RU

Bu gün IX sinif şagirdləri imtahan verəcək

Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) Bakı şəhərinin Sabunçu (I hissə), Xəzər (I hissə), Yasamal, Binəqədi rayonlarında, Sumqayıt (I hissə), Gəncə (II hissə), Mingəçevir şəhərlərində, Abşeron (I hissə), Daşkəsən, Şəmkir (II hissə), Qazax, Qəbələ, Oğuz, Lənkəran (II hissə), Cəlilabad (I hissə), Masallı (I hissə), Beyləqan, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 nömrəli tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına tam orta məktəb), Ağdaş, Ağsu, Qobustan, Sabirabad (I hissə), Neftçala, Şirvan, Xaçmaz (I hissə), Quba (I hissə) rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə, eləcə də tədrisi ingilis dilində aparılan ümumtəhsil müəssisələrinin şagirdləri üçün buraxılış imtahanı keçirəcək.

DİM-dən bildirilib ki, imtahanda 52 min 687 şagirdin iştirakı nəzərdə tutulur. İmtahanda sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) 34 şagird də iştirak edəcək. Onların rahat şəkildə imtahan verməsi üçün xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin olunub. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb. Bundan əlavə, sağlamlıq imkanları məhdud iştirakçılar üçün ayrılan nəzarətçilərlə xüsusi təlim keçirilib.

İmtahan saat 11:00-da başlanacaq. Saat 10:45-də buraxılış rejimi başa çatacaq. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmayacaq.

İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün müxtəlif gəlmə vaxtları müəyyən edilib və buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə edilir.

İmtahan binasına mobil telefon, ağıllı saat və digər rabitə vasitələri, kalkulyator və digər elektron cihazlar, konspekt, lüğət, cədvəl, çanta, məlumat kitabçası, xarici yaddaş qurğuları və başqa yardımçı vasitələr gətirmək qadağandır.

Şagirdlər imtahana aşağıda qeyd olunan sənədləri gətirməlidirlər:

- İmtahana buraxılış vərəqəsi;

- Şəxsiyyəti təsdiq edən sənədin əsli:

a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

b) Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

- Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

İmtahan keçirilən şəhər və rayonlarda, ümumilikdə, 216 imtahan binası, 3837 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 627 imtahan rəhbəri və ümumi rəhbər, 4800 nəzarətçi, 701 buraxılış rejimi əməkdaşı (mühafizə) və 216 bina nümayəndəsi cəlb edilib.

Избранный
28
49
news365.az

10Источники