ain.az, GlobalInfo portalına istinadən məlumat verir.
Son bir ay ərzində qızıl bazarında baş verən proseslər göstərir ki, bu aktivin qiymət dinamikası düzxətli artım deyil, əksinə, mürəkkəb və çoxfaktorlu dalğalanmalarla müşayiət olunur. 2026-cı ilin mart-aprel ayları xüsusilə diqqət çəkir, çünki qızıl həm rekord səviyyələrdən kəskin eniş yaşayıb, həm də qısa müddətdə qismən bərpa mərhələsinə keçib.
Fevralın sonu və martın əvvəllərində qızıl dünya birjalarında, xüsusilə COMEX və spot bazarlarda tarixi maksimumlara yaxınlaşaraq 5300-5600 dollar/unsiya intervalına qədər yüksəlmişdi. Lakin martın ilk həftəsindən etibarən trend kəskin şəkildə dəyişdi. Ayın sonuna doğru qiymət təxminən 4570 dollar səviyyəsinə qədər gerilədi ki, bu da ümumilikdə 10-14% arası aylıq eniş deməkdir . Bu, son illərin ən zəif aylıq göstəricilərindən biri kimi qiymətləndirilir.
Bu enişin əsas səbəbi klassik “təhlükəsiz liman” məntiqinin müvəqqəti pozulması oldu. Adətən geosiyasi risklər, məsələn, Yaxın Şərqdə müharibə qızılın qiymətini artırır. Lakin bu dəfə paralel olaraq ABŞ dollarının güclənməsi və faiz dərəcələrinin yüksək qalması investorları qızıldan uzaqlaşdırdı.
Eyni zamanda Hörmüz boğazının bağlanması nəticəsində Körfəz ölkələri dollar qıtlığı yaşadı və bunun nəticəsində bazara külli miqdarda qızıl çıxarıldı. Təklif artdı, tələb isə buna adekvat reaksiya verə bilmədi, bu amil də qızılın dəyər itirməsinə kömək etdi. Nəticədə, hətta müharibə və enerji böhranı fonunda belə qızıl ucuzlaşdı.
Mart ayı daxilində qiymət davranışı ayrıca təhlil edildikdə daha mürəkkəb mənzərə ortaya çıxır. Ayın əvvəlində sürətli yüksəliş müşahidə olunub, lakin sonra qiymət “pik” nöqtədən geri çəkilərək konsolidasiya mərhələsinə keçib . Bu, texniki baxımdan klassik “korreksiya” kimi qiymətləndirilir – yəni uzunmüddətli artım trendi daxilində qısa müddətli eniş.
Martın son həftəsində isə bazarda qismən bərpa müşahidə olunub. Məsələn, 23-30 mart aralığında qızılın qiyməti 4413 dollardan 4529 dollara qədər yüksələrək təxminən 2.6% artım göstərib. Bu artım bazara yeni alıcıların daxil olduğunu və aşağı qiymətlərin “cəlbedici” hesab edildiyini göstərir. Yəni qiymət enəndə bazara həm böyük maliyyə oyunçuları, həm dövlət qurumları, həm də adi alıcılar daxil olur və bunun sayəsində tələbin artması qiymətin yenidən qalxmasına zəmin yaradır.
Aprelin ilk günlərində bu bərpa daha aydın hiss olunub. Qızıl 4400 dollar ətrafından 4700-4800 dollar aralığına qədər yüksəlsə də, yenidən müəyyən geri çəkilmə ilə üzləşib. Bu isə bazarın hələ də qeyri-sabit və investorların qərarsızlıq içində olduğunu göstərir.
Eyni zamanda fundamental faktorlar da diqqətəlayiqdir. Məsələn, mərkəzi bankların, xüsusilə Çinin ardıcıl olaraq qızıl ehtiyatlarını artırması bazara uzunmüddətli dəstək verir. Digər tərəfdən, ETF fondlarından çıxışların artması və bəzi investorların mənfəət götürməsi qısamüddətli təzyiq yaradır. Bu iki ziddiyyətli proses bazarda paralel şəkildə mövcuddur.
Son günlərdə yayımlanan məlumatlar göstərir ki, aprelin əvvəlində qızıl qiymətlərində yenidən zəifləmə siqnalları verib. Futures bazarlarında eniş və tələbin azalması investorların ehtiyatlı mövqeyini əks etdirir. Bununla yanaşı geosiyasi gərginliyin müvəqqəti azalması, məsələn, ABŞ-İran atəşkəsi qızılın “təhlükəsiz liman” rolunu qismən zəiflədib.
Bütün bu faktlar göstərir ki, son bir ayda qızıl bazarı üç əsas mərhələdən keçib: əvvəlcə rekord səviyyələr, sonra kəskin korreksiya, ardınca isə qeyri-sabit bərpa. Bu dinamika onu deməyə əsas verir ki, qızılın qiymətində davamlı və fasiləsiz artım mərhələsi artıq arxada qala bilər və bazar daha çox dalğalı hərəkət fazasına daxil olub.
Analitik baxımdan əsas nəticə ondan ibarətdir ki, qızılın yaxın perspektivdə bahalaşması tam dayanmasa da, əvvəlki kimi sürətli və bir istiqamətli olmayacaq. Əksinə, qiymətlər qlobal maliyyə şərtlərinə, xüsusilə faiz dərəcələrinə, dolların gücünə və geosiyasi risklərin səviyyəsinə uyğun olaraq dəyişəcək. Mart-aprel 2026-cı il təcrübəsi göstərdi ki, hətta ən güclü “təhlükəsiz aktiv” belə makroiqtisadi faktorların təsiri altında qısa müddətdə ciddi ucuzlaşa bilər.
Bu baxımdan qızıl bazarının hazırkı vəziyyətini “yüksəlişdən sonra konsolidasiya mərhələsi” kimi xarakterizə etmək daha doğru olar.
Aprelin ikinci yarısı və may ayı üçün qızıl bazarına baxanda ən real gözlənti “kəskin trend yox, dalğalı hərəkət”dir. Son bir ayda artıq gördük ki, qiymət həm rekord səviyyəyə qalxa, həm də qısa müddətdə ciddi enə bilir. Bu, bazarın həddindən artıq həssas mərhələdə olduğunu göstərir.
Aprelin ikinci yarısında əsas diqqət ABŞ və qlobal maliyyə qərarlarına yönələcək. Əgər faiz dərəcələri ilə bağlı sərt siqnallar davam etsə və dollar güclü qalsa, qızıl üzərində təzyiq qalacaq. Bu halda qiymətlərin 4500-4700 dollar intervalında qalması və hətta qısa müddətli enişlər etməsi mümkündür. Amma eyni zamanda hər hansı geosiyasi gərginlik və ya iqtisadi risk xəbərləri qızılı yenidən sürətlə yuxarı çəkə bilər. Yəni bazar çox reaksiya verən – həssas vəziyyətdədir.
May ayına keçdikdə isə iki fərqli gözlənti daha aydın sezilir. Birinci gözlənti odur ki, inflyasiya zəifləyir və mərkəzi banklar faizləri azaltmağa yaxınlaşır. Bu halda qızıl yenidən güclənə və 4800-5000 dollar istiqamətində hərəkət edə bilər. İkinci ssenari isə bunun əksidir: əgər inflyasiya yüksək qalarsa və faizlər aşağı düşməzsə, investorlar daha gəlirli aktivlərə yönələr və qızıl ya yerində sayar, ya da yenidən eniş göstərə bilər.
Burada mühüm məqam ondan ibarətdir ki, son enişdən sonra bazarda artıq “ucuzdan alma” davranışı formalaşıb. Yəni qiymət hər dəfə aşağı düşəndə alıcılar aktivləşir. Bu da kəskin və uzunmüddətli düşüş ehtimalını azaldır. Amma eyni zamanda rekord səviyyələrə sürətli qayıdış da çətin görünür.
Azərbaycanda isə vəziyyət bir qədər fərqli hiss oluna bilər. Dünya bazarında hətta kiçik artım belə manatın məzənnəsi fonunda daha güclü bahalaşma kimi görünə bilər. Yəni qlobal bazarda stabillik olsa belə, daxili bazarda qiymət artımı davam edə bilər.
Ümumiyyətlə, ən real gözlənti belədir: aprelin ikinci yarısı və may ayında qızıl ya dar diapazonda qalacaq, ya da yavaş-yavaş yuxarı meylli dalğalanma göstərəcək.
A.NƏSİRLİ
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.