RU

Zərifə Əliyeva: yaddaşlarda əbədi iz qoymuş fədakar alim

Heydər Əsədov

Milli Məclisin deputatı

Aprelin 15-i Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, akademik Zərifə Əliyevanın anım günüdür. Zərifə xanım zəngin elmi irsi, fədakar həkim fəaliyyəti və insani keyfiyyətləri ilə yaddaşlarda əbədi iz qoymuşdur.

Zərifə Əziz qızı Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açmışdır. Gənc yaşlarından elmə böyük maraq göstərən Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuş, 1947-ci ildə ali təhsilini əla qiymətlərlə başa vurmuşdur.

Zərifə Əliyeva 1949-cu ildən etibarən Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda fəaliyyətə başlamış, qısa müddətdə özünü bacarıqlı tədqiqatçı və peşəkar həkim kimi təsdiq etmişdir. Onun elmi fəaliyyətinin əsas istiqamətlərindən biri göz xəstəliklərinin, xüsusilə traxoma və qlaukomanın öyrənilməsi olmuşdur. Belə ki, XX əsrin ortalarında geniş yayılmış və ciddi fəsadlara səbəb olan traxoma xəstəliyinə qarşı mübarizədə Zərifə xanımın rolu xüsusi qeyd edilməlidir. O, yalnız elmi araşdırmalar aparmaqla kifayətlənməmiş, bölgələrə səfərlər edərək xəstəliyin profilaktikası və müalicəsi istiqamətində praktiki tədbirlər həyata keçirmişdir. Görkəmli alimin tətbiq etdiyi müalicə metodları qısa müddətdə geniş yayılmış və bu xəstəliyin aradan qaldırılmasına mühüm töhfə vermişdir.

Zərifə Əliyeva 1960–1970-ci illərdə oftalmologiya sahəsində mühüm elmi nailiyyətlər əldə etmiş, 1977-ci ildə tibb elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Sonralar professor kimi fəaliyyət göstərən alim həm də yüzlərlə gənc həkimin yetişməsində mühüm rol oynamışdır. Onun rəhbərliyi ilə yeni nəsil oftalmoloqlar formalaşmış, bu sahənin inkişafına davamlı töhfələr verilmişdir.

Alimin elmi irsi olduqca zəngindir, 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın müəllifi olmuş, oftalmologiyanın müxtəlif istiqamətlərinə dair fundamental tədqiqatlar aparmışdır. “Terapevtik oftalmologiya” kimi əsərləri bu gün də mütəxəssislər üçün dəyərli mənbədir.

Zərifə Əliyevanın elmi fəaliyyəti yalnız ölkə daxilində deyil, beynəlxalq səviyyədə də yüksək dəyərləndirilmişdir. O, 1981-ci ildə oftalmologiya sahəsindəki xidmətlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk azərbaycanlı qadın alim olmuşdur. Bu amil onun elmi nüfuzunun və peşəkarlığının bariz göstəricisidir.

Zərifə Əliyeva yalnız alim və həkim kimi deyil, həm də yüksək mənəvi keyfiyyətlərə malik ziyalı kimi tanınırdı. O, kimsəsiz uşaqlara göstərdiyi qayğı, bölgələrdə apardığı maarifləndirmə işi və insanların sağlamlığı naminə fədakar fəaliyyəti ilə seçilirdi. Onun “Yüksək etimad” kitabı həkim peşəsinin mənəvi tərəflərini ön plana çəkərək, bu sahədə çalışanlar üçün dəyərli bir bələdçi rolunu oynayır. Zərifə xanımın həkimlik sənəti ilə bağlı bir fikri də diqqəti cəlb edir: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”.

1983-cü ildə Zərifə Əliyevanın Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilməsi onun elmi fəaliyyətinə verilən yüksək qiymət idi. Bu hadisə həm də milli tibb elminin inkişafında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir. Alimin adı bu gün də səhiyyə sahəsində böyük ehtiramla çəkilir. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi bu dəyərli şəxsiyyətin zəngin irsini yaşadan və inkişaf etdirən ən mühüm tibb müəssisələrindən biridir.

Zərifə Əliyeva həm də nümunəvi ana və həyat yoldaşı kimi yadda qalmışdır. Ailəsinə, övladlarına göstərdiyi diqqət və qayğı onun şəxsiyyətinin ayrılmaz hissəsi idi. Ulu Öndər Heydər Əliyev həyat yoldaşı Zərifə xanım haqqında qeyd etmişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”.

Zərifə Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişmişdir. Onun vəfatı təkcə tibb ictimaiyyəti deyil, bütün xalq üçün böyük itki olmuşdur. Lakin Zərifə xanımın qoyub getdiyi zəngin elmi irs, yetişdirdiyi kadrlar və insanlara bəxş etdiyi ümid bu gün də təqdir edilir.

Ölkəmizdə tibb elminin inkişafına mühüm töhfələr vermiş görkəmli oftalmoloq alim Zərifə Əliyevanın anadan olmasının 100 illiyinin qeyd edilməsi məqsədilə dövlətimizin başçısının müvafiq Sərəncamına əsasən, 2023-cü ildə Səhiyyə Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən silsilə tədbirlər təşkil olunmuşdur.

Görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın xatirəsi dərin ehtiramla yad edilir. Onun həyat yolu nümunədir. Elmə sədaqət, insanlara sevgi və yüksək mənəvi dəyərlər Zərifə xanımın həyat fəlsəfəsinin əsasını təşkil edirdi və bu dəyərlər gələcək nəsillər üçün də örnək olaraq qalır.

Избранный
16
3
veteninfo.az

10Источники