RU

Macarıstan Rusiya orbitindən müəyyən qədər uzaqlaşacaq Azər Həsrət

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"Ümid edək ki, Slovakiyada da belə bir dəyişiklik olacaq və Rusiyanın Avropa Birliyi daxilindəki forpostlarının əli çıxmış olacaq"

Macarıstanda keçirilən son parlament seçkiləri ölkənin siyasi səhnəsində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilir. Müxalif Tisa Partiyasının lideri Peter Magyarın qələbə bəyanatı, uzun illərdir davam edən siyasi balansın dəyişməsi ehtimalını gündəmə gətirib. Budapeştdə keçirilən mitinqdə səsləndirilən bu açıqlama, seçkilərin nəticələrinin yalnız hakimiyyət uğrunda mübarizə deyil, eyni zamanda ölkənin gələcək siyasi kursu baxımından həlledici əhəmiyyət daşıdığını göstərir. İlkin nəticələrə görə, Tizsa Partiyası parlamentdə ciddi üstünlük əldə edərək təxminən üçdə iki çoxluğa yaxın nəticə qazanıb. Bu isə o deməkdir ki, partiya qanunvericilik təşəbbüslərini daha rahat həyata keçirmək və hətta konstitusion dəyişikliklər etmək imkanına sahib ola bilər. Səsvermədə seçicilərin əhəmiyyətli hissəsinin dəstəyi qeydə alınıb və bu nəticə seçicilərin dəyişiklik istəyinin güclü olduğunu nümayiş etdirir.

Bu seçkilər təkcə hakimiyyət dəyişikliyi kimi deyil, həm də Macarıstanın daxili və xarici siyasət kursunun yenidən formalaşması baxımından strateji mərhələ kimi qiymətləndirilir.

Siyasi şərhçi Azər Həsrət Sherg.az-a söyləyib ki, Peter Maqyarın qələbəsimüsbət qiymətləndirilir, çünki Macarıstan Rusiya orbitindən müəyyən qədər uzaqlaşacaq:

“Rusiyanın Ukraynaya təcavüzü fonunda Macarıstanın indiki rəhbəri Viktor Orbanın başçılığı altında bu dövlət faktiki olaraq Rusiyaya loyal münasibəti ilə onu təşviq edib. Yəni Ukraynanın işğalına hardasa göz yumub, üstəlik də Avropa Birliyinin və NATO-nun bu yöndə Ukraynaya yardımlarına əngəl olmağa çalışıb. İndi isə yeni siyasi bir qüvvə hakimiyyətə gəlir. Yəni seçkini udduğu artıq dəqiqdir, üçdə iki səs çoxluğu ilə qalib gəliblər. Tisa Partiyasının rəhbəri Peter Maqyar ilk gündən Avropa Birliyi və NATO məsələlərində birmənalı mövqe sərgiləyib, üstəlik də Rusiyaya və ruslara qapını göstərib. Onların mitinqlərində şüar da belə idi: “Rus, evinə dön”. Yəni Macarıstan faktiki olaraq Rusiyanı geri göndərir və Kremlin Macarıstanın şəxsində daha bir forpostu əldən çıxmış olur. Ümumiyyətlə Avropa Birliyi daxilində açıq şəkildə Rusiyaya dəstək verən iki dövlət var idi: bunlardan biri Macarıstan, digəri isə Slovakiya idi. Ümid edək ki, Slovakiyada da belə bir dəyişiklik olacaq və Rusiyanın Avropa Birliyi daxilindəki forpostlarının əli çıxmış olacaq.

Analitik qeyd edib ki, bizim üçün bu məsələlərlə yanaşı ən vacibi Türk Dövlətləri Təşkilatı ilə Macarıstanın bundan sonrakı münasibətləridir: 

“Şəxsən mən əminəm ki, Peter Maqyar qalib siyasi lider olaraq bu təşkilatla bağlı ciddi dəyişiklik etməyəcək. Yəni Macarıstan Avropa Birliyində və NATO-da mövqeyini möhkəmləndirməklə yanaşı, Türk Dövlətləri Təşkilatı çərçivəsində də Viktor Orbanın yürütdüyü siyasəti davam etdirəcək. Digər məsələlərdə isə Viktor Orban Avropa Birliyi və NATO daxilində daha fərqli davranır, ölkəsini müəyyən qədər məsafəli tutmağa çalışırdı. Lakin Peter Maqyar Macarıstanı bu istiqamətdə daha sıx inteqrasiyaya aparacaq. Bu baxımdan, Türk Dövlətləri Təşkilatına münasibət əsas olaraq qalır və həmin istiqamətdə ciddi problem gözlənilmir”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
29
sherg.az

1Источники