RU

Jurnalistin uşaqpulu ilə bağlı bu fikirləri gündəmi alt-üst etdi…

Azərbaycanda uşaqpulu ilə bağlı müzakirələr zaman-zaman yenidən aktuallaşır. Bəziləri bu sosial dəstəyin tətbiqini vacib hesab etsə də, əks mövqedə olanlar da az deyil. Son olaraq jurnalist Zaira Akifqızı məsələ ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.

KONKRET.az xəbər verir ki, jurnalist sosial şəbəkə hesabında paylaşdığı fikirlərdə əvvəl bu təşəbbüsü dəstəklədiyini, lakin zamanla mövqeyinin dəyişdiyini bildirib.

Onun sözlərinə görə, bəzi hallarda uşaqpulu təyinatından kənar istifadə olunur və bu, birbaşa uşağın rifahına xidmət etmir.

“Sosial ödənişlərin artırılması əvəzinə bölgələrdə məşğulluğun genişləndirilməsi daha effektiv yanaşmadır. İnsanların əsas ehtiyacı davamlı gəlir əldə etməkdir. Sosial asılılığın artırılması düzgün yol deyil”.

Jurnalist paytaxtda müşahidə olunan sıxlıq probleminə də toxunaraq qeyd edib ki, regionlarda iş imkanlarının məhdud olması insanları Bakıya üz tutmağa məcbur edir. Onun fikrincə, əgər rayonlarda iş yerləri yaradılsa, həm miqrasiya azalacaq, həm də şəhərdəki yüklənmə minimuma enəcək.

“Bir çox məmur və sahibkarın fəaliyyəti Bakıda cəmləşib. Halbuki onlar öz regionlarında da biznes quraraq yeni iş yerləri yarada bilərlər. Bu, həm sosial balansı qoruyar, həm də iqtisadi inkişafı sürətləndirər”, – deyə o bildirib.

Uşaqpulu məsələsinə qayıdan jurnalist bəzi valideynlərin bu ödənişdən faydalanmaq məqsədilə uşaq dünyaya gətirdiyini də iddia edib və bunu cəmiyyət üçün düzgün yanaşma saymadığını vurğulayıb.

Hərbi xidmətlə bağlı səsləndirilən bəzi arqumentlərə də münasibət bildirən Zaira Akifqızı qeyd edib ki, Vətənə xidmət hər bir vətəndaşın borcudur və bu məsələ maddi qarşılıqla ölçülməməlidir.
Eyni zamanda jurnalist vurğulayıb ki, şəhid ailələri, qazilər və veteranların sosial təminatı xüsusi diqqətdə saxlanılmalı və onların rifahı yüksək səviyyədə qorunmalıdır.

Ümumilikdə isə o, müxtəlif sosial ödənişlərin artırılması tələbləri əvəzinə, dayanıqlı iqtisadi imkanların yaradılmasının daha məqsədəuyğun olduğunu düşünür:

“İnsan uşağı dövlət üçün yox, özünə görə dünyaya gətirir. Əsas olan onun gələcəyini təmin edəcək sağlam iqtisadi mühitin qurulmasıdır”.

Natiq Səlim
KONKRET.az

Избранный
17
1
konkret.az

2Источники