Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa çempionatı Azərbaycan gimnastikası üçün əlamətdar nəticələrlə yekunlaşıb.
Azərbaycan Gimnastika Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkəmiz bu mötəbər yarışda gənclər və böyüklər yaş kateqoriyalarında ümumilikdə 23 gimnastla təmsil olunub.
Təsnifat mərhələlərindən uğurla keçən gimnastlarımız bir sıra kateqoriyalar üzrə yarımfinal və final mərhələlərində mübarizə aparıblar. Batut gimnastikası üzrə fərdi proqramda Selcan Mahsudova çempionatı 56.550 xalla 4-cü, Maqsud Mahsudov isə 60.080 xalla 6-cı pillədə tamamlayıb.
Komanda yarışlarında həm gənclər, həm də böyüklərdən ibarət heyətlərimiz final mərhələsinə vəsiqə qazanaraq tarixi nailiyyətə imza atıblar. Böyüklərdən ibarət komanda finalda 4-cü yeri tutaraq yüksək nəticə göstərib.
Sinxron proqramlarda da gimnastlarımız uğurla çıxış edərək növbəti mərhələlərə yüksəlib, ölkəmizi layiqincə təmsil ediblər.
İkili-mini batut üzrə gənclərdən ibarət komandamız finala yüksələrək Azərbaycan gimnastikası tarixində yeni səhifə açıb. Eyni zamanda Ammar Baxşalıyev fərdi proqramda finalda mübarizə aparıb.
Tamblinq üzrə çıxışlar xüsusilə yaddaqalan olub. Komandamız final mərhələsində yüksək nəticə göstərərək gümüş medal qazanıb. Fərdi proqramda isə Tofiq Əliyev 29.300 xalla Avropa çempionatının gümüş medalına layiq görülüb. Bu nəticə onun Avropa çempionatlarında ardıcıl olaraq qazandığı ikinci gümüş medaldır.
Bu Avropa çempionatı Azərbaycan gimnastikası tarixində ilk dəfə olaraq həm gənclər, həm də böyüklər yaş kateqoriyalarında batut gimnastikası üzrə komanda hesabında, eləcə də ikili-mini batut üzrə gənclər arasında final mərhələlərinə yüksəlməklə yadda qalıb.
Azərbaycan gimnastları Avropa çempionatında ümumilikdə mümkün olan 16 final mərhələsindən 13-nə yüksələrək yarışın ən uğurlu iştirakçıları sırasında yer alıblar.