“Bundan sonra ABŞ+İsrail- İran münaqişəsində üç ssenari önə çıxır...”
“İran özünün ən böyük silahını öz düşməninə 6 milyard dollara satarmı?..”
ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin sülh və münaqişə tədqiqatları professoru, sülh fəalı Dr. Əli Əskərli ilə Moderator.az üçün budəfəki söhbətimizdə əsasən İranın Amerika tərəfi ilə son İslamabad danışıqlarından sonra gözlənilən ssenarilər, həmçinin İranın gələcəkdə region və Azərbaycan üçün gerçək təhlükə yarada bilməsi ehtimalından bəhs etdik.
-Əli bəy, ABŞ-la İran arasında son 21 saatlıq, 4 raundlu İslamabad danışıqları və onlardan sonra yaranmış durumu necə dəyərləndirirsiniz?
-Bu danışıqlardan bir nəticə hasil olmadı. Adətən bu cür müzakirələrdən sonra tərəflər qısa bir zaman gözləmə mövqeyində olurlar. Ondan sonra ya müzakirələr yenidən başlayır, ya da yenidən hərb institutundan istifadə olunur…
Danışıqların dalana dirənməsinin əsas səbəbləri Hörmüz boğazının statusu və zənginləşdirilmiş uran stoklarının aqibətidir. İran heç birində güzəştə getmədi. Xatırladım ki, müharibədən əvvəl Hörmüz boğazı açıq idi və İran zənginləşdirilmiş uran məsələsində də olduqca ilıq bir siyasi tutum içərisində idi. Bu, öz-özlüyündə 40 günlük müharibənin ABŞ üçün nə qədər mənasız və uğursuz olduğunu göstərir...
Bundan sonra ABŞ+İsrail- İran münaqişəsində üç ssenari önə çıxır. Birincisi, ABŞ bölgədə hazır gözləyən donanması ilə İranı yenidən vurmağa başlaya bilər, İran da öz növbəsində əvvəl olduğu kimi İsraili və ABŞ-ın müttəfiqlərini vurmağa davam edər. Bunun haraya gedəcəyini dəqiqliklə söyləmək mümkün deyil, amma Tramp olduqca riskli addımlar atacağını bir neçə dəfə bildirib. Onun “İranı daş dövrünə qaytarmaq” deyimi obrazlı bir ifadə də ola bilər, gerçəkçi bir ifadə də…
İkincisi, müzakirələr bir müddət sonra yenidən başlaya bilər. Ondan ötrü hər iki tərəf bunda maraqlı olmalı və az da olsa, güzəştə getmək istəyində olmalıdır…
Üçüncü yol isə ABŞ-ın İranda yeni bir Suriya yaratmağa çalışması ehtimalıdır. Bu daha çox İsrailin istədiyi bir ssenaridir. Belə bir ssenariyə nail ola bilsələr, İranda qanlı qarşıdurmalar tezliklə vətəndaş müharibəsinə çevrilə bilər. Bu isə söndürülməsi çətin bir yanğın yaradar…
ABŞ heyəti 21 saatlıq müzakirə zamanı Trampla on dəfədən artıq əlaqə saxladı, onu məlumatlandırmaq məqsədilə. Lakin göründüyü kimi, bu görüşlərdən bir nəticə çıxmadı. Bu, bir dərəcəyə qədər İranın özünə güvəndiyinin bir işarəsidir. Həm də onun ciddi bir şəkildə geri addım atmasının baha başa gəlməsi ehtimalı yüksəkdir. Lakin qeyd etmək lazımdır ki, ilk görüşdə müzakirələrdən bir nəticə almaq ehtimalı onsuz da olduqca az idi. Ona görə də bir qədər gözləyib ikinci bir raundun baş verib-verməyəcəyinə baxmaq lazımdır.
Bu müharibənin bitməsini istəməyən tərəflər – İsrail və körfəz dövlətləri – ABŞ-la gizli danışıqlar içindədir. Bunun ABŞ-ın qərarında ciddi rolu olacağını təxmin etmək mümkündür. İsrail Ağ Ev üzərində hələ də ciddi bir təsirə malikdir. Körfəz dövlətləri isə yarım qalan bir müharibənin onlar üçün olduqca təhlükəli olacağına inanır. Buna görə də onlar yenilənəcək bir müharibənin maliyyələşdirilməsini təmin etməyə hazırdırlar. Bu, Tramp üçün olduqca cəlbedicidir…
– İranın son danışıqlarda guya Hörmüz boğazını 6 milyard dollar, yəni xaricdə dondurulmuş aktivlər hesabına Amerikaya satması iddiasına münasibətiniz...
-İran bu gün Amerika ilə bir müzakirə aparmaq mövqeyindədirsə, bunu Hörmüz boğazına borcludur. Hörmüz boğazı İran üçün nüvə silahından daha böyük bir rol oynayır – buna bütün dünya şahiddir. İran özünün ən böyük silahını öz düşməninə 6 milyard dollara satarmı? İran əlbəttə ki, özünün dondurulmuş varlıqlarını müzakirənin mövzuları arasına daxil etmək istəyirdi. O, sadəcə özünə aid olan vəsaitləri tələb edir. 6 milyard dollar o varlıqların sadəcə 15 faizini təşkil edir…
– Trampın İsraili bundan sonra meydanda İranla təkbaşına buraxaraq çəkilməsi mümkündürmü?
-Amerikanın dəstəyindən məhrum bir İsrail İran qarşısında tab gətirə bilməz. Trampın İsraili tərk edəcəyi gerçəkçi bir yanaşma deyil. Lakin Tramp İsraili bir qədər geri çəkilməyə məcbur edə bilər. Bunun üçün lazım olan şərtlər hazırda hələ tam yetişməyib...
– Əli bəy, Mmövcud savaşdan salamat çıxa biləcək İran rejiminin bundan sonra daha da sərtləşəcəyi, bir müddət sonra doğrudan da nüvə silahına yiyələnəcəyi və region, o cümlədən Azərbaycan və Türkiyə üçün gerçək təhlükəyə çevriləcəyi perspektivi görünürmü?..
-ABŞ və İsraillə müharibədən İranın necə çıxacağına bu gün qərar vermək çətindir. İran bu savaşdan güclənərək də çıxa bilər, zəifləyərək də. İran bu müharibədən güclənərək çıxsa, bu, əsasən Körfəz dövlətləri üçün arzuolunmaz vəziyyət yaradar. Türkiyə üçün İranın bir təhlükə yarada biləcəyinə inanmaq çətindir, amma Türkiyə NATO ilə İran arasında həm körpü rolu oynaya bilər, həm də bu səbəbdən zaman-zaman çətin vəziyyətə düşə bilər. Azərbaycana gəldikdə isə, belə bir təhlükənin mövcud olmasına etiraz etməməklə birlikdə onun Azərbaycan üçün gerçək bir təhlükə yaradacağına ehtimal vermək çətindir. Unutmaq olmaz ki, Azərbaycanı İrana qarşı qoruyan ən əsas güc elə İranın özündədir...
Sultan Laçın