RU

Nəqliyyat sahəsindəki təcrübəmiz beynəlxalq səviyyədə nümunə kimi təqdim olunub 

Beynəlxalq Nəqliyyat Forumunun (BNF) “Strateji baxışa əsaslanan nəqliyyat planlaşdırılması: siyasətçilər üçün bələdçi” adlı beynəlxalq hesabatında Azərbaycanın nəqliyyat sahəsində həyata keçirdiyi islahatlar müsbət təcrübə kimi qeyd olunub.

"Unikal"ın məlumatına görə, hesabatda vurğulanıb ki, müasir nəqliyyat planlaşdırılması yalnız infrastruktur layihələri ilə məhdudlaşmamalı, uzunmüddətli strateji baxışa əsaslanmalıdır. Bu yanaşma çərçivəsində ölkələrə nəqliyyat sistemlərini daha dayanıqlı, əlçatan və effektiv etmək üçün institusional koordinasiyanın gücləndirilməsi, maliyyə mexanizmlərinin təkmilləşdirilməsi və məlumat əsaslı qərarvermənin tətbiqi tövsiyə olunur. 

Hesabatın “Planlaşdırma alətləri” bölməsində 2023-cü ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Nəqliyyatı Əlaqələndirmə Şurası xüsusi qeyd olunub. Bildirilib ki, Şura müxtəlif dövlət qurumları arasında koordinasiyalı fəaliyyəti təmin edir. 

Eyni zamanda “Resursların səfərbər edilməsi və koordinasiya üzrə praktiki nümunələr” bölməsində Azərbaycanın daha bir təşəbbüsü – “İctimai nəqliyyat” Məqsədli Büdcə Fondu uğurlu maliyyələşdirmə modeli kimi təqdim olunur. 2025-ci ildə yaradılan bu fond ictimai nəqliyyat xidmətlərinin davamlılığını, keyfiyyətini və təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. 

Qeyd olunan yanaşmalar Azərbaycanın nəqliyyat sektorunda idarəetmənin təkmilləşdirilməsi, maliyyə dayanıqlığının gücləndirilməsi və sistemli planlaşdırma prinsiplərinin tətbiqi istiqamətində həyata keçirdiyi ardıcıl siyasətin beynəlxalq səviyyədə tanındığını göstərir. Bu uğur, eyni zamanda ölkənin daha dayanıqlı, inteqrasiya olunan və gələcəyə yönələn nəqliyyat sisteminin qurulması istiqamətində atdığı addımların əhəmiyyətini növbəti dəfə təsdiqləyir.

 

Избранный
16
6
unikal.az

8Источники