RU

Türkiyədə 9 nəfəri öldürən şagirdin atasının ifadəsi açıqlanıb

BAKI,TurkicWorld, Orxan Qədirzadə

Türkiyənin Kahramanmaraş vilayətində məktəbdə baş verən silahlı hücum ölkədə dərin sarsıntı yaradıb.

TurkicWorld xəbər verir ki, hadisə Onikişubat rayonunun Haydarbey məhəlləsində yerləşən Ayser Çalık Ortaokulu məktəbində qeydə alınıb.

Məlumata görə, 8-ci sinif şagirdi İsa Aras Mersinli tərəfindən törədilən hücum nəticəsində 9 nəfər həyatını itirib.

Hadisədən sonra saxlanılan və daha sonra həbs edilən şübhəlinin atası, polis rəisi Uğur Mersinlinin ifadəsi ictimaiyyətə açıqlanıb.

İfadəsində ata oğlunun psixoloji problemlərinin olduğunu qeyd edərək bildirib ki, onu əvvəlcə polis strukturlarında çalışan psixoloqlara aparıb. Onların isə hər hansı ciddi problem görmədiklərini və uşağın “çox ağıllı” olduğunu dediklərini qeyd edib.

Bununla yanaşı, o, son iki ay ərzində oğlunu xüsusi psixoloqa apardığını, həmin mütəxəssisin isə uşağın sosial uyğunlaşma baxımından çətinlik yaşaya biləcəyini və gələcəkdə psixiatrik müalicəyə ehtiyac yarana biləcəyini bildirdiyini vurğulayıb.

Ata ifadəsində oğlunun silahlara marağının olduğunu da etiraf edib. Onun sözlərinə görə, bu marağı gördükdən sonra övladını atış poliqonuna apararaq silahdan istifadə etməyə icazə verib və silahın qaydalar çərçivəsində istifadə edilməli olduğunu izah edib.

O, həmçinin oğlunun bir müddət əvvəl evdə silahı götürməyə cəhd etdiyini gördüyünü və buna görə onu danladığını bildirib. Ata qeyd edib ki, övladının marağını azaltmaq məqsədilə gələcəkdə silah sahibi ola biləcəyi ilə bağlı ifadələr işlədib.

İfadədə əlavə olunub ki, hadisədən əvvəl şagirdin silahla atəş açmaq istəyi barədə danışığı olub və bu mövzu son günlərdə də gündəmə gəlib.

Bundan başqa, ata oğlunun onlayn oyunlara maraqlı olduğunu, lakin otağa daxil olduqda kompüteri bağladığını və valideynlərə nəsə göstərmək istəmədiyini qeyd edib. Onun sözlərinə görə, bu səbəbdən ailə indiyədək hər hansı ciddi təhlükəli davranış müşahidə etməyib.

Faktla bağlı araşdırmalar davam edir.

Избранный
65
turkic.world

1Источники