RU

Bakı beynəlxalq filateliya görüşünə ev sahibliyi edir - FOTO

AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC-nin təşkilatçılığı ilə 15-16 aprel tarixlərində Bakı şəhərində beynəlxalq filateliya üzrə işçi qrupunun görüşü keçirilib.

Milli.Az xəbər verir ki, tədbir "PostEurop" ilə əməkdaşlıq çərçivəsində təşkil olunub və müxtəlif Avropa ölkələrinin poçt operatorlarının nümayəndələrini, eləcə də Ümumdünya Poçt İttifaqı (ÜPİ) və Ümumdünya Filateliyanın İnkişafı Assosiasiyasının (WADP) təmsilçilərini bir araya gətirib.

İki gün davam edən görüş zamanı filateliyanın inkişaf istiqamətləri, beynəlxalq əməkdaşlıq imkanları və poçt markalarının müasir rolu müzakirə olunub.
Görüş çərçivəsində Avropa markalarının 70 illiyinə həsr olunmuş xüsusi proqram təqdim edilib. Tədbirin əsas məqamlarından biri Avropa markalarının yubileyi münasibətilə hazırlanmış "EUROPA" markasının möhürlənmə mərasimi və bugünə qədər "EUROPA" loqosu altında buraxılan digər markaların nümayişi olub. Bununla yanaşı, poçt kartlarının qarşılıqlı göndərilməsini nəzərdə tutan "Postcrossing" istiqamətinin Azərbaycanda inkişafı məqsədilə postkrosserlərlə görüş keçirilib və onların maraqlarını əks etdirən poçt kartları təqdim olunub.

Bundan başqa, 2026-cı il üçün Avropa markalarının 70 illiyinə həsr olunmuş dizayn müsabiqəsinin qalibi - Finlandiyanın "Posti Ltd" poçt operatorunun təqdim etdiyi dizayn əsasında hazırlanan marka da təqdim olunub.

Qeyd edək ki, 1956-cı ildə əsası qoyulan bu təşəbbüs bu gün 50-dən çox poçt operatorunu birləşdirərək Avropa ölkələri arasında əməkdaşlıq və ortaq dəyərlərin simvoluna çevrilib.

Ümumdünya Filateliyanın İnkişafı Assosiasiyasının sədri və eyni zamanda "PostEurop" təşkilatının Markalar və Filateliya üzrə İşçi Qrupunun sədr müavini Sitarə Hüseynova qeyd edib ki, bu cür beynəlxalq platformalar filateliyanın inkişafına yeni yanaşmalar gətirməklə yanaşı, poçt operatorları arasında əməkdaşlığın güclənməsinə mühüm töhfə verir:
"Beynəlxalq təşkilatların işçi görüşlərinin Bakıda keçirilməsi filateliyanın yalnız ənənəvi sahə olmadığını, eyni zamanda mədəniyyət, yaradıcılıq və beynəlxalq əməkdaşlıq platforması kimi inkişaf etdiyini göstərir. Bu kimi təşəbbüslər poçt markalarının yeni nəsillər üçün daha cəlbedici və aktual qalmasına xidmət edir."

"PostEurop" təşkilatında Əməliyyatlar üzrə menecer Maira Lodi isə çıxışında bildirib ki, Avropa markalarının yubileyi poçt operatorları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün mühüm əhəmiyyət daşıyır və bu kimi təşəbbüslər gələcəkdə də davam etdiriləcək.

"Azərpoçt" MMC bu kimi beynəlxalq təşəbbüslərdə fəal iştirak etməklə ölkəmizin poçt sektorunun inkişafına və qlobal poçt icması ilə əlaqələrin möhkəmləndirilməsinə töhfə verir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Избранный
3
3
milli.az

4Источники