RU

Gəncə Qazax bölgəsinin arxeoloji tədqiqinin aktual problemləri beynəlxalq elmi konfrans

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ağstafa, 14 aprel, AZƏRTAC

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, AMEA Arxeologiya və Antropologiya İnstitutu, Ağstafa Rayon İcra Hakimiyyəti, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu və “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunun birgə təşkilatçılığı ilə “Gəncə-Qazax bölgəsinin arxeoloji və antropoloji tədqiqinin aktual problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir Arxeologiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi, paleolitşünas, tarix üzrə fəlsəfə doktoru, dosent Mansur Mansurovun anadan olmasının 90 illik yubileyinə və 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr edilib.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, beynəlxalq elmi konfransın keçirilməsində əsas məqsəd bölgəmizin tarixi, mədəni irsini yaşatmaq, elmi və arxeoloji araşdırmalar işini gücləndirmək və görkəmli alim Mansur Mansurovun elmi yaradıcılığını geniş ictimaiyyətə təqdim etmək olub.

Ağstafa rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş konfransda Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Mahir Qəhrəmanov tarixi abidələrin qorunmasının, öyrənilməsinin vacibliyindən, AMEA Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev (onlayn) Paleolit dövrü tədqiqatlarının aktual istiqamətlərindən, institutun baş elmi işçisi tarix elmləri doktoru, professor Hidayət Cəfərov və “Keşikçidağ” qoruğunun direktoru Musa Mursaquliyev Mansur Mansurovun Azərbaycan arxeologiyasında Daş dövrü üzrə apardığı tədqiqatlardan və elmi irsindən danışıblar.

Sonra dosent Mansur Mansurov konfransın təşkilatçı və iştirakçılarına təşəkkürünü bildirib. Konfrans çərçivəsində alimin həyat və elmi yaradıcılığından bəhs edən videoçarx nümayiş edilib.

Daha sonra məruzələr dinlənilib. Konfrans sessiyalarla davam edib. Beynəlxalq elmi konfransa 70-dən çox məqalə və tezis qəbul olunub, bütün iştirakçılara sertifikat verilib.

Konfransın ikinci günündə qonaqların Ağstafa rayonunda yerləşən, Son Tunc - Erkən Dəmir dövrünə aid edilən Ağalıqtəpə yaşayış məskəninə elmi turu təşkil edilib. Elmi tur çərçivəsində qonaqlar Azərbaycan və Almaniya arxeoloji ekspedisiyanın birgə apardığı qazıntı işləri ilə yaxından tanış olublar.

Müxbir – Ruslan Novruzoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
35
azertag.az

1Источники