Bakı, 15 aprel, AZƏRTAC
Loqopedlərə valideynlər hər yaş aralığında nitq qüsuru olan uşaqları ilə müraciət edə bilərlər. Əgər autizm erkən yaşlarda aşkar edilibsə, bu zaman psixo-pedaqoji, sensor terapiya, müalicəvi idman, özünəxidmət bacarıqları və digər məşğələlərin həyata keçirilməsi məqsədəuyğundur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin Respublika Psixi Sağlamlıq Mərkəzinin loqopedi Aygün Ələkbərova səsləndirib.
O bildirib ki, loqopedik konsultasiyalar hər yaş aralığında aparıla bilər. “Valideynlərin narahatlığı başadüşüləndir. Çünki bu cür uşaqlarda gözəgörünən simptomlardan biri nitqin olmaması və ya nitqin kobud pozulmasıdır. Loqopedik məşğələlər üçün isə ən düzgün yaş dövrü 3-6 yaş aralığıdır. 3 yaşa kimi uşaq hələ məqsədyönlü məşğələlərə hazır deyil. Autizm sindromlu uşaqlarla loqopedik iş əsasən kommunikativ bacarıqların inkişafı, korreksion iş isə fərdi yanaşma prinsipi üzərindən aparılır. Loqoped monoton, şablon metodlardan istifadə etməməli, yararlandığı metodlar konkret uşağa uyğun olmalı və onun maraqları nəzərə alınmalıdır. Unutmamalıyıq ki, autizm sindromlu uşaqların potensial imkanları çox önəmlidir”,- deyə loqoped vurğulayıb.