RU

Aİ-dən uşaqları qorumağa yönəlmiş rəqəmsal yaş təsdiqləmə tətbiqi

Aİ-dən uşaqları qorumağa yönəlmiş rəqəmsal yaş təsdiqləmə tətbiqi

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen uşaqların onlayn təhlükəsizliyini artırmağı hədəfləyən yeni rəqəmsal yaş təsdiqləmə tətbiqinin texniki cəhətdən hazır olduğunu və yaxın vaxtlarda istifadəyə veriləcəyini açıqlayıb.

AFN.az xəbər verir ki, rəqəmsal texnologiyaların uşaqlar üçün yaratdığı risklərdən danışan fon der Lyayen mövcud vəziyyətin son dərəcə narahatedici olduğunu, hər 6 uşaqdan birinin onlayn zorakılığa məruz qaldığını bildirib.

O, sosial media platformalarının asılılıq yaradan dizaynlarını və sonsuz sürüşdürmə funksiyasını tənqid edərək, yeni tətbiqin mağazalarda alkoqollu içki alarkən aparılan yaş yoxlamasına bənzər bir funksiya daşıyacağını qeyd edib. Komissiya sədri tətbiqin istifadəçi dostu olduğunu, pasport və ya şəxsiyyət vəsiqəsi ilə quraşdırıldığını və ən yüksək məxfilik standartlarına cavab verdiyini vurğulayıb.

Onun sözlərinə görə, istifadəçilər yaşlarını sübut edərkən digər şəxsi məlumatlarını paylaşmaq məcburiyyətində qalmayacaqlar, bu isə tam anonimliyi təmin edəcək və izlənmənin qarşısını alacaq. Tətbiqin açıq qaynaqlı kodlarla hazırlandığını və bütün cihazlarda işləyəcəyini deyən fon der Lyayen platformaların artıq bu sistemdən yayınmaq üçün heç bir bəhanəsinin qalmadığını deyib.

Fransa, Danimarka, Yunanıstan, İtaliya, İspaniya, Cənubi Kipr və İrlandiyanın bu məsələdə qabaqcıl ölkələr kimi tətbiqi öz milli rəqəmsal pulqabılarına inteqrasiya etməyi planlaşdırdığı, digər dövlətlərin və özəl sektorun da tezliklə bu prosesə qoşulacağı gözlənilir. Komissiya sədri bu tətbiqin valideynlər və müəllimlər üçün uşaqları qorumaqda güclü bir vasitə olacağını əlavə edib.

Избранный
36
afn.az

1Источники