RU

Xərçəng xəstəsindən əvvəl bəzən onun yaxını ölür VİDEO

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Bakupost.az-ın “Saturasiya” verilişinin növbəti buraxılışının qonağı Türkiyədə çalışan uzman onkoloq, Avropa Onkoloji Kolleci və məktəbinin Türkiyə elçisi Elvina Almuradova olub.

Verilişin müəllifi, uzman doktor Turanə Rəsulova bu dəfə qonağı ilə xərçəngin müalicəsi, bu sahədəki yeniliklər və cəmiyyət üçün həyati əhəmiyyət daşıyan məqamlar ətrafında geniş müzakirə aparıb.

Müzakirə zamanı səsləndirilən ən diqqətçəkən fikirlərdən biri xərçəngə yanaşmanın dəyişməsi ilə bağlı olub. Qonaq bildirib ki, artıq bu xəstəliyə yalnız ölüm hökmü kimi yox, getdikcə daha çox xroniki xəstəlik kimi yanaşılır:

“Biz artıq xərçənglə necə uzun və keyfiyyətli yaşamağı öyrənirik”.

Bu kontekstdə psixoloji amillərin rolu xüsusi vurğulanıb. Qonaq qeyd edib ki, bəzən xəstənin özü yox, onun yaxınları bu yükə dözə bilmir:

“Bəzən xərçəng xəstəsi yaşayır, amma onun yaxını stressdən, həyəcandan dünyasını dəyişir”.

Onun sözlərinə görə, bu, cəmiyyətdə xərçənglə bağlı qorxu və yanlış yanaşmaların hələ də güclü olduğunu göstərir və bu istiqamətdə maarifləndirmə işlərinin genişləndirilməsi vacibdir.

Verilişdə diqqət çəkən digər mühüm məqam isə erkən diaqnostikanın – screening (skrininq) müayinələrinin rolu ilə bağlı olub. Bildirilib ki, bəzi hallarda xəstəlik hələ xərçəngə çevrilmədən aşkarlana bilir və bu, minlərlə insanın həyatını xilas edir.

Qonaq Türkiyə təcrübəsindən konkret nümunə gətirərək qeyd edib ki, bu ölkədə həkimlər yalnız xəstəxanalarla kifayətlənmir, region-region, kənd-kənd gəzərək çox sadə analizlər vasitəsilə risk qrupunda olan insanları müəyyənləşdirirlər:

“Bu üsulla xərçəngə çevrilməzdən əvvəl xəstəlik aşkarlanır və çox sayda insanın həyatı xilas edilir.”

Onun fikrincə, bu yanaşma Azərbaycanda da tətbiq oluna bilər və bu istiqamətdə addımların atılması vacibdir.

Verilişdə həmçinin xərçəngin müalicəsində qidalanma, psixoloji dəstək və həkim-xəstə münasibətlərinin rolu da geniş müzakirə olunub. Qeyd olunub ki, düzgün yanaşma və məlumatlandırma həm xəstənin, həm də onun yaxınlarının bu prosesi daha sağlam şəkildə keçirməsinə imkan yaradır.

Əlavə edək ki, bir müddət əvvəl Elvina Almuradovanın hamiləlik dövründə xərçəng aşkarlanan bir qadını uğurla müalicə etməsi və həmin qadının sağlam övlad dünyaya gətirməsi Türkiyə mediasında geniş müzakirə olunmuşdu.

Bu xəstəlikdən əziyyət çəkənlər, onların yaxınları və ümumilikdə cəmiyyət üçün olduqca vacib mesajların səsləndiyi bu verilişi izləməyi tövsiyə edirik.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
1
www.bakupost.az

2Источники