Hüseyn Quliyev Azərbaycanın sovet dövründə yetişdirdiyi və fəaliyyəti uzun illər gizli qalan peşəkar kəşfiyyatçı-diplomatlardan biri kimi diqqət çəkir. Onun həyat yolu həm hərbi-intellektual hazırlıq, həm də beynəlxalq diplomatiya müstəvisində formalaşmış, SSRİ-nin ən həssas strukturlarında mühüm vəzifələrlə yadda qalıb.
NOCOMMENT.az Hüseyn Quliyevin həyatı haqqında maraqlı faktları təqdim edir.
1939-cu ildə Azərbaycanın Qubadlı rayonunun Teymur Müskanlı kəndində anadan olan Hüseyn Quliyev orta məktəbi başa vurduqdan sonra Ukraynanın Lvov şəhərinə yollanır və burada Ali Hərbi Məktəbə qəbul olunur. Təhsilini yüksək nəticələrlə başa vurduqdan sonra diplomatiya sahəsində ixtisaslaşmaq məqsədilə Moskvaya gedir. Burada da fərqlənmə ilə təhsilini tamamlayan Quliyev SSRİ tərəfindən Dövlət Təhlükəsizlik Xidmətinin (KQB) xarici kəşfiyyat strukturuna cəlb edilir.

Peşəkar fəaliyyəti çərçivəsində o, müxtəlif ölkələrdə – xüsusilə İran və Türkiyədə – səfirlik və konsulluqlarda müavin və köməkçi vəzifələrdə çalışaraq KQB-nin maraqlarını diplomat adı altında təmsil edir. Göstərdiyi yüksək peşəkarlıq və etibarlılıq nəticəsində onun fəaliyyətinin SSRİ daxilində davam etdirilməsi qərara alınır.

Hüseyn Quliyev uzun müddət SSRİ Xarici İşlər Nazirliyində çalışaraq Dövlət Təhlükəsizlik Xidmətini gizli şəkildə təmsil etmiş, diplomatik korpus daxilində yüksək mövqelərə yüksəlmişdir. 1970-ci illərin sonu – 1980-ci illərin əvvəllərində o, SSRİ Xarici İşlər Nazirliyinin Konsulluq Şöbəsinin rəisi vəzifəsinə təyin olunur. Dövlət qarşısında xidmətlərinə görə ona general-mayor rütbəsi verilir.

Hüseyn Quliyevin həyatı 1985-ci ildə Moskva yaxınlığında baş verən müəmmalı qəza nəticəsində faciəvi şəkildə sona çatır. Onun fəaliyyəti uzun müddət məxfi saxlanılsa da, bu gün o, Azərbaycan mənşəli peşəkar kəşfiyyatçı və diplomat kimi xatırlanır.
Turan
NOCOMMENT.az