RU

İtaliya İsraillə əməkdaşlıqdan İMTİNA ETDİ

İtaliya hökuməti İsrail ilə müdafiə sahəsində əməkdaşlıq sazişinin avtomatik yenilənməsini dayandırmaq qərarı verib. Vətəninfo.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Giorgia Meloni Verona şəhərində keçirilən ticarət sərgisi zamanı jurnalistlərə açıqlamasında məlumat verib.

Baş nazir bildirib ki, mövcud geosiyasi vəziyyət nəzərə alınaraq belə bir qərarın qəbul edilməsi zəruri hesab olunub. Onun sözlərinə görə, hökumət İsrail ilə müdafiə müqaviləsinin əvvəlki qaydada avtomatik uzadılmasını məqsədəuyğun saymayıb.

Meloni eyni zamanda ABŞ Prezidenti Donald Tramp-ın Vatikanın rəhbəri Papa XIV Leo barədə səsləndirdiyi fikirləri də “qəbuledilməz” adlandırdığını bir daha vurğulayıb.

İtaliyanın ANSA xəbər agentliyinin yaydığı məlumata görə, ölkənin müdafiə naziri Guido Crosetto israilli həmkarı İsrael Katz-a rəsmi məktub göndərərək İtaliya–İsrail hərbi əməkdaşlıq sazişinin dayandırıldığını bildirib. Qeyd edək ki, sözügedən saziş hərbi texnika və texnoloji tədqiqatların mübadiləsi daxil olmaqla müdafiə sahəsində əməkdaşlığı əhatə edirdi və hər beş ildən bir yenilənirdi. Saziş sonuncu dəfə 13 aprel 2016-cı ildə qüvvəyə minmişdi.

Məlumata görə, ölkə daxilində müxalifət partiyaları, həmkarlar ittifaqları və vətəndaş cəmiyyəti institutları uzun müddətdir hökuməti bu sazişi dayandırmağa çağırırdılar.

Son günlərdə isə Livanla bağlı hadisələr fonunda İtaliya ilə İsrail arasında münasibətlər daha da gərginləşib. Belə ki, İsrail ordusunun UNIFIL çərçivəsində fəaliyyət göstərən və tərkibində italyan hərbçilərin də olduğu karvanlara xəbərdarlıq atəşi açdığı bildirilir. Hadisələrin 8 və 12 aprel tarixlərində baş verdiyi qeyd olunur.

Bu insidentdən sonra İtaliyanın Baş nazir müavini və xarici işlər naziri Antonio Tajani İsrailin Romadakı səfiri Conatan Peled-in Xarici İşlər Nazirliyinə çağırılması barədə göstəriş verib.

Bundan əlavə, Tajaninin Beyruta səfəri zamanı İsrailin mülki əhaliyə qarşı hücumlarını “qəbuledilməz” adlandıraraq Livana dəstək ifadə etməsi də rəsmi Təl-Əvivin narazılığına səbəb olub. İsrail Xarici İşlər Nazirliyi bununla bağlı İtaliyanın Təl-Əvivdəki səfiri Luka Ferrari-ni nazirliyə çağırıb.

Beləliklə, son hadisələr fonunda iki ölkə arasında diplomatik münasibətlərdə gərginliyin artdığı müşahidə olunur.

Избранный
42
veteninfo.az

1Источники