RU

Yeni Useyn Bolt doğuldu? - İnanılmaz nəticə + VİDEO

Avstraliyalı gənc sprinter Qout Qout Sidneydə keçirilən Atletika Çempionatında 200 metr məsafəni 19.67 saniyəyə qət edərək diqqət mərkəzinə düşüb.

"Yeni Sabah" xəbər verir ki, 18 yaşlı idmançı finalda bu nəticə ilə qızıl medal qazanıb. Bu göstərici eyni zamanda 20 yaşadək idmançılar arasında yeni dünya rekordu sayılıb. Əvvəlki rekord 19.69 saniyə ilə amerikalı Erriyon Naytona məxsus idi.

Bu, Qoutun qanuni külək şəraitində 20 saniyədən aşağı ilk nəticəsi olub. O, ötən il 19.84 saniyə qaçsa da, həmin yarışda külək normadan artıq olduğu üçün nəticə rəsmi hesab olunmamışdı.

19.67 saniyəlik nəticə Qoutu 2026-cı ilin dünya sıralamasında ilk pilləyə yüksəldib. O, həm də bütün dövrlərin ən yaxşı nəticə göstərən sprinterləri arasında 16-cı sıraya çıxıb.

Qout bu nəticə ilə Useyn Boltun 2004-cü ildə 20 yaşadək idmançılar arasında müəyyən etdiyi 19.93 saniyəlik göstəricini də geridə qoyub. Buna görə də bir çoxları onu Boltun gələcək davamçısı kimi görür.

Qout yarışdan sonra bildirib ki, bu nəticəni rəsmi şərtlər daxilində göstərmək onun üçün böyük rahatlıqdır:

“Bilirdim ki, belə nəticə göstərməyə gücüm və sürətim var. Özümü çox yaxşı hiss edirəm və daha artığına hazıram”.

Qeyd edək ki, Qout 2024-cü ildə, cəmi 16 yaşı olanda 200 metri 20.06 saniyəyə qaçaraq Avstraliya rekordunu qırmışdı. Həmin il o, Limada keçirilən U20 dünya çempionatında gümüş medal da qazanıb.

Ötən il isə Tokioda keçirilən dünya çempionatında yarımfinala qədər yüksəlsə də, 20.36 saniyə nəticə ilə mübarizəni dayandırmışdı. Buna baxmayaraq, gənc atlet indi atletikanın ən parlaq adlarından biri sayılır.

Əsmətxanım Rzazadə


Telegram kanalımız
Избранный
11
yenisabah.az

1Источники