RU

Gimnastika Federasiyasının baş katibi: Düzgün qoyulmuş bünövrə artıq öz bəhrəsini verməkdədir

Bakı, 15 aprel, AZƏRTAC

Portuqaliyanın Portimao şəhərində keçirilən Avropa çempionatında əldə olunan nəticələri ümumilikdə çox müsbət qiymətləndiririk.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Gimnastika Federasiyasının (AGF) baş katibi Nurlana Məmmədzadə batut gimnastikası və tamblinq üzrə Avropa çempionatındakı nəticələri dəyərləndirərkən deyib.

O bildirib, qazanılan nəticələr AGF üçün böyük əhəmiyyət daşıyır və ölkəmizdə batut gimnastikasının son illərdə mərhələli və sistemli şəkildə inkişaf etdiyini açıq şəkildə göstərir: “Bildiyiniz kimi, bu idman növünün inkişafına 2013-cü ildən etibarən başlanılıb və ilk illərdən düzgün qoyulmuş bünövrə artıq öz bəhrəsini verməkdədir. Qısa zaman ərzində əldə olunan nəticələr göstərir ki, seçilmiş inkişaf strategiyası doğru olub.

Həm batut, həm də tamblinq növlərində çıxış edən idmançılarımız sabit və inamlı performans nümayiş etdiriblər. Xüsusilə qeyd etmək lazımdır ki, komanda öz çıxışı ilə seçildi və beynəlxalq arenada rəqabətə tam hazır olduğunu sübut etdi.

“Bu Avropa çempionatı həqiqətən də Azərbaycan gimnastikası tarixində əlamətdar hadisə kimi yadda qaldı. İlk dəfə olaraq batut gimnastikasında həm gənclər, həm də böyüklər arasında komanda hesabında, eləcə də ikili-mini batut üzrə komanda hesabında gənclər kateqoriyasında final mərhələlərinə yüksəlmək böyük nailiyyətdir.

Bu nəticələr idmançılarımızın birlik, əzm və yüksək hazırlıq səviyyəsini nümayiş etdirdi. Onlar çox güclü rəqiblərlə eyni səviyyədə mübarizə apararaq, artıq Avropa səviyyəsində rəqabətədavamlı komanda olduqlarını sübut etdilər. Fərdi nəticələr də xüsusi vurğulanmalıdır. Məsələn, Maqsud Mahsudov Avropa çempionatında böyüklər arasında ilk dəfə çıxış etməsinə baxmayaraq, finalda 6-cı yerdə qərarlaşmağı bacardı. Gənc idmançılarımızın ilk iştiraklarında final mərhələsinə yüksəlməsi isə bu idman növünün gələcəyinin çox perspektivli olduğunu göstərir.

Selcan Mahsudovanın qadın batutçular arasında 4-cü yeri tutması böyük uğur hesab olunur. Onun Olimpiya Oyunlarında iştirak etməsi ölkəmizdə batut gimnastikasının düzgün istiqamətdə inkişaf etdiyini bir daha təsdiqləyir. Ümumilikdə, komandanın demək olar ki, səhvsiz çıxış etməsi, xüsusilə riskli idman növü olan batut gimnastikasında, çox önəmlidir. Bu isə komandamızın artıq formalaşmış və sabit bir səviyyəyə çatdığını göstərir”, - deyə qurum rəsmisi qeyd edib.

N. Məmmədzadə gələcək yarışlar haqqında da danışıb: “Qarşıda bizi bir sıra mühüm beynəlxalq turnirlər gözləyir. Bunlara Dünya Kuboku mərhələləri və 4-8 noyabr tarixlərində keçiriləcək dünya çempionatı daxildir. Komandamız hazırlığını davam etdirir və əsas məqsəd əldə olunmuş sabitliyi qorumaq, nəticələri daha da yaxşılaşdırmaqdır. İdmançılarımızın son çıxışları göstərir ki, onlar artıq stabil komanda kimi formalaşıblar və bu səviyyəni qoruyub saxlamaq əsas prioritetdir. İnanırıq ki, qarşıdakı yarışlarda da idmançılarımız uğurlu çıxışla ölkəmizi layiqincə təmsil edəcəklər”.

Qeyd edək ki, Avropa çempionatında tamblinq üzrə çıxışlar xüsusilə yaddaqalan olub. Komandamız final mərhələsində yüksək nəticə göstərərək 2-ci yeri tutub. Fərdi proqramda isə Tofiq Əliyev 29.300 xalla Avropa çempionatının gümüş medalına layiq görülüb. Bu nəticə onun Avropa çempionatlarında ardıcıl olaraq qazandığı ikinci gümüş medaldır.

Избранный
3
1
azertag.az

2Источники