RU

"Bank Respublika"nın depozit portfeli kiçilib

Bu ilin birinci rübündə “Bank Respublika”nın depozit portfeli 1 milyard 154 milyon manat təşkil edib.

APA-Economics” bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% azdır.

Bankın depozit portfelində ən çox azalma şirkətlərin vəsaitlərində baş verib. Belə ki, şirkətlərin bankdakı vəsaitləri ötən ilin I rübü ilə nisbətdə 7,6% azalaraq 550.9 milyon manata düşüb.

Fiziki şəxslərin depozitləri də 2,11% azalaraq 603,3 milyon manata enib.

“Bank Respublika”nın cəmi öhdəlikləri 2 milyard 389 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 17,2% milyon manat çoxdur.

Eyni zamanda bankın kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəlikləri də 55,2% artaraq 1 milyard 109,5 milyon manata yüksəlib.

Cari ilin aprel ayının 1-nə bankın nağd vəsaitlərinin həcmi, eləcə də ticarət və qiymətli investisiya qiymətli kağızlar üzrə aktivlərinin həcmi kəskin azalıb. Belə ki, bankın nağd vəsaitlərinin həcmi ötən ilin eyni dövrünə nisbətən 58,6% azalaraq 217,1 milyon manat, ticarət və qiymətli investisiya qiymətli kağızlar üzrə aktivlərinin həcmi isə 39,1% azalaraq 23 milyon manat təşkil edib.

Cəmi aktivlər isə ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz artaraq 2,6 milyard manat təşkil edib. Cəmi aktivlərin artmasına səbəb olan amillərdən biri bankın kredit portfelinin böyüməsi olub. Dövr ərzində bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 9% artaraq 1,635 milyard manata çatıb. Portfelin 1.1 milyard manatını manatını biznes kreditləri, 382,3 milyon manatını istehlak kreditləri, 165.6 milyon manatını isə ipoteka kreditləri təşkil edib.

Bankın maliyyə hesabatından belə bəlli olur ki, toplamda 2 104 kredit xətti üzrə ödənişlərdə 17 milyon 235 min manat məbləğində gecikmə var. Yeri gəlmişkən, kreditlərin böyük hissəsi Bakının payına düşür. Belə ki, bankın paytaxt üzrə kredit portfelinin həcmi 813 milyon 275 min manat təşkil edir ki, bunun da 7 milyon 927 min manatının vaxtı keçib. Bir sözlə, 2 104 sayda vaxtı keçmiş kreditin 931-i Bakıdadır. Ümumilikdə, bankın vaxtı keçmiş kreditlərinin portfeldə payı 1,05% olub.

Vaxtı keçmiş kreditlərin iqtisadi sektorlar üzrə bölgüsünə gəlincə, gecikmələr əsasən, şəxsi, ailəvi və sair məqsədlər üçün fiziki şəxslərə verilən kreditlərdədir. Bu bölgüdə 6.9 milyon manat məbləğində kreditin vaxtı keçib.

Ötən ilin I rübü ilə müqayisədə "Bank Respublika”nın gəlirləri 15,2% artaraq 86,8 milyon manat, xərcləri isə 12,8% artaraq 64,4 milyon manata yüksəlib. Bank dövr ərzində kredit faizlərindən 70,1 milyon manat gəlir əldə edib. Eyni vaxtda bank müştərilərin depozitləri üzrə faizlərə 12 milyon manat xərc çəkib.

Qeyd edək ki, bank hesabat dövründə 17 milyon 31 min manat xalis mənfəət əldə edib.

Избранный
21
1
apa.az

2Источники