RU

“Zərifə xanımın həyatı və fəaliyyəti Azərbaycan qadınının kamil obrazını özündə birləşdirir”-Millət vəkili

“Azərbaycan qadını tarix boyu cəmiyyətin mənəvi dayağı, milli dəyərlərin qoruyucusu və inkişafın aparıcı qüvvələrindən biri kimi çıxış edib. Ana adının müqəddəsliyini uca tutan, eyni zamanda ictimai həyatın müxtəlif sahələrində fəallıq göstərən qadınlarımız öz mübarizliyi, zəkası və fədakarlığı ilə seçiliblər. Onlar əsrlər boyu formalaşmış milli-mənəvi irsi qorumaqla yanaşı, dövlət quruculuğu və cəmiyyətin tərəqqisi yolunda mühüm rol oynayıblar”.

Bu fikirləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Onun sözlərinə görə, bu zəngin ənənənin parlaq nümayəndələrindən biri də akademik Zərifə xanım Əliyevadır:

“Onun həyatı və fəaliyyəti Azərbaycan qadınının kamil obrazını özündə birləşdirir. Görkəmli alim, peşəkar həkim və ziyalı kimi Zərifə xanım elmi nailiyyətləri ilə yanaşı, həm də yüksək mənəvi keyfiyyətləri ilə fərqlənirdi. O, həkim peşəsinə yalnız bir ixtisas kimi deyil, insanlıq missiyası kimi yanaşırdı. Hesab edirdi ki, həkim xəstəyə yalnız tibbi yardım göstərməməli, eyni zamanda ona mənəvi dayaq olmalıdır. Onun fikrincə, xəstə ilə ünsiyyət həkimin vicdanı qarşısında daşıdığı böyük məsuliyyətdir. Bu yanaşma Zərifə xanımın fəaliyyətində əsas prinsipə çevrilmişdi və onu fərqləndirən başlıca cəhətlərdən biri idi.

Alimin elmi fəaliyyəti Azərbaycan tibb elminin inkişafında mühüm mərhələ təşkil edir. Onun oftalmologiya sahəsində apardığı tədqiqatlar, yazdığı elmi əsərlər və yetişdirdiyi kadrlar bu gün də öz tibb elminə öz töhfələrini verməkdədir. Zərifə xanım səhiyyə sistemində kadr hazırlığına xüsusi diqqət yetirmiş, gənc alimlərin və həkimlərin formalaşmasında əvəzsiz rol oynamışdır. Onun rəhbərliyi ilə bütöv bir oftalmoloq nəsli yetişmişdir”.

Millət vəkili bildirib ki, Ulu Öndər Heydər Əliyev Zərifə xanım haqqında danışarkən onun Azərbaycan qadınına xas bütün ali keyfiyyətləri özündə cəmləşdirdiyini xüsusi vurğulayırdı:

“Onun sözlərinə görə, Zərifə Əliyeva bir alim, bir ana, bir həyat yoldaşı və ictimai xadim kimi elə sağlığında əfsanəvi şəxsiyyətə çevrilmişdi. Bu, əslində Azərbaycan qadınının bütöv və ideal obrazının ifadəsidir. Prezident İlham Əliyev isə anasının həyat fəlsəfəsini belə xarakterizə edir: insan üçün əbədi olan yalnız yaxşılıqdır. Bu fikir Zərifə xanımın həyat yolunun əsas mahiyyətini açır. Onun üçün xeyirxahlıq, mərhəmət və insanlara xidmət həyat prinsipinə çevrilmişdi.
Zərifə Əliyeva həm də yüksək ziyalılıq nümunəsi idi. Onu tanıyanlar onun sadəliyini, səmimiyyətini və insanlara olan dərin hörmətini daim xatırlayırlar. Həmkarları onu nəciblik və mənəvi paklıq timsalı kimi dəyərləndirir, tələbələri isə böyük müəllim və qayğıkeş insan kimi yad edir.

Bu gün akademik Zərifə Əliyevanın irsi yalnız tibb sahəsi üçün deyil, bütövlükdə cəmiyyət üçün mühüm əhəmiyyət daşıyır. O, öz həyatı ilə göstərdi ki, əsl peşəkarlıq yalnız bilik və bacarıqla deyil, eyni zamanda mərhəmət, şəfqət və humanizm kimi ali dəyərlərlə tamamlanmalıdır.
Zərifə xanım Əliyeva Azərbaycan qadınının ən uca keyfiyyətlərini özündə birləşdirən, peşəkarlığı insanlıqla vəhdətdə təqdim edən nadir şəxsiyyətlərdən biri kimi yaddaşlarda əbədi yaşayır. Onun həyat yolu gənc nəsil üçün örnək, milli dəyərlərimizin isə canlı təcəssümüdür”.

//Gülnarə Abasova, Editor.az

Избранный
21
editor.az

1Источники