RU

Akademik Zərifə Əliyeva fenomeni



Azərbaycan elminin parlaq siması, görkəmli dövlət və elm xadimi Əziz Əliyevin qızı, Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı və Prezident İlham Əliyevin anası – akademik Zərifə xanım Əliyevanın ömür yolu xalqa xidmətin, elmi fədakarlığın və nəcibliyin ali nümunəsidir. 1923-cü ilin 28 aprelində Şahtaxtı kəndində başlayan bu şərəfli ömür, təkcə bir alimin uğur hekayəsi deyil, həm də minlərlə insana işıqlı dünya bəxş edən bir şəfaət yoludur.

Zərifə xanımın elmi fəaliyyəti Azərbaycan tibb elminin ən çətin sınaqları ilə dolu bir dövrə təsadüf etmişdir. 1947-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə bitirən gənc həkim, həmin dövrdə ölkədə geniş yayılan və tam korluğa səbəb olan traxoma infeksion xəstəliyinə qarşı qətiyyətli mübarizəyə başlamışdı. Onun təklif etdiyi "Sintomisin"lə müalicə metodu tezliklə bütün respublikada tətbiq edildi və Azərbaycanda traxomanın bir xəstəlik kimi aradan qaldırılması məhz Zərifə Əliyevanın adı ilə tarixə düşdü. Onun elmi axtarışları təkcə laboratoriya divarları ilə məhdudlaşmırdı; o, xəstəliyin geniş yayıldığı rayonlara gedir, uşaq evlərində kimsəsiz balaların gözlərinə nur bəxş edirdi. 1977-ci ildə Moskvada müdafiə etdiyi doktorluq dissertasiyası isə oftalmologiyada yeni bir cığır açdı. Bu xidmətlərinə görə o, 1981-ci ildə keçmiş İttifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan M.İ. Averbax adına mükafata layiq görülən ilk qadın alim oldu.

Zərifə xanımı xalqa sevdirən təkcə onun akademik titulları deyil, həm də yüksək mənəvi keyfiyyətləri, təvazökarlığı və səmimiyyəti idi. Onu tanıyanlar "nurlu insan" obrazını hər zaman ön plana çəkirlər. O, xəstələrinə sadəcə tibbi obyekt kimi deyil, bir doğması kimi yanaşır, hər kəsə eyni səmimiyyətlə ünsiyyət qururdu. Azərbaycanın birinci xanımı, nüfuzlu dövlət xadiminin həyat yoldaşı olmasına baxmayaraq, o, hər zaman sadə və əlçatan olmuş, heç vaxt öz statusunu qabartmamışdır. Heydər Əliyev öz ömür-gün yoldaşı haqqında deyirdi: "Zərifə xanım çox böyük alim idi. Amma mənim üçün o, hər şeydən əvvəl böyük bir insan idi, vəfalı bir dost idi, mənim həyat yolumun işığı idi". Akademik Mustafa Topçubaşov isə onun fəaliyyətini yüksək qiymətləndirərək qeyd edirdi ki, Zərifə xanım öz fəaliyyəti ilə həqiqi alimin həm də böyük qəlbli insan olmalı olduğunu sübut etdi və onun oftalmologiyaya gətirdiyi ən böyük yenilik insanpərvərlik idi.

Akademik Zərifə Əliyevanın Azərbaycan xalqı qarşısındakı ən böyük və tarixi xidmətlərindən biri də dövlətimizin bu günü və gələcəyi üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev kimi bir lider yetişdirməsidir. İlham Əliyevin bir şəxsiyyət və dövlət xadimi kimi formalaşmasında Zərifə xanımın təmkinli, kübar və humanist xarakteri, eləcə də övladlarına aşıladığı milli-mənəvi dəyərlər həlledici rol oynamışdır. Dövlət başçısı öz xatirələrində anasını hər zaman böyük sevgi və ehtiramla anaraq qeyd edir ki, hər bir insan üçün valideynləri müqəddəs olsa da, Zərifə xanım onun üçün həm də zəriflik, xeyirxahlıq və yüksək mənəviyyat rəmzidir. Cənab Prezidentin vurğuladığı kimi, ailədə valideynlər arasındakı qarşılıqlı hörmət və səmimiyyət övladlar üçün ən böyük tərbiyə məktəbi olmuş, onlara Vətənə və xalqa sədaqətlə xidmət etmək idealı məhz bu ocaqda aşılanmışdır. Cənab İlham Əliyev anasının nurlu obrazını həm peşəkar həkim, həm böyük alim, həm də övladlarını vətənpərvər ruhda tərbiyə edən fədakar Azərbaycan qadını kimi xarakterizə edir. Bu gün ölkə rəhbərinin həyata keçirdiyi humanist siyasətin və insan amilinə verilən yüksək dəyərin kökündə məhz akademik Zərifə Əliyevadan miras qalmış həmin ali mənəviyyat və xeyirxahlıq fəlsəfəsi dayanır.

1983-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilən Zərifə Əliyeva, onlarca elmlər doktorunun elmi rəhbəri olmuş və 1985-ci ildə Moskvada vəfat etməsinə baxmayaraq, onun nuru hələ də yaşamaqdadır. Zərifə Əliyeva haqqında yazılan hər sətirdə bir "işıq" motivi var. Çünki o, fiziki olaraq insanların gözünə nur qaytarırdısa, mənəvi olaraq cəmiyyətə xeyirxahlıq və daxili saflıq aşılayırdı. O, Azərbaycanın yaddaşında əbədi şəfqət mücəssəməsi kimi qaldı.

İlqar Kərimov,
YAP Tovuz Rayon Təşkilatının sədr müavini




Избранный
22
aia.az

1Источники