RU

“Hesabatda pozuntular bir neçə istiqamətdə təsnifləşdirilmişdir və...” Millət vəkilinin ÇIXIŞI

Azpolitika.az saytından alınan məlumata görə, ain.az bildirir.

“Hesabatda pozuntular arasında strateji planlaşdırma ilə bağlı olan nöqsanlar xüsusi diqqət çəkir. Belə ki, sənəddə qeyd olunur ki, auditlər bəzi hallarda funksional fəaliyyət üzrə strateji plan və illik əməliyyat planlarının düzgün tərtib edilmədiyini və yaxud da ümumiyyətlə, tərtib edilmədiyini göstərir...”

"AzPolitika" xəbər verir ki, bu fikirləri millət vəkili, iqtisad elmləri doktoru, professor Rövşən Muradov “Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci ildə fəaliyyəti haqqında Hesabatı”nın Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəsi zamanı deyib.

Millət vəkilinin çıxışını təqdim edirik: “Məlumdur ki, 2025-ci il “2021-2025-ci illər üzrə Strateji Plan”ın son icra ili olmuşdur və bu ilki Hesabatı ötənilkilərdən fərqləndirən əsas məqam hesabatda 5 illik “Strateji planın” icra vəziyyəti barədə məlumatların əks olunmasıdır. Belə ki, ilk dəfə olaraq Palata öz fəaliyyəti hesabatında bu məlumatları verməklə bizə son 5 ildə qurumun əldə etdiyi və nail olmadığı hədəflərə nəzər yetirməyə imkan verir.

Qeyd edilməlidir ki, hesabat ilində Palatanın və Milli Məclisin təklif və tövsiyyələri də nəzərə alınmaqla, dövlət maliyyəsinə xidmət edən hüquqi aktlarda bir sıra dəyişikliklər edilmiş, fiskal qaydalar yenilənərək təkmilləşdirilmiş və sadələşdirilmişdir. Eyni zamanda, ilk dəfə olaraq Palata bəzi iri həcmli vəsait icra edən qurumların konsolidə edilmiş maliyyə hesabatlarının auditini həyata keçirmişdir və illik hesabatda ilk dəfə nəticə əsaslı büdcə modelindən istifadə etmişdir.

Hesabatda verilən 5 illik monitorinq göstəricilərinə nəzər saldıqda əksər hədəflərin yerinə yetirildiyini və göstəricilər arasında bəzi audit növlərinin payının artırılması ilə bağlı hədəflərə qismən nail olunması diqqət çəkir. Ümid edirəm ki, bu hal Palatanın yeni “2026-2030-cu illər üzrə Strateji Planı”nda da nəzərə alınıbdır.

Hesabatda həmçinin, müxtəlif fəaliyyət istiqamətləri üzrə əsas fəaliyyət göstəriciləri (KPI-lar) və ya digər göstəricilər də əks olunubdur. Fəaliyyətin əsasən, kəmiyyət göstəriciləri üzərindən bu cür açıqlanmasını müsbət hal kimi qiymətləndirirəm.

Hesabatda keçirilmiş auditlərin nəticəsi olaraq, aşkar olunmuş pozuntular bir neçə istiqamətdə təsnifləşdirilmişdir və daha çox rast gəlinən pozuntular barədə məlumatlar verilir. Sözügedən istiqamətlər arasında yenə də əsas yeri büdcə vəsaitlərinin idarə edilməsi və dövlət satınalmaları tutur. Bu istiqamətdə maarifləndirmə işlərinin davam etdirilməsi ilə yanaşı, hesabatda “Dövlət satınalamaları haqqında” Qanunla da bağlı konseptual məsələlər və təkliflər öz əksini tapıbdır.

Hesabatda pozuntular arasında strateji planlaşdırma ilə bağlı olan nöqsanlar xüsusi diqqət çəkir. Belə ki, sənəddə qeyd olunur ki, auditlər bəzi hallarda funksional fəaliyyət üzrə strateji plan və illik əməliyyat planlarının düzgün tərtib edilmədiyini və yaxud da ümumiyyətlə, tərtib edilmədiyini göstərir. Hesablama Palatasının bu aspektdən fəaliyyətini digər qurumlar üçün nümunə göstərməklə yanaşı, hesab edirəm ki, onun tövsiyələrinin icra vəziyyəti bir qədər də yüksəlməlidir.

Hesabatda öz əksini tapmış növbəti yenilik isə, keçirilən auditlərin nəticələrinin sahələr üzrə qruplaşdırılmasıdır. Bu hal konkret sahələr üzrə hansı pozuntuların aşkarlandığını müəyyən etməyə imkan verəcəkdir. Belə ki, məlumatların bu şəkildə açıqlanması fikrimcə, müvafiq sahələr üzrə peşəkar kadrlar və ekspertlər üçün də faydalı olacaqdır.

Çıxışımın sonunda qeyd etmək istəyirəm ki, Hesablama Palatasının təqdim etdiyi hesabat məzmun baxımından geniş və hərtərəflidir, yenilikçidir və Milli Məclisin plenar iclasının müzakirəsinə təqdim oluna bilər. Diqqətinizə görə minnətdaram”.

“Azpolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
19
azpolitika.info

1Источники