Ukraynanın İrpen şəhərində Azərbaycanın görkəmli elm xadimi, oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatının 41-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.
"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, SOCAR-ın Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov, səfirliyin əməkdaşları, İrpen şəhər meriyasının rəsmiləri və deputatlar akademikin abidəsini ziyarət ediblər.
Zərifə Əliyeva adına humanitar "Linqvist" liseyinin kollektivi əvvəlcə akademik Zərifə Əliyevanın İrpen şəhərindəki büstü önünə tər çiçəklər düzüb, əziz xatirəsinə ehtiram ifadə ediblər.
Daha sonra tədbir iştirakçıları akademikin liseydə yerləşən muzeyində olublar.
Səfir Seymur Mərdəliyev bildirib ki, akademik Zərifə Əliyevanın elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan elminin parlaq səhifələrini təşkil edir:
"Zərifə Əliyeva insanlara hər zaman kömək edən insan olub. O, dünyada tanınmış oftalmoloq olub. İrpendə hər zaman olduğu kimi, bu gün də görkəmli oftalmoloq alimin xatirəsi böyük hörmətlə anılır".
Liseydə Azərbaycan dilində təhsil alan şagirdlər tədbir iştirakçılarını Azərbaycan və Ukrayna dillərində salamlayıblar.