RU

Bu şəxslər valideynlik hüququndan məhrum edilə bilər Açıqlama

ain.az, GlobalInfo saytına istinadən bildirir.

Azərbaycanda uşaq və gənclərin fiziki, mənəvi inkişafı son illərdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır. Bu sahədə həyata keçirilən proqramlar sağlam nəslin formalaşdırılmasına xidmət edir. Belə ki, məktəblərdə və idman müəssisələrində yaradılan şərait gənclərin fiziki aktivliyini artırmağa yönəlib. Eyni zamanda, onların mənəvi dəyərlər əsasında tərbiyəsi üçün müxtəlif layihələr icra olunur. Gənclər arasında sağlam həyat tərzinin təşviqi məqsədilə maarifləndirici tədbirlər keçirilir. İdmanın kütləviləşdirilməsi bu istiqamətdə əsas vasitələrdən biri hesab olunur. Regionlarda yeni idman komplekslərinin tikilməsi imkanları daha da genişləndirir.

Təhsil sistemində aparılan islahatlar gənclərin dünyagörüşünün formalaşmasına müsbət təsir göstərir. Müxtəlif sosial layihələr onların cəmiyyətə inteqrasiyasını asanlaşdırır. Könüllülük hərəkatı gənclərin sosial məsuliyyət hissini artırır. Mədəni və incəsənət tədbirləri isə onların estetik zövqünün inkişafına şərait yaradır. Dövlət və qeyri-hökumət təşkilatlarının əməkdaşlığı bu sahədə effektiv nəticələr əldə olunmasına imkan verir. Eyni zamanda, informasiya texnologiyalarından düzgün istifadə gənclərin intellektual inkişafına töhfə verir. Ümumilikdə, görülən işlər Azərbaycanda sağlam, savadlı və mənəviyyatlı gənc nəslin yetişdirilməsinə xidmət edir.

Uşaq və gənclərin inkişafının qorunması ilə bağlı qanunvericilikdə hansı əsas öhdəliklər, məsuliyyətlər nəzərdə tutulur?

Globalinfo.az-a danışan mediator-hüquqşünas, ailə və mənəvi inkişaf mentoru Nərminə Qəribova deyib ki, bu məsələ qanunvericilikdə geniş şəkildə tənzimlənir:

“Bu sahədə dövlət, valideynlər və cəmiyyət üçün konkret öhdəlik, məsuliyyətlər müəyyən edilir. Bu normalar əsasən “Uşaq hüquqları haqqında” qanun, Konstitusiya və beynəlxalq sənədlərə əsaslanır. Dövlət uşaqların hərtərəfli inkişafını təmin edən əsas məsul tərəfdir. Eyni zamanda, uşaqların fiziki, əqli və mənəvi inkişafı üçün şərait yaradır, sağlam, təhlükəsiz mühitdə təhsil alma imkanlarını təmin edir, inkişaf proqramları həyata keçirir, uşaqları zərərli informasiyadan və təsirlərdən qoruyur, onların inkişafı üçün aktiv siyasət aparır, uşaq hüquqlarına nəzarət edən mexanizmlər yaradır, eləcə də xalqın gələcəyi olan uşaqların hüquqlarını tam şəkildə müdafiə etmək dövlətin öhdəliyidir”.

Nərminə Qəribova

Hüquqşünas bildirib ki, uşağın hərtərəfli sağlam mühitdə böyüməsi üçün vacib olan digər tərəf isə ailədir:

“Burada valideynlərin və ailənin məsuliyyətləri böyükdür. Qanun valideynləri uşağın inkişafında əsas məsul şəxs kimi müəyyən edir. Onu milli, ümumbəşəri dəyərlər əsasında yetişdirmək, maddi və mənəvi tələbatlarını təmin etmək, təhsil və inkişafına şərait yaratmaq, uşağı müstəqil həyata hazırlamaq valideynlərin borcudur. Öhdəliklərini yerinə yetirməyən valideynlər valideynlik hüququndan məhrum edilə bilər və hətta inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə bilər. Cəmiyyət və digər şəxslər də uşaqlar qarşısında öhdəlik daşıyır. Çünki qanun yalnız dövlət və valideynləri deyil, bütün cəmiyyəti məsul sayır.

Uşaqlara qarşı zorakılıq, qəddar rəftar, uşaq əməyinin istismarı, uşaqların fiziki və psixoloji sağlamlığını təhdid edən hallar, mediada, ictimai mühitdə uşaqların mənəvi inkişafına zərərli məzmunlu məlumatların yayılması kimi digər hallarla rastlaşan şəxs dərhal müvafiq orqanlara məlumat verməlidir. Çünki bu gün cəmiyyətimizdə uşaqların sağlam mühitdə böyüməsinə mane olan hallarla rastlaşırıq. Cəmiyyət olaraq xalqın gələcəyi olan uşaqların sağlamlığını ön plana salmalıyıq.

Boşanmaların artması daha çox uşağın sağlam ailə mühitindən məhrum olmasına səbəb olur. Digər narahat edici məsələ uşaqların həddindən artıq dərs yükü və məktəbdən əlavə məşğələlərin çox olması, asudə vaxtın, yuxu, qida rejiminin düzgün bölünməməsi, “fast-food” qidaların qəbulu, uşaqların telefon asılılığı, oyunlar və digər zərərli vərdişlərin olmasıdır. Həm məktəb, həm də valideynlər uşaqların fiziki və psixoloji sağlamlığını hər zaman birinci planda saxlamalıdır”.

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Mövzu: uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Ləman İmran

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
19
globalinfo.az

1Источники