RU

Yeni səs-küylü qalmaqal: Melaniya bilərəkdən Trampın nüfuzuna xələlə gətirir?.. 

Donald Tramp və onun həyat yoldaşı arasında olduqca özünəməxsus münasibətlərin mövcud olduğu çoxdan məlumdur...

Müəllif: Fərid İsayev
Haqqin.az portalı

Adətən Melaniya diqqət mərkəzində olmağı sevmir və onun təkbaşına çıxışları çox nadir hallarda baş verir. Lakin ötən cümə axşamı ABŞ-nin birinci xanımı elə bir mühüm bəyanat verdi ki, bunun nəticələrinin prezident üçün sevindirici olacağı çətin görünür.

Melaniya Trampın qarşısına qoyduğu məqsəd “onu biabırçı Cefri Epşteynlə bağlayan yalanların bu gündən dayanması” idi: “Mən heç vaxt Epşteynin dostu olmamışam. Mən Epşteynin qurbanı deyiləm. Epşteyn məni Donald Trampla tanış etməyib”. Onun sözlərinə görə, gələcək əri ilə 1998-ci ildə Nyu-Yorkda keçirilən bir məclisdə təsadüfən tanış olub, Epşteynlə isə ilk dəfə 2000-ci ildə görüşüb.

Bu bəyanat ən azı ona görə qəribə görünür ki, mediada Melaniyanın milyarder-pedofil ilə münasibətlərinə xüsusi diqqət yetirildiyi müşahidə olunmurdu. Məhz bu mövzuya toxunmaqla prezidentin həyat yoldaşı ona marağı daha da artırdı və nəticədə əleyhinə çıxdığı prosesin özü baş verdi: onun bu qalmaqallı fiqurla münasibətləri canlı müzakirə mövzusuna çevrildi. Bu isə İranla müharibə tələsindən çıxmağa çalışan Trampın başqa problemləri fonunda baş verdi. Görünürdü ki, Epşteyn dosyeləri ilə bağlı qalmaqal artıq ictimai diqqətin kənarına sıxışdırılıb. Amma indi bu mövzu yenidən gündəmə qayıdıb.

İranla müharibə tələsindən qaçmağa çalışan Tramp üçün Melaniyanın yaratdığı yeni problem ortaya çıxıb

Xüsusilə, Melaniya Tramp bildirir ki, hazırda 20 illik həbs cəzası çəkən, Epşteynin şəriki Gisleyn Maksvell ilə elektron poçt yazışmaları sadəcə dünyəvi nəzakət nümunəsi olub, böyük dostluğun əlaməti deyil. Lakin dərc olunmuş məktublaşmada o, Maksvellə New Yorker jurnalında “JE (Cefri Epşteyn) haqqında gözəl hekayə”dən söz açır: “Sən fotoda çox gözəl görünürsən”. Söhbət 2002-ci ildə dərc olunmuş məqalədən gedir. Həmin məqalədə Donald Tramp dostu haqqında belə danışır: “Ceffi ilə 15 ildir tanışam. Möhtəşəm oğlandır! Onunla çox əyləncəlidir. Hətta deyirlər ki, o da mənim kimi gözəl qadınları sevir və onların bir çoxu gəncdir. Şübhəsiz ki, Cefri öz dünyəvi həyatından zövq alır”. Beləliklə, Melaniyanın Tramp cütlüyünü Epşteyn və Maksvell ilə demək olar ki, heç nəyin bağlamadığı, onların pedofilin vərdişlərindən xəbərsiz olduqları barədə bütün israrları göz önündə dağılmağa başlayır.

Lakin birinci xanım bununla kifayətlənməyib və Konqresi ədalətin bərpasına, Epşteynlə əlaqəli digər nüfuzlu cinayətkarların adlarını açıqlamağa çağırıb: “Konqresin hərəkətə keçməsinin vaxtıdır. Epşteyn tək deyildi!” Bu isə o deməkdir ki, Trampın da daxil olduğu çevrənin bütün gizli tərəflərinin ölkə qarşısında müzakirə ediləcəyi parlament dinləmələri keçirilməlidir. Prezidentin hər vasitə ilə yayınmaq istədiyi də məhz budur. Yəqin ki, Tramp indi “Sağ ol, Melaniya!” demək istəyir. Prezident mətbuata verdiyi şərhdə həyat yoldaşının çıxışından xəbəri olmadığını bildirib.

Ağ ev üçün çətin vəziyyət yaradan və Melaniya Trampın diqqətə çıxardığı bu hekayə bu arada gözlənilməz inkişaf da alıb. O bəyanatla Vaşinqtonda çıxış etdiyi gün, lakin bir neçə saat əvvəl, X sosial şəbəkəsində Melaniyaya ünvanlanmış paylaşım ortaya çıxıb.

“Mən səni 20 ildir tanıyıram. Sən bilirsən ki, mən ICE tərəfindən saxlanılmışam. Sən mənim həyatımda olmusan, oğlumun hər ad günündə...”

Bundan sonra isə təhdidlər daha da sərtləşib:

“Mənim həyatımda itirəcək heç nəyim qalmayıb. Mən bütün sistemi məhv edəcəyəm, məndən ehtiyatlı ol, qancıq”.

Sonrakı paylaşimlarda hədələr daha da güclənib: “Mən sizin korrupsioner sisteminizi məhv edəcəyəm, hətta bu həyatımda edəcəyim son şey olsa belə. Axıra qədər gedəcəyəm, qorxmuram”.

Son paylaşımda isə daha konkret şəkildə belə yazılıb: “Sən mənim bildiklərimdən qorxmalısan... Sənin kim olduğun və ərinin kim olduğu barədə hər şeyi bildiyimi bilirsən”.

Melaniya Trampa qarşı bu sosial şəbəkə hücumunu keçmiş braziliyalı model Amanda Unqaro təşkil edib. O, uzun illər model agenti Paolo Zampolli ilə vətəndaş nikahında yaşayıb. Zampolli iddia edir ki, Donald Trampı Melaniya Knaus ilə də məhz o tanış edib. Zampollinin adı Epşteyn dosyalarında dəfələrlə keçir, o, Epşteyn üçün gənc qızların “təchizatçısı” olub. Amanda xatırlayır ki, 16 yaşında olarkən Parisdə Epşteynin təyyarəsinin göyərtəsində olub. Məhz o, Epşteynin qurbanlarından biri idi.

Keçmiş braziliyalı model Amanda Unqaro Melaniyanı cəzalandırmaqla hədələyir

Zampolli ilə birlikdə yaşayan Unqaro onunla təxminən 20 ilə yaxın ömür sürüb, onların ortaq oğlu var və bu cütlük dünyəvi məclislərin daimi qonaqlarından olub. Onun Melaniya ilə yaxın tanışlığı bütün bu illər boyu davam edib və Trampın ilk andiçmə mərasimində Zampolli ilə Amanda Unqaro birinci xanımın masasında əyləşiblər.

Lakin 2021-ci ildə cütlük ayrılıb və oğullarının himayəsi uğrunda məhkəmə çəkişməsinə başlayıb. 2025-ci ildə Amanda, artıq braziliyalı həkimlə evləndiyi vaxt, tibbi praktikadan lisenziyasız istifadə ittihamı ilə həbs olunub. Daha sonra isə ICE agentləri onu nəzarətdən götürərək viza qanunvericiliyini pozduğu üçün Braziliyaya deportasiya ediblər. Bütün bu illər ərzində o, Melaniyadan fərqli olaraq, ABŞ vətəndaşlığı almamışdı. Onun sözlərinə görə, qanunsuz statusu barədə hakimiyyət orqanlarına məhz Paolo Zampolli məlumat verib ki, oğlunun himayəsi ilə bağlı mübahisədə üstünlük qazansın. Bu zaman isə o, Ağ evdəki yüksək əlaqələrindən istifadə edib. Hazırda Trampın bu dostu Dövlət Departamentində qlobal tərəfdaşlıq üzrə xüsusi nümayəndə vəzifəsini tutur və Trampın adına bağlanan Kennedi Mərkəzinin idarə heyətində yer alır.

Təəccüblü deyil ki, ailəsindən, oğlundan və Amerikadakı alışdığı həyatdan məhrum edilərək Braziliyaya göndərilən Amanda Unqaro indi qəzəblə doludur və istənilən yolla intiqam almağa hazırdır. Artıq məlumdur ki, sensasion effekti təmin edəcək eksklüziv müsahibələr almaq üçün məşhur media qurumları ona növbəyə düzülüblər.

Epşteyn işi ilə bağlı daha bir fiqur Paolo Zampolli Ağ evdə yüksək vəzifədədir!

Müşahidəçilər Melaniya Trampın çıxışı ilə Amanda Unqaronun açıq hücumunun eyni vaxta təsadüf etməsinin təsadüfi olub-olmadığını müzakirə edirlər. Eyni zamanda prezidentin həyat yoldaşının jurnalist Maykl Volf ilə məhkəmə çəkişməsi davam edir. Volf iddia edir ki, Melaniyanı Trampla məhz Cefri Epşteyn tanış edib. Bundan da irəli gedərək o, Melaniyanın Trampdan əvvəl Epşteynlə intim münasibətdə olduğunu söyləyir. Melaniyanın çıxışı da bu işlə bağlı, Volfun yeni hücumlarını qabaqlamağa yönəlmiş addım təsiri bağışlayır.

İndi isə hamı prezident cütlüyünün keçmişi ilə bağlı səs-küylü ifşaları, təhqir edilmiş və alçaldılmış keçmiş braziliyalı modelin, eyni zamanda Melaniyanın keçmiş yaxın rəfiqəsinin dilindən gözləyir. Razılaşın, Ağ ev insana darıxmağa imkan vermir.

Poliqon.info

Избранный
30
poliqon.info

1Источники