İsveç Sahil Mühafizəsi Panama bayrağı altında Rusiyadan İspaniyanın Las-Palmas şəhərinə gedən “Hui Yuan” quru yük gəmisinə baxış keçirib.
KONKRET.az bu barədə SVT telekanalına istinadən xəbər verir.
Qeyd olunub ki, gəminin ekipajı açıq dənizə kömür tozunu axıtdığına görə ekoloji qanunvericiliyi pozmaqda ittiham olunur. Sahil Mühafizəsinin əməkdaşları gəminin göyərtəsindən kömür qalıqlarının birbaşa suya axıdılması prosesini qeydə alıblar.
Hazırda gəmi prokurorluğun tapşırığı ilə İsveçin İstad şəhəri sahillərində lövbər salıb. İsveçin Ekologiya və Əmək Məsələləri üzrə Milli Departamentinin prokuroru Hokan Andersson təsdiqləyib ki, gəminin kapitanına ittiham irəli sürüləcək.
“Sahil Mühafizəsi gəmini göyərtədən dənizə kömür tozu axıdarkən yaxalayıb. Bu, Ekoloji Məcəllənin pozulmasıdır. Biz kapitanı dindirmək istəyirik”, – deyə H.Andersson bildirib.