RU

"Yaşıllıqların qorunması üçün kompleks yanaşma vacibdir" - Fatimə Hacıbəyli

Son günlər sosial şəbəkələrdə Bakı bulvarında əkilmiş tülpanların əzilməsi ilə bağlı görüntülər geniş müzakirələrə səbəb olub. Paylaşılan fotolarda və videolarda vətəndaşların güllüklərə daxil olaraq şəkil çəkdirdiyi, nəticədə isə güllərin ciddi şəkildə zərər gördüyü aydın görünür.

Mövzu ilə bağlı "Vəfa sosial problemlərin həllinə dəstək ictimai birliyi" nin rəhbəri Fatimə Hacıbəyli QHT.az-a açıqlama verib.

O bildirib ki, ictimai məkanlardakı yaşıllıqlara və dekorativ güllərə qarşı bəzi insanların məsuliyyətsiz davranışlarının şəhər mədəniyyətinə və ictimai dəyərlərə mənfi təsir edir: "Son günlər ictimai məkanlarda yaşıllıqlara, xüsusilə dekorativ güllərə qarşı laqeyd və məsuliyyətsiz davranışlar cəmiyyətdə geniş müzakirə olunur. Paylaşılan görüntülər bir daha göstərir ki, bəzi vətəndaşlar estetik görüntü əldə etmək naminə ümumi sərvətə zərər vurmaqdan çəkinmirlər. Bu isə yalnız bir neçə gülün məhv edilməsi deyil, bütövlükdə şəhər mədəniyyətinə və ictimai dəyərlərə münasibətin göstəricisidir".

Müsahibimiz ictimai yerlərdə yaşıllıqların qorunması üçün nəzərdə tutulan cərimə və hüquqi tədbirlərin, onların effektiv tətbiqi və nəzarət olmadan təkbaşına problemi həll etməyə kifayət etmədiyini deyib: "İctimai yerlərdə yaşıllıqların qorunması ilə bağlı qanunvericilikdə müəyyən cərimələr və inzibati tədbirlər nəzərdə tutulsa da, onların effektivliyi əsasən tətbiq mexanizmlərindən asılıdır. Nəzarətin zəif olduğu və ya cəzanın qaçılmaz olmadığı mühitdə hüquqi tədbirlər çox zaman gözlənilən nəticəni vermir. Bu səbəbdən yalnız cərimələrə arxalanmaq problemin köklü həlli üçün yetərli deyil".

Fatimə Hacıbəyli ictimai mülkiyyətin qorunması üçün ekoloji maarifləndirmə, sosial məsuliyyətin artırılması və ictimai nəzarətin davranışların dəyişdirilməsində vacib amil olduğunu vurğulayıb: "Daha davamlı və təsirli yanaşma isə ekoloji maarifləndirmə və ictimai məsuliyyətin artırılmasıdır. İnsanlara ictimai mülkiyyətin qorunmasının vacibliyi aşılanmadıqca, belə hallar təkrarlanmağa davam edəcək. Bu proses ailədən, məktəbdən başlayaraq media və sosial platformalar vasitəsilə geniş şəkildə dəstəklənməlidir. Eyni zamanda, ictimai nəzarət və sosial qınaq da davranışların tənzimlənməsində mühüm rol oynayır".

O ictimai məkanların qorunmasında fərdi məsuliyyətin zəif olduğunu bildirib: "Mövcud vəziyyət göstərir ki, problem təkcə məlumat azlığından qaynaqlanmır. Əsas məsələ fərdi məsuliyyət hissinin zəifliyi və “ictimai olan heç kimə aid deyil” kimi yanlış düşüncə tərzidir. Halbuki ictimai məkanlar hər bir vətəndaşın ortaq sərvətidir və onların qorunması hər kəsin borcudur".

F.Hacıbəyli sonda qeyd edib ki, yaşıllıqların qorunması üçün hüquqi nəzarət, maarifləndirmə və vətəndaş məsuliyyəti vacib amildir və bu sahədə kompleks və real tədbirlər görülməzsə, ekoloji problemlər davam edəcək: "Nəticə etibarilə, yaşıllıqların qorunması üçün kompleks yanaşma vacibdir: güclü nəzarət mexanizmləri, effektiv hüquqi tədbirlər, davamlı maarifləndirmə və ən əsası, vətəndaş məsuliyyətinin formalaşdırılması. Bu istiqamətdə real addımlar atılmadıqca, bu cür hallar təkrarlanmaqda davam edəcək".

Fatimə Nəbiyeva

Избранный
20
qht.az

1Источники