyyən edilməsini təklif edib.
Əks halda, yüksək ixtisaslı xarici işçilərin 90 faizə qədərinin işini itirə biləcəyi ilə bağlı xəbərdarlıq edilir.
Mütəxəssislərin fikrincə, xərclərin kəskin artması halında şirkətlər ya xarici işçilərlə əməkdaşlığı dayandıracaq, ya da alternativ üsullara müraciət edəcək.
Qeyd olunur ki, bəzi işəgötürənlər artıq maaş tələblərini rəsmi sənədlərdə ödəyirmiş kimi göstərib faktiki olaraq daha aşağı məbləğ ödəyirlər.
2025-ci il etibarı ilə Rusiyada təxminən 76 min yüksək ixtisaslı xarici işçi fəaliyyət göstərir. Bu mütəxəssislər əsasən informasiya texnologiyaları, mühəndislik və logistika sahələrində çalışır.
Analitiklər bildirir ki, maaş həddinin həddindən artıq artırılması həm yeni mütəxəssislərin ölkəyə gəlməsini çətinləşdirə, həm də mövcud işçilərin digər ölkələrə üz tutmasına səbəb ola bilər.