RU

Kişi ondan borcunu tələb edən sevgilisini döydü: “Məni təhqir etdi, əsəblərimi cilovlaya bilmədim”

Nəsimi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Pənah Məlikovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.


Məhkəmənin hökmü ilə “Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında” Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunub.


İttihama görə, hadisə 10 iyul 2025-ci il tarixdə saat 23:59 radələrində paytaxtın Nəsimi rayonu ərazisində yerləşən keçələrin birində baş verib. Belə ki, təqsirləndirilən şəxs tanışı, zərərçəkmiş Ülkər Nağızadənin (adı, soyadı şərtidir) ondan borc pulunu qaytarmağı tələb etməsini bəhanə edərək, heç bir əsaslı səbəb olmadan aqressiv davranış nümayiş etdirib.


Araşdırmalarla müəyyən edilib ki, Pənah Məlikov ətrafda digər şəxslərin olmasına məhəl qoymadan Ülkəri nalayiq ifadələrlə təhqir edib, bununla da ictimai qaydanı kobud surətdə pozaraq cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirib. Daha sonra təqsirləndirilən şəxs zor tətbiq edərək zərərçəkmişin sifət və bədəninin müxtəlif nahiyələrinə əl zərbələri endirib.


Hadisə nəticəsində Ülkərə sol göz yuvası ətrafında yumşaq toxumaların hematoması, əzilmiş-cırılmış yara, gözün ağ qişasına qansızma, alt dodaq nahiyəsində və sol bazuda sıyrıqlar kimi xəsarətlər yetirilib. Məhkəmə-tibbi ekspertiza rəyi ilə həmin xəsarətlərin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarətlər olduğu müəyyən edilib.


Məhkəmə istintaqı zamanı Pənah Məlikov ifadəsində bildirib ki, zərərçəkmiş şəxslə 2024-cü ildən tanış olub və aralarında müəyyən müddət sevgi münasibətləri mövcud olub. Onun sözlərinə görə, Ülkərə 1200 manat borcu olub və bu məbləği hissə-hissə ödəyirmiş.


Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Ülkərlə əvvəlcə iaşə obyektində qarşılaşıb, daha sonra isə mübahisəni davam etdirmək üçün çölə çıxıblar. Onun dediyinə görə, zərərçəkmiş şəxs onu təhqir etdiyindən əsəblərini cilovlaya bilməyərək əvvəlcə əl ilə baş nahiyəsinə, daha sonra isə ayaq nahiyəsinə zərbə vurub.


Pənah törətdiyi əməli etiraf etdiyini bildirərək, barəsində amnistiya aktının tətbiq olunmasını və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.


Kamal Məmmədov 

Tarix: 15 Aprel 2026, 08:08   
Избранный
9
33
pravda.az

10Источники