RU

Ekspertdən radikalizmlə bağlı XƏBƏRDARLIQ - Gənclərimiz onlayn tələdə

Rəsul Mirhəşimli: “Radikal düşüncə artıq rəqəmsal mühitdə formalaşır”

Ağdamda təşkil olunan regional konfransdakı çıxışında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, dini sahədə yaranan boşluqlar bəzən dini dəyərləri təhrif edərək radikal ideologiyaların yayılmasına çalışan qüvvələr üçün münbit zəmin yarada bilər. Komitə sədrinin sözlərinə görə, dini radikalizm bütün dinlərin təməlində dayanan sülh, mərhəmət, qarşılıqlı hörmət və humanizm prinsiplərinə zidd yanaşmaların nəticəsidir:

“Müasir dövrdə dövlət-din münasibətlərinin düzgün və balanslı şəkildə tənzimlənməsi cəmiyyətin sabitliyi, təhlükəsizliyi və davamlı inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir. Bu sahədə yaranan boşluqlar isə bəzən dini dəyərləri təhrif edərək radikal ideologiyaların yayılmasına çalışan qüvvələr üçün münbit zəmin yarada bilər. Bu təhdidləri neytrallaşdırmaq üçün ilk növbədə radikalizmin din pərdəsi altında gizlənən saxta mahiyyətini düzgün təhlil etməliyik. Çünki radikalizm heç bir halda dinin mahiyyətini əks etdirmir. Əksinə, o, bütün dinlərin təməlində dayanan sülh, mərhəmət, qarşılıqlı hörmət və humanizm prinsiplərinə zidd yanaşmaların nəticəsidir. Məhz buna görə də radikalizmə qarşı mübarizə yalnız təhlükəsizlik tədbirləri ilə məhdudlaşmamalı, ideoloji, maarifləndirici və sosial müstəvilərdə kompleks və sistemli yanaşmanı əhatə etməlidir. Cəmiyyətin düzgün məlumatlandırılması, sağlam dini düşüncənin təşviqi bu mübarizənin əsas sütunlarını təşkil edir”.(report)


Picture

Araşdırmaçı jurnalist Rəsul Mirhəşimli Musavat.com-a açıqlamasında bildirib ki, cəmiyyətdə radikal ideologiyaların yayılması problemi, təkcə dini sahə ilə məhdudlaşmır. R.Mirhəşimli vurğulayıb ki, bu, sosial, iqtisadi, informasiya və mədəni mühitin kəsişməsində formalaşan mürəkkəb bir prosesdir:

“Burada söhbət, təkcə dini savadsızlıqdan yox, bütövlükdə cəmiyyətin müxtəlif qatlarında mövcud olan zəifliklərdən gedir. Əslində “boşluq” anlayışı çoxşaxəlidir. Bu boşluqların bir hissəsi maarifləndirmə ilə bağlıdır. İnsanların dini bilikləri çox vaxt sistemli təhsil və etibarlı mənbələr üzərindən deyil, sosial şəbəkələr və qeyri-rəsmi kanallar vasitəsilə formalaşır. Belə mühitdə isə dini mətnlərin selektiv, kontekstdən çıxarılmış və ya məqsədli şəkildə təhrif olunmuş şərhləri daha asan yayılır. Bu isə fərdlərin dini həqiqətləri bütöv şəkildə deyil, parçalanmış və emosional təsirli formada qavramasına səbəb olur. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rolu xüsusi önəm daşıyır. Belə qurum dini maarifləndirmənin sistemləşdirilməsi, cəmiyyətlə düzgün kommunikasiya qurulması və dini biliklərin etibarlı mənbələrdən ötürülməsi baxımından əsas institusional dayaqlardan biridir. Lakin bu fəaliyyət, təkcə dövlət strukturlarının üzərinə düşən məsuliyyət deyil. Burada təhsil sistemi, media və vətəndaş cəmiyyəti də paralel şəkildə iştirak etməlidir”.

R.Mirhəşimlinin fikrincə, radikal ideologiyalara qarşı mübarizə yalnız təhlükəsizlik və hüquq-mühafizə tədbirləri ilə məhdudlaşdırıla bilməz:

“Bu, daha çox qabaqlayıcı yanaşma tələb edən bir prosesdir. Əsas məqsəd radikal düşüncənin yayılmasını sonradan dayandırmaq deyil, onun formalaşma səbəblərini əvvəlcədən aradan qaldırmaqdır. Bunun üçün təhsil sistemində tənqidi düşüncə bacarıqlarının gücləndirilməsi, dini biliklərin elmi və balanslı şəkildə təqdim olunması və gənclərin sosial inteqrasiyasının təmin edilməsi mühüm rol oynayır. Digər tərəfdən, yalnız sərt hüquqi tədbirlər də problemin köklərini həll etmir. Hüquqi mexanizmlər zəruri olsa da, onlar əsasən səbəblərə deyil, nəticəyə müdaxilə edir. Eyni zamanda, radikal təsirə məruz qalmış şəxslərin cəmiyyətə yenidən inteqrasiyası da xüsusi əhəmiyyət daşıyır. Bu prosesin digər vacib tərəfi isə informasiya təhlükəsizliyidir. Rəqəmsal mühitdə düzgün dini kontentin artırılması və manipulyativ məzmunun təsirinin azaldılması strateji əhəmiyyət daşıyır. Çünki müasir dövrdə ideoloji təsir ən çox məhz onlayn platformalar üzərindən həyata keçirilir”.

R.Mirhəşimli həmçinin, diqqətə çatdırıb ki, cəmiyyətdə İslamofobiya meyllərinin artması da ayrıca risk faktoru kimi qiymətləndirilməlidir:

“İslamofob yanaşmalar müsəlman icmalarında təcrid olunma hissini gücləndirə, sosial etimadı zəiflədə və “biz və onlar” qütbləşməsini dərinləşdirə bilər. Bu isə radikal ideologiyaların öz zərərli və təhlükəli düşüncələrini əsaslandırmaq üçün istifadə etdiyi psixoloji zəmini gücləndirir. Beləliklə, həm radikalizm, həm də İslamofobiya bir-birini dolayı şəkildə qidalandıran sosial gərginlik mühitini yarada bilər. Nəticə etibarilə, radikal ideologiyaların qarşısının alınması tək bir sahənin deyil, bütöv bir sosial sistemin koordinasiyalı fəaliyyətini tələb edir. Təhsil, dini maarifləndirmə və informasiya təhlükəsizliyi birlikdə işləmədikcə, boşluqların tamamilə aradan qaldırılması mümkün deyil. Ən önəmlisi isə cəmiyyət daxilində etimadın və məlumatlılığın gücləndirilməsidir. Bu amillər zəiflədikdə hər hansı ideoloji boşluq asanlıqla təhlükəli fəaliyyətlərlə doldurula bilər”.

Nigar Həsənli,
Musavat.com

Избранный
3
1
musavat.com

2Источники