ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) keçmiş direktoru Con Brennan Donald Trampın ABŞ Konstitusiyasına 25-ci düzəliş əsasında hakimiyyətdən uzaqlaşdırılmasının tərəfdarı olduğunu bildirib.
Bizim.Media xəbər verir ki, buna səbəb Trampın İrana qarşı müharibə fonunda səsləndirdiyi açıqlamalar, o cümlədən “İran sivilizasiyasının məhv edilə biləcəyi” ilə bağlı sözləri olub.
Brennan hesab edir ki, ABŞ prezidenti dövlət başçısı vəzifəsini yerinə yetirməyə qadir deyil və onun davranışını təhlükəli adlandırıb.
“Bu adam açıq şəkildə psixi xəstədir. 25-ci düzəliş elə Tramp üçün yazılıb”, - deyə Brennan bildirib.
Söhbət impiçmentdən deyil, başqa hüquqi mexanizmdən gedir. Həmin prosedura əsasən, vitse-prezident və hökumət üzvlərinin əksəriyyəti prezidentin vəzifəsini icra etməyə yararsız olduğunu yazılı şəkildə bəyan etməlidirlər.
Bundan sonra səlahiyyətlər vitse-prezidentə keçir. Əgər prezident özü buna etiraz etsə, yekun qərarı Konqres verməlidir. Bunun üçün isə Konqresdə üçdə iki səs çoxluğu tələb olunur.
Məlumata görə, hazırkı şəraitdə bu ssenari çox az ehtimal olunur. Tramp administrasiya daxilində və Konqresdəki respublikaçılar arasında dəstəyini qoruyur.
O, prezidentliyinin ilk dövründə iki impiçment cəhdindən də keçə bilib.
Bizim.Media