RU

"Əyləncəyə tələbat azalıb" - İranla münaqişə BƏƏ-yə necə təsir edir?


İranla münaqişə ətrafındakı gərgin vəziyyətə baxmayaraq, BƏƏ-nin paytaxtı Əbu-Dabidə həyat, demək olar ki, həmişəki kimi davam edir: kafelər, restoranlar, parklar və mağazalar açıqdır və sakinlər sakit qalmağa çalışırlar.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, rusiyalı turizmçi Tatyana Babayeva bu barədə Rusiya mətbuatına danışaraq deyib: "Əslində, bütün bu müddət ərzində hər şey əvvəlki kimi işləyib. İdman zalları, kafelər, restoranlar və parklar doludur. Bəzi əyləncələrə tələbat, şübhəsiz ki, azalıb, çünki ölkədə çox turist qalmayıb, lakin burada daimi yaşayanlar sərgilərə və tədbirlərə qatılmağa davam edirlər”.

Turizmçi qadın bildirib ki, yalnız konsertlər və beynəlxalq tamaşalar ləğv edilib. “Ancaq mağazalar hələ də yaxşı işləyir, geniş çeşiddə mal və ərzaq məhsulları, xüsusi təkliflər və endirimlər təqdim edirlər. Turizm sektoru daha çox sıxıntı çəkir”.

T.Babayeva bildirib ki, hazırda BƏƏ-nin turizm sektoru çətin bir dövr yaşayır, çünki təyyarələr əvvəlki kimi çox uçmur. “Yağışlı və sərin hava da təsir göstərir. Hazırda temperatur 26 dərəcə civarındadır ki, bu da normadan aşağıdır. Bir neçə ildir burada yaşayan dostlarımın sözlərinə görə, əvvəllər fevral ayından etibarən onlar dənizdə üzə bilirmişlər, amma indi insanlar əsasən çimərliklərdə günəş vannası qəbul edir və nadir hallarda suya girirlər. Əsasən turistlər üzürlər”.

Onun sözlərinə görə, sakinlər arasında heç bir təşviş yoxdur, insanlar gündəlik həyatlarını davam etdirirlər və həyəcan siqnallarına və xəbərdarlıqlara uyğunlaşırlar.

“Bu qeyri-müəyyən vəziyyətə baxmayaraq, hər kəs sakit yaşamağa davam edir. Buradakı hücum xəbərdarlığı sistemi yaxşı işləyir və hava hücumlarından müdafiə sistemi hücumları dəf edir. Bəzi insanlar səs-küy eşidir, bəziləri isə heç nə hiss etmir. Hamısı ərazidən və müxtəlif amillərdən asılıdır”, - T.Babayeva vəziyyəti təsvir edib.

Turizmçi qadın təhsil müəssisələrinin hazırda yalnız onlayn fəaliyyət göstərdiyindən və bunun valideynlərə əlavə yük yaratdığından danışaraq deyib: “Hər məktəb tam tədris təklif etmir - bəziləri sadəcə ev tapşırıqlarını göndərir. Bununla belə, uşaq əyləncə mərkəzləri və əlavə təhsil studiyaları hələ də açıqdır”.

Musavat.com

Избранный
34
musavat.com

1Источники