RU

“Sülh Körpüsü” Qəbələdə...

ain.az bildirir, Yeniazerbaycan portalına istinadən.

Azərbaycanın 44 günlük Vətən müharibəsinin və 23 saatlıq lokal xarakterli antiterror əməliyyatının nəticələrinə uyğun olaraq yaratdığı reallıqlar onilliklər boyunca Ermənistanın işğalçılıq siyasətindən, müharibə təhdidlərindən əziyyət çəkən Cənubi Qafqazda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsi, qarşıdurmaların əməkdaşlıqla əvəzlənməsi üçün münbit zəmin formalaşdırıb. Hazırda region heç vaxt olmadığı qədər sülhə yaxındır. Bu məqsədlə, xüsusilə ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə əldə olunan mühüm razılaşmalara uyğun olaraq hər iki ölkədə dövlətlər və hökumətlər tərəfindən ardıcıl tədbirlər görülür. O cümlədən, Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyəti təsisatlarının iştirakı ilə yaradılan “Sülh Körpüsü” platforması etimad quruculuğu prosesində fəal rol almağa başlayıb. Bu günlərdə tarixi şəhərimiz olan Qəbələdə  “Sülh Körpüsü” formatında iki ölkənin vətəndaş cəmiyyəti təsisatlarının nümayəndələrinin növbəti görüşü baş tutub.

Sülh quruculuğu prosesində yeni mərhələ - xalq diplomatiyasının işə salınması

Bu gün regionda sülh quruculuğu prosesindən söhbət açılırsa, burada qalib Azərbaycanın həlledici rolunu xüsusi qeyd etmək lazımdır. Azərbaycan iki ölkə arasında uzun sürən münaqişənin əsas səbəbini kənardan dəstək almadan sırf öz gücünə aradan qaldırmağa nail oldu və dərhal da münasibətlərdə düşmənçiliyə son qoymaq istəyini - sülh təşəbbüsünü gündəmə gətirdi. Sonradan müxtəlif mərhələlərdən keçməklə, ayrı-ayrı platformalarda müzakirələri aparılmaqla Vaşinqton razılaşmalarınadək irəliləyən sülh prosesinin təməlində dayanan baza sənədi məhz Azərbaycanın müharibə başa çatandan dərhal sonra Ermənistana ünvanladığı 5 bənddən ibarət sülh paketi olub. Qalib Azərbaycan özünün həqiqətlərini, regionda yaratdığı reallıqları dünyaya qəbul etdirməyə nail oldu. Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə liderlərin verdiyi birgə Bəyanat, sülh sazişinin paraflanması bunun de-yure təsdiqlənməsidir.

Vaşinqton razılaşmasından sonra iki ölkə arasında xalq diplomatiyasının işə salınması sülhyaratma prosesində yeni mərhələdir. Sülh prosesi dövlətlər və liderlər tərəfindən irəli aparıldığı kimi, cəmiyyətlər də barışığa hazırlanır. Xalqlar arasında etimad quruculuğu davamlı sülh üçün vacib şərtdir. Dünyada uzanan müharibələr çox olub. Ancaq bu müharibələr nə qədər ağır fəsadlar versə də, zaman yaraların üstünü örtüb və və dövlətlər, cəmiyyətlər, xalqlar arasında əlaqələr qurulub. Azərbaycan və Ermənistan eyni coğrafiyanı bölüşürlər. Bu iki dövlətdən birinin qonşuluq coğrafiyasını dəyişmək imkanı sıfıra bərabərdir. Vurulan yaralardan sonra barışıq mühiti yaratmaq çətin görünsə də, əbədi düşmənçilik də istisnadır. Bu mənada Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin təmsilçilərinin görüşlərinin keçirilməsi nikbinlik doğurur.

“Sülh Körpüsü” çərçivəsində dördüncü görüş

“Sülh Körpüsü” təşəbbüsü Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoqu və birbaşa əlaqələri təşviq edir. Bu dəfə Qəbələdə baş tutan görüşdə hər iki ölkədən qeyri-hökumət təşkilatlarının, media qurumlarının və beyin mərkəzlərinin nümayəndələri iştirak ediblər. Vurğulamaq yerinə düşər ki, vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq 2025-ci il avqustun 8-də Vaşinqton şəhərində Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə keçirilmiş üçtərəfli sammitdə təsdiqlənmiş ikitərəfli sülh gündəliyi çərçivəsində aparılır. Qəbələ görüşünün gündəliyinə sülh prosesinin hazırkı vəziyyəti, “Sülh Körpüsü” təşəbbüsü iştirakçılarının öz ölkələrində həyata keçirdikləri fəaliyyətlər və əldə olunan nəticələr, həmçinin regiondakı vəziyyətin müzakirəsi daxil idi. Müzakirə sessiyaları isə cəmiyyət səviyyəsində sülhün təşviqi və sülh prosesinin növbəti mərhələlərində etimadın artırılması məsələlərinə həsr olunub.

Əlamətdar haldır ki, bu dəfə Ermənistan nümayəndə heyəti Azərbaycana quru sərhədi vasitəsilə daxil olub, delimitasiya və demarkasiya olunmuş sahədən keçərək bütün müvafiq sərhəd və pasport nəzarəti prosedurları icra edib. Bu keçid faktının özü “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimadın möhkəmləndirilməsi istiqamətində növbəti simvolik addım olub.

İki gün ərzində 4 müzakirə sessiyası keçirilib. İştirakçılar Cənubi Qafqazda və onun ətrafında baş verən geosiyasi prosesləri və onların sülh prosesinə təsirini müzakirə ediblər. Azərbaycanlı və erməni ekspertlər, həmçinin regional inkişafla bağlı öz ölkələrinin mövqeləri və baxışları barədə fikir mübadiləsi aparıblar.

İkitərəfli dialoqdan əvvəl “Sülh Körpüsü” təşəbbüsünün nümayəndələri öz ölkələrində vətəndaş cəmiyyətinin müxtəlif seqmentləri ilə görüşlər və müzakirələr keçirərək ictimai gözləntiləri və sülh prosesinə dair yanaşmaları daha yaxşı anlamağa çalışıblar. Ayrı bir sessiyada təşəbbüs iştirakçıları bu görüşlərin nəticələrini təqdim edərək cəmiyyətlərdə mövcud əsas narahatlıqları, gözləntiləri və baxışları vurğulayıblar.

İctimai gözləntiləri nəzərə alaraq, iştirakçılar yekun sessiyanı sülh prosesinin növbəti mərhələlərində həyata keçiriləcək birgə və fərdi fəaliyyətlər barədə fikir mübadiləsinə həsr ediblər.

Hökumətlər səviyyəsində dəstəklənən fərqli platforma

Qəbələ görüşü “Sülh Körpüsü “ təşəbbüsünün artıq davamlı hal  aldığını təsdiqləyir. Xatırladaq ki, bu çərçivədə ilk görüş ötən il oktyabrın 21-22-də İrəvanda baş tutub. Növbəti görüş 2025-ci il noyabrın 21-22-də Bakıda keçirilib.

Vətəndaş cəmiyyəti nümayəndələrinin son Qəbələ görüşü konstruktiv dialoq, açıq müzakirələr və sülh gündəliyinə alternativin olmadığına dair bir daha təsdiq mühitində keçirilib. Azərbaycan və Ermənistan hökumətlərinin dəstəyi ilə “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində təşkil olunan dialoqun iştirakçıları sülh prosesinin növbəti mərhələlərində etimadın möhkəmləndirilməsi istiqamətində birgə səyləri davam etdirmək niyyətlərini ifadə ediblər.

“Bu təşəbbüs çərçivəsində dördüncü görüş baş tutub, ilk səfərlər artıq həyata keçirilib. Həmin vaxt Azərbaycan vətəndaş cəmiyyətinin 5 nəfər nümayəndəsi Ermənistana, daha sonra isə Ermənistan vətəndaş cəmiyyətinin 5 nəfər nümayəndəsi Azərbaycana səfər etmişdi. Bu il isə daha geniş tərkibdə, təxminən 20 nəfər vətəndaş cəmiyyəti nümayəndəsi əvvəlcə Ermənistana, daha sonra isə Azərbaycana səfər edib”.

Bu sözləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru Fərhad Məmmədov “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən ikitərəfli dəyirmi masa çərçivəsində baş tutan mətbuat konfransı zamanı deyib.

F.Məmmədovun fikrincə, “Sülh Körpüsü”nün digər platformalardan əsas fərqi ondan ibarətdir ki, əvvəllər də buna bənzər dialoq platformaları olsa da, onlar əsasən üçtərəfli formatda, yəni vasitəçi və ya donor təşkilatların təşəbbüsü ilə həyata keçirilirdi. Hazırda isə bu proses hökumətlərin dəstəyi ilə reallaşır və vətəndaş cəmiyyəti nümayəndələri də burada fəal iştirak edirlər.

Qəbələ görüşü qarşılıqlı etimad quruculuğunda mühüm nailiyyətdir

“Sülh Körpüsü” təşəbbüsünün koordinatoru, Ermənistan Şurasının prezidenti Areq Koçinyan Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə Qəbələdə baş tutan görüşü  qarşılıqlı etimad quruculuğunda mühüm nailiyyət kimi dəyərləndirib. “Sülh Körpüsü” təşəbbüsünün dördüncü görüşünün keçirilməsi mühüm nailiyyətdir. Biz yeni başlayanda - birinci və ikinci səfərlər zamanı - bu təşəbbüsün davam etdirilməsi və təsis edilməsi ehtimalı ilə bağlı çoxlu tənqid və şübhələr var idi. Hazırda dördüncü görüşün keçirilməsi və dayanmaq niyyətində olmamağımızın özü tənqidin əsassız olduğunu göstərir. Bununla yanaşı, təşəbbüs müəyyən bir normallaşma səviyyəsinə çatıb. Əlaqələrimiz, vaxtaşırı görüşlərimiz və cəmiyyətlərimizlə apardığımız “ev tapşırığı” tədricən adi bir hala çevrilir. Yaxın gələcək üçün bir sıra təşəbbüslər barədə razılığa gəlmişik. Bunlara məqalələr, tədqiqatlar və əməkdaşlığımızın əlavə məhsullarına çevriləcək birgə tədbirlər daxildir”, - deyə Areq Koçinyan əlavə edib

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
18
43
yeniazerbaycan.com

10Источники