RU

Xalq artisti Firəngiz Mütəllimova: “Telman Adıgözəlovun saçı qəfildən ağarmışdı...

ain.az bildirir, Bizimyol saytına əsaslanaraq.

Bu gün Azərbaycanın unudulmaz teatr və kino aktyoru Telman Adıgözəlovun vəfat günüdür. O, öz unudulmaz rolları ilə tamaşaçıların sevgisini qazanmışdı. Onun yaratdığı obrazlar Azərbaycan mədəniyyətində dərin iz buraxıb. Telman Adıgözəlov bu gün ehtiramla anılır.

Firəngiz Mütəllimova

Telman Adıgözəlovla bağlı xatirələrini bizimlə bölüşən xalq artisti Firəngiz Mütəllimova Bizimyol.info xəbər portalına bildirib ki, onlar - o dövrün aktyorları və aktrisaları səhnəyə çıxanda da, səhnədən gedəndə də yalnız alqışlarla qarşılanıblar. O deyib ki, Telman Adıgözəlov da tamaşaçıların sevimlisi olub.

Aktrisa deyir: “Telman Adıgözəlovla ilk tanışlığım hələ universitetin 3-cü kursunda oxuyarkən “Gənclik estradası” verilişində olub. O vaxt veriliş teleteatrda çəkilirdi, rejissoru Nazim Zeynalov idi. Məni institutda görüb, aparıcılığımı bəyənib dəvət etmişdi. Mən də gəldim və gördüm ki, tərəf müqabilim Telman Adıgözəlovdur. Çox sevindim, çünki artıq biz Telmanı televiziya verilişlərindən və tamaşalardan tanıyırdıq. Sonra mən bundan çox xoşbəxt oldum ki, teatrda Sabit Rəhmanın “Əliqulu evlənir” tamaşasından sonra İlyas Əfəndiyevin “Natəvan” tamaşasında "Bəyim" rolu mənə tapşırıldı. Tərəf müqabilim yenə də "Daşdəmir" rolunda Telman Adıgözəlov oldu. Bizim çox gözəl b/duetimiz alınırdı. İnanın, səhnəyə çıxanda da, səhnədən gedəndə də yalnız alqışlarla qarşılanırdıq, alqışlarla da yola salınırdıq.

Ondan sonra biz Telmanla çoxlu televiziya tamaşalarında və verilişlərdə birgə iştirak etdik. O vaxt belə verilişlər çox populyar idi. Yeni il şənliklərində, Novruz bayramı ilə bağlı bir çox proqramlarda birlikdə çıxış etmişik. Sonralar Azərbaycan Televiziyasının “Kinoklub” verilişində də illərlə bir yerdə iştirak eləmişik”.

Firəngiz Mütəllimova deyib ki, Telman Adıgözəlov təəssüb çəkən bir insan idi: “Telman mənə çox əziz, doğma və ən sevdiyim tərəf-müqabillərimdən biri olub. Bundan əlavə, bu sənətdə olan bir kişi kimi çox qeyrətli, namuslu, bizim təəssübümüzü çəkən bir insan idi. Bir yerə gedəndə bütün diqqəti bizdə olurdu, qastrolda daim bizim yanımızda idi və heç kim bizə onun yanında artıq-əskik söz deyə bilməzdi. Telman Adıgözəlov sənətini həddindən artıq sevən insan idi. Eyni zamanda tez əsəbiləşən idi. İndi xatırlayıram ki, əsəbiləşəndə həmişə əli ürəyinə gedirdi. Amma buna baxmayaraq, onun o qədər gözəl zarafatları və xoş anları vardı ki, bu xüsusiyyəti sanki ört-basdır olunurdu. Yəni bir az əsəbi idi, hər şeyə reaksiya verirdi, haqsızlığa dözə bilmirdi.

Telman Adıgözəlov, Yaşar Nuri, Siyavuş Aslan və başqa sənətkarlar mənim çox tərəf-müqabillərim olublar. Onlar mənim üçün hələ də yaşayırlar.

Telman rəhmətə getməzdən təxminən 10 saat əvvəl mən onunla danışmışdım. Dedi: “Rayona gedirəm, qayıdanda görüşərik”.

Xalqın ona olan məhəbbəti və sevgisi çox böyükdür. O dəfn olunduğu gün də hər kəsə bir daha aydın oldu ki, Telman nə qədər sevilən bir sənətkardır. Dəfn mərasimində iynə atsan, yerə düşməzdi; hamı onunla vidalaşmağa gəlmişdi".

Firəngiz Mütəllimova həmçinin deyib: "Mənim ürəyimdə, qəlbimdə və xatirəmdə o, çox qeyrətli, namuslu bir sənətkar, eyni zamanda çox gözəl ata kimi qalıb. Telman övladlarının qayğısını çox çəkirdi. Hətta bir dəfə saçlarının birdən-birə ağardığını görüb ondan soruşdum: “Sənə nə oldu ki, saçların birdən ağarıb?” Dedi: “Axşam qızımın halı pisləşmişdi, bir hadisə olmuşdu, necə qoxrmuşdumsa, səhər gördüm saçlarım ağarıb.” Yəni çox gözəl ata, ailə başçısı və sadiq dost idi. Doğrudur ki, hər kəsin ürəyində bir dərdi olur, amma Telmanı görəndə hamının üzü gülürdü. Mən onun ailəsinə, balalarına Allahdan can sağlığı arzulayıram. Allah Telmana rəhmət eləsin, qəbri nurla dolsun, məkanı cənnət olsun. Onu həmişə xoş xatirələrlə yad edək. Telman mənim üçün bu gün də yaşayır və bu həyatdadır”.

Xatırladaq ki, bu gün xalq artisti Telman Adıgözəlovun anım günüdür. Sənətkara Allahdan rəhmət diləyirik. Məkanı cənnət olsun!

Günel Həsənova,

Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
30
icma.az

1Источники