RU

Seçkiöncəsi II Qaregin yenidən meydana çıxıb

Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirli QHT.az-a bildirib ki, Ermənistanda seçkiöncəsi siyasi proseslərin gərginləşdiyi bir dövrdə Erməni Apostol Kilsəsinin rəhbəri II Qaregin yenidən aktiv siyasi ritorika ilə gündəmə gəlib.

Ə.Bəydəmirlinin sözlərinə görə, ötən dövr ərzində Ermənistanın baş naziri Nikol Paşinyan kilsənin yaratdığı mürəkkəb və acınacaqlı durumdan uzaqlaşmağa çalışıb. Bu proses, əsasən, Paşinyanın “II Qaregin öz könüllü subaylıq əhdini pozub və onun uşağı var” iddiaları ilə daha da diqqət mərkəzinə çıxıb. Sədr qeyd edib ki, baş nazir komandasının sərrast ittihamları və həyata keçirdiyi tədbirlərdən sonra II Qaregin bir müddət ictimai-siyasi müstəvidən kənarda qalmışdı.

Əkrəm Bəydəmirli bildirib ki, Erməni Apostol Kilsəsinin rəhbəri yenidən Fransanın paytaxtı Parisdə keçirilən diaspor konfransında peyda olub və diaspor nümayəndələrinə müraciət ünvanlayıb. Onun sözlərinə görə, müraciətdə diaspor təşkilatlarının vahid gücə çevrilməsi və “milli maraqların müdafiəsi” naminə birgə fəaliyyət göstərməsi çağırışı yer alıb.

Sədr vurğulayıb ki, erməni mediasının yaydığı məlumata əsasən, katolikos 12 aprel tarixində gənclərlə görüşündə də bir sıra mühüm mesajlar verib. O, bu çıxışında bildirib: “Arzuolunmaz bir vəziyyətlə üz-üzəyik, belə ki, kilsə hakimiyyət nümayəndələri tərəfindən hədəfə alınıb.”

Ə.Bəydəmirlinin fikrincə, II Qareginin bu aktivliyi Ermənistanda seçkiöncəsi Rusiyanın dəstəklədiyi revanşist qüvvələrə dəstək məqsədi daşıyır. O hesab edir ki, bu prosesdə erməni diasporunun və digər xarici təsir mərkəzlərinin imkanlarından istifadə edilməsinə cəhd göstərilir. “Bütün bu proseslərdə şimal qonşumuzun barmaq izləri açıq şəkildə görünür”, – deyə sədr əlavə edib.

Əkrəm Bəydəmirli bildirib ki, tarixə nəzər saldıqda, Gülüstan və Türkmənçay müqavilələrindən sonra Rusiya imperiyasının regionda həyata keçirdiyi siyasətdə erməni katolikoslarının mövcud vəziyyətdən daim yararlanmağa çalışdığı müşahidə olunur.

Sədr vurğulayıb ki, Moskvanın Cənubi Qafqazda son dayaq nöqtəsi hesab edilən Ermənistanı asanlıqla itirəcəyinə inanmaq çətindir. Onun sözlərinə görə, iyun ayında keçiriləcək parlament seçkiləri yaxınlaşdıqca yeni siyasi sürprizlərin ortaya çıxması istisna deyil.

Ə.Bəydəmirlinin sözlərinə görə, Rusiya regionda hegemonluğunu qoruyub saxlamaq üçün bütün vasitələrə əl ata bilər. O qeyd edib ki, Ermənistanda parlament seçkiləri həm daxili siyasi sabitlik, həm də regional geosiyasi balans baxımından mühüm əhəmiyyət daşıyır.

Sədr sonda əlavə edib ki, hazırkı mərhələdə Rusiyanın öz daxili problemlərini həll etmək əvəzinə Cənubi Qafqazda köhnə ssenariləri yenidən gerçəkləşdirməyə çalışması diqqətçəkən məqamdır.

Избранный
18
qht.az

1Источники