Ali Məhkəmədə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıqda təqsirləndirilən Bəhruz Paşayev və onun dayısı oğlanları - Miran Qurbanovla Nuhbala Qurbanovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.
İttihama görə, hadisə 18 iyul 2020-ci il tarixdə saat 18 radələrində Abşeron rayonu Novxanı kəndində qeydə alınıb.
Belə ki, Bəhruz Paşayev dayısı oğlanları – Miran Qurbanov və Nuhbala Qurbanov, eləcə də istintaqla müəyyən edilməyən digər şəxslə əvvəlcədən əlbir olaraq cinayət əlaqəsinə girib.
Araşdırmalarla müəyyən edilib ki, onlar hadisədən üç gün əvvəl – 15 iyul 2020-ci il tarixdə baş vermiş mübahisəni bəhanə edərək zərərçəkmiş D.D.-nin (adı, soyadı şərtidir) qardaşı tərəfdən “qisas almaq” niyyəti ilə hərəkət ediblər. Həmin vaxt Bəhruz Paşayevin dayısı oğlanlarından biri idarə etdiyi avtomobili yolun hərəkət hissəsində saxladığı və yüksək sürətlə idarə etdiyi üçün D.D.-nin qardaşı F.F. (adı, soyadı şərtidir) ona irad bildirib. Bu hadisədən sonra tərəflər arasında yaranmış gərginlik fonunda təqsirləndirilən şəxslər əvvəlcədən plan quraraq silah qismində istifadə etmək üçün beysbol bitləri ilə silahlanıblar və birlikdə F.F.-in yaşadığı evin qarşısına gəliblər.
Onlar F.F.-i evdən çağıraraq “cəzalandırmaq” niyyətində olsalar da, qarşılarına onun qardaşı D.D. çıxıb. Bundan sonra təqsirləndirilən şəxslər ictimai qaydanı kobud şəkildə pozaraq, ətrafda olan şəxslərə açıq hörmətsizlik nümayiş etdirib, nalayiq ifadələr işlədərək zərərçəkmiş şəxsin qardaşına qarşı zor tətbiq ediblər.
İstintaq materiallarına əsasən, hər üç şəxs əllərində olan beysbol bitləri ilə D.D.-nin baş nahiyəsinə zərbələr endirib. Hadisə zamanı yaranan səs-küyə zərərçəkmiş şəxsin atası da müdaxilə etmək üçün həyətə çıxıb.
Bu zaman təqsirləndirilən şəxslərdən biri – Nuhbala Qurbanov heç bir əsaslı səbəb olmadan, mübahisəni sakitləşdirməyə çalışan zərərçəkmiş şəxsin atasına da hücum edib. O, əvvəlcə əlində olan beysbol bitlə kişinin baş nahiyəsinə zərbə vurub.
Daha sonra isə vəziyyətin gərginləşməsi fonunda o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi, məişət təyinatlı qatlanan cib bıçağından istifadə edərək zərərçəkmiş şəxsin döş qəfəsinə bir dəfə zərbə endirib.
Məhkəmə-tibbi ekspertiza rəyi ilə müəyyən edilib ki, həmin zərbə nəticəsində zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısında, döş boşluğuna nüfuz edən, sağ tərəfli pnevmohemotoraksla müşayiət olunan deşilmiş-kəsilmiş yara xəsarəti alıb. Bu xəsarət dərəcəsinə görə həyat üçün təhlükəli olmaqla sağlamlığa ağır zərər vurma kimi qiymətləndirilib.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Bəhruz Paşayev Cinayət Məcəlləsinin 126.2.4 (xuliqanlıq niyyətilə sağlamlığa ağır zərər vurma) və 221.3-cü (xuliqanlıq) maddələri ilə təqsirli bilinərək müvafiq olaraq 8 il və 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanaraq ona qəti olaraq 10 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Eyni zamanda hökmlə digər təqsirləndirilən şəxslər – Miran Qurbanov və Nuhbala Qurbanov da müxtəlif maddələrlə təqsirli bilinərək məhkum ediliblər.
Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü qismən dəyişdirilib. Belə ki, Bəhruz Paşayevə təyin edilmiş 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası 7 ilə endirilib, yekun cəza isə 9 il müəyyən edilib. Digər təqsirləndirilən şəxslər barəsində də cəzalar qismən azaldılıb. Bununla yanaşı, bəzi müddətlər onların çəkdikləri cəzadan çıxılıb.
Daha sonra iş üzrə kassasiya şikayətlərinə baxılıb. Ali Məhkəmənin 05 iyun 2025-ci il tarixli qərarı ilə Miran Qurbanov və müdafiəçisinin kassasiya şikayətlərini təmin etməyərək apellyasiya instansiyası məhkəməsinin qərarını dəyişdirilmədən qüvvədə saxlayıb.
Bununla belə, sonradan Bəhruz Paşayev tərəfindən də apellyasiya məhkəməsinin qərarından kassasiya şikayəti verilib.
Kamal Məmmədov