RU

Şəxs adlarında süni və təsadüfi halların qarşısı necə alınacaq? yeni tərkibdə ilk iclas

ain.az, Azertag saytına istinadən bildirir.

Bakı, 13 aprel, AZƏRTAC

Aprelin 13-də AMEA Nəsimi adına Dilçilik İnstitutunda Azərbaycan Respbublikası Terminologiya Komissiyanın nəzdində Şəxs Adları Komissiyasının ilk iclası keçirilib. İclasda Şəxs Adları Komissiyasının yeni tərkibi iştirak edib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə Dilçilik İnstitutunun direktoru, Şəxs Adları Komissiyasının sədri professor Nadir Məmmədli bildirib ki, AMEA Rəyasət Heyətinin 2026-cı il 13 mart tarixli iclasında Azərbaycan Respublikasının Terminologiya Komissiyasının nəzdində Şəxs Adları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi müstəqillik dövrü Azərbaycan dilçiliyi və milli-mənəvi dəyərlər sisteminin inkişafı baxımından mühüm elmi, ictimai hadisə kimi dəyərləndirilə bilər.

Müstəqillik illərində dil siyasətinin prioritet istiqamətlərindən biri kimi milli dilin qorunması, zənginləşdirilməsi və normativ əsaslarının möhkəmləndirilməsi aktuallıq kəsb edir Bu kontekstdə şəxs adları sistemi yalnız dil faktoru deyil, eyni zamanda, xalqın tarixi yaddaşını, mədəni kimliyini və mənəvi dəyərlərini əks etdirən mühüm göstərici kimi çıxış edir.

Nadir Məmmədli diqqətə çatdırıb ki, komissiyanın gələcəkdə fəaliyyəti nəticəsində şəxs adlarının elmi əsaslarla sistemləşdirilməsi, onların düzgün yazılış və işlənmə normalarının müəyyənləşdirilməsi, dilimizin daxili qanunauyğunluqlarına uyğun olmayan təsadüfi və süni adların qarşısının alınması istiqamətində mühüm addımların atılacağı gözlənilir. Bununla yanaşı, milli ad fondunun qorunması və zənginləşdirilməsi, unudulmuş və tarixi ənənəyə malik adların yenidən dövriyyəyə qaytarılması da Komissiyanın əsas fəaliyyət istiqamətlərindən biri olacaq.

İclasda Şəxs Adları Komissiyasının gördüyü işlərin planı açıqlanıb. Komissiyanın məqsədi və funksiyası, Azərbaycan şəxs adlarının təsnifatı, yazılış və transliterasiya problemi, qadağan və ya arzuolunmaz adlar, yeni adların yaradılması prinsipləri, normativ lüğət və açıq platforma yaradılması və sair məsələlər müzakirə olunub.

Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsinin rəisi Rəşidə Mənafova çıxışında titul bildirən bəy, xan sözlərinin şəxs adlarının tərkibində işlənməsi məsələsinə diqqət ayırıb. Bu gün vətəndaşlar arasında adların orfoqrafiyası, səslənməsi məsələsini gündəmə gətirib.

Komissiya üzvləri, ölkədə geniş yayılmış bəzi adların mənşəyinə və onların dil normalarına uyğunluğuna dair fikirlərini bölüşüblər.

İclasda yeni təklif olunan adların Azərbaycan dilinin orfoqrafiya normalarına uyğunluq məsələsi xüsusi diqqət mərkəzində olub.

Yeni formalaşdırılmış Komissiyanın fəaliyyət istiqamətləri, qarşıya qoyulan strateji vəzifələr və bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ictimaiyyətə mütəmadi məlumat veriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
16
2
azertag.az

3Источники