RU

100 manatlıqlar dəyişir, köhnə əskinasların aqibəti necə olacaq? - AÇIQLAMA

“Hər hansı əskinasın dizayn yaxud formasının dəyişdirilməsi maliyyə və iqtisadi dəyişikliyə səbəb olmayacaq. Bu texniki məsələdir. Əskinasların yenilənməsi mərhələli formada baş verəcək”.

Bunu “Yeni Sabah”a açıqlamasında iqtisadçı Xalid Kərimli deyib.

Onun sözlərinə görə, yeni və köhnə 100 manatlıqlar paralel şəkildə, dövriyyədə olacaq: “Pul adi qaydada dövr edəcək. Banklar isə köhnələr yığıldıqca, Mərkəzi Banka təhvil verəcək”.

Ekspert manatın məzənnəsi məsələsinə də toxunub:

“Cari ilin sonuna qədər manat-dollar məzənnəsinin sabit olacağı gözlənilir. Hökumətin bu mövzuda məcburiyyət qarşısında qaldığı hər hansı hal yoxdur. Manatın məzənnəsi hazırda komfort zonadadır. Mərkəzi Bankın faiz dərəcəsi ilə bağlı ötən qərarında da bildirildi ki, dollar depozitlərinin ümumi depozitdəki çəkisi azalır. Əhali yanvar-fevral ayını dollar almayıb, əksinə dollar satıb. Mərkəzi Bankın dollar rezervlərində artım var. İndiki halda hökumət məcbur deyil ki, məzənnəni dəyişsin. Hökumətin son 20 ildəki davranışlarından belə qənaətə gəlirik ki, məcbur olmadıqca, məzənnəni dəyişmir. Yəni ilin sonunadək manatın məzənnəsində hər hansı dəyişiklik gözlənilmir”.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı (AMB) yenilənmiş dizayna və ən son mühafizə elementlərinə malik 100 manatlıq pul nişanını 15 iyul 2026-cı il tarixdən tədavülə buraxacaq. 

Yenilənmiş 100 manatlıq pul nişanında ən son mühafizə elementləri olaraq üçölçülü mikrogüzgü effektində rəngi dəyişən holoqram, möcüzəvi “Spark Flow Prime” elementi (dinamik işıq effekti saçan, rəngi dəyişən Manat simvolu), su nişanı (pul nişanını işığa tutduqda Azərbaycan Respublikasının Dövlət Gerbi və nominalın rəqəmi), görmə qüsuru olanlar üçün tanıma elementi (pul nişanının ön tərəfində sağ və sol kənarlarda görmə qüsuru olanlar üçün xüsusi qabarıq xətlər yerləşir ki, bu xətlərə toxunmaqla pul nişanının həqiqiliyini və nominalını müəyyən etmək mümkündür), şaquli dizayn (banknot istehsalı sahəsində dünyada ən müasir trendə uyğun olaraq pul nişanının arxa tərəfi şaquli olaraq dizayn edilmişdir), mühafizə sapı, mürəkkəbsiz çap, mikromətnlər və s. tətbiq olunub.

 Yenilənmiş 100 manatın üzərində Mərkəzi Bankının sədri Taleh Tahir oğlu Kazımovun imzası əks olunub və imza ön tərəfdə sol yuxarı küncdə yerləşir.

Hazırda ölkə ərazisində istifadə edilən bütün nağd pul sistem və avadanlıqlarının yenilənmiş 100 manatlıq pul nişanına uyğunlaşdırılması (adaptasiyası) proseslərinə başlanılıb.

Yenilənmiş 100 manatlıq kağız pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanı ilə paralel olaraq dövriyyədə olacaq və tədavül vasitəsi kimi məhdudiyyətsiz istifadə ediləcək.

Ön və arxa tərəflərinin təsvirləri əlavə olunur.

 Nazim Hacıyev


Telegram kanalımız
Избранный
15
1
yenisabah.az

10Источники